Azəri
Wednesday 20th of March 2019
  518
  0
  0

İRAQLILARIN MƏKTUB YAZMASI

İRAQLILARIN MƏKTUB YAZMASI

Nəhayət imam Hüseyn (ə)-a məktublar göndərildi. Məktub yazanlar islam ayinlərinin və şəriət hökmlərinin dəyişdirilməsinə təəssüf hissi keçirdiklərini qeyd etməklə yanaşı yazırdılar ki, biz Yezidi xəlifə saymırıq, yalnız səni imam olaraq qəbul edirik və Yezid tərəfindən Kufəyə hakim tə’yin olunmuş Nö’man ibni Bəşiri rəsmi olaraq hakim qəbul etmir və onun arxasında namaz qılmırıq. Kufədə əli qılınc tuta bilən 100000 min kişi sənə kömək etməyə hazırdır. Əgər onların də’vətini qəbul etməyib dini himayə etmək üçün ayağa qalxmasan Allah yanında cavabdeh olacaqsan.

Sonra yenidən məktublar göndərildi. Belə ki, ibni Əsir onların sayını 150-yə yaxın olduğunu yazmışdır. Lakin bə’ziləri məktubların sayını minə qədər qaldırmış, hətta bu rəqəmi həddindən artıq artırıb on iki minə çatdıranlar da vardır. Məktubların sayı lazımi həddi aşdıqdan sonra imam Hüseyn (ə) Kufə camaatını intizarda qoymamaq üçün onlara cavab verilməsini lazım və gərəkli hesab etdi. O, kiçik bir məktubda belə yazdı: E’tibar etdiyim əmim oğlu Müslimi sizin yanınıza göndərirəm ki, yaxından şəhərin vəziyyəti ilə maraqlanıb mənə mə’lumat versin, yazdıqlarınız doğru olsa sizin yanınıza gələcəyəm. Başqa bir tərəfdən bəni Üməyyə tərəfdarları, öz mənfəətlərini Dəməşqlə yanaşı olmaqda görənlər, həmçinin ağır günləri nəzərdən qaçırmayan kəslər Şama məktub yazıb göndərdilər. Yezidə yazırdılar ki, Kufəni, ümumiyyətlə İraqı əldən vermək istəmirsənsə oraya layiqli bir hakim göndərməlisən, çünki Nö’man ibni Bəşir bacarıqsız adamdır və ya özünü bilərəkdən belə aparır. Yezid rumlu müşaviri Sərcunla məşvərət edərək Bəsrənin hakimi olmuş Ziyadın oğlu Ubeydullahı Kufəyə hakim tə’yin etdi. Digər tərəfdən isə Müslim imamın məktubu ilə birgə Kufəyə getmişdi. Şəhər camaatı onu böyük təmtəraq, həyacan və istiqanlıqla qarşıladılar. O, özü pak əqidəli müsəlman olduğundan belə şövqlə ona bey’ət edən xalqın sonradan asanlıqla ondan ayrılıb ətrafını boş qoyacaqlarını belə, güman etmirdi. Camaatın bu istiqbalını gördükdə Hüseyn (ə)-a bir məktub yazdı: İraq və Kufə camaatı sənin tərəfdarındır və sənin gəlişini gözləyirlər, tezliklə İraqa gəlməyin məsləhətdir.

HÜSEYN (Ə)-IN İRAQA TƏRƏF YOLLANMASI

Müslimin məktubu imam Hüseyn (ə)-a çatdıqdan sonra öz ailəsi, övladları və bir dəstə dostları ilə birgə İraqa tərəf yollandı. Digər tərəfdən isə Ubeydullah Yeziddən göstəriş aldıqdan sonra Kufəyə yollandı. Ubeydullah İraq camaatını, xüsusilə də Kufə əhalisini lap yaxşı tanıyırdı. Atası uzun illər boyu bu şəhərdə hakim olmuş və o, da atasının əli altında böyümüşdü. O, Kufə camaatı ilə necə rəftar edəcəyini çox gözəl bilirdi. Şəhərə yetişdiyi ilk gündən qorxu və rüşvət gücünə əhalini, bacarıqlı şəxsləri ələ aldı və onların vasitəsilə başqalarını susduraraq öz yerlərində oturtdu. Casus tə’yin etmək vasitəsi ilə Müslimin gizlənmiş olduğu yeri öyrəndi. Əvvəlcə Müslimə sığınacaq vermiş Hani ibni Urvəni zindana saldı. Müslim öz tərəfdarları ilə birgə müharibəyə qalxdı. Ancaq bu dəstə (onların sayının 100000 olduğunu qeyd edirlər) müharibə hələ qızışmamış, şücaət nümayiş etdirmədən və heç bir tələfata mə’ruz qalmadan bir gün ərzində Müslimin ətrafından dağıldılar, beləki, o, axşam namazını qıldıqdan sonra ətrafında bir nəfərin belə olmadığını müşahidə etdi. Nəhayət Müslimin gizləndiyi yeri hakimə mə’lumat verdilər. Müslim yaxalandıqdan sonra Ubeydullahın göstərişi ilə Hani ilə birgə öldürülərək başsız bədənlərini Kufə bazarlarında yerlə sürüdülər. Kufənin başçıları evlərinə elə soxulmuşdular ki, guya heç bir hadisədən xəbərləri yox idi.

Hüseyn (ə) yolda olarkən Müslimlə Haninin ölüm xəbərini, həmçinin Kufə camaatının öz əhdlərinə vəfasız olduqlarını eşitdi, bu xəbəri onu müşayiət edən yoldaşlarına da yetirdi. Və onları yolu davam etdirməkdə və ya ondan ayrılmaqda azad buraxdı. Bir dəstə adamın geri dönməsinə baxmayaraq yaxın qohum-əqrəbası ilə bir neçə müxlis və imanlı yoldaş və sirdaşları onunla qalmışdılar. İmam Kufəyə yaxınlaşan zaman Ubeydullahın keşikçi qoşunu ilə üzləşdi. Bəni Riyah qövmindən olan qoşun başçısı Ziyadın oğlu Hürr İmamın yolunu kəsərək nəhayət onları Kərbəla adlı ərazidə dayandırdı. Kufənin hakimi İmamın Kufəyə yaxınlaşmaq xəbərini aldıqdan sonra Sə’d ibni Əbi Vəqqasın oğlu Ömərin başçılığı ilə daha bir qoşun onun üzərinə göndərdi. Ubeydulah Hüseyn (ə)-dan Yezidə bey’ət etməsini istəyirdi, lakin İmam qəbul etməyib döyüşə hazırlaşdı.

KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏ’SİRLƏRİ

Hicri tarixinin 61-ci ili Məhərrəm ayının 10-u bir neçə saat müddətində baş verən mübarizədə imam Hüseyn (ə) və onunla birgə olan kişilər və cavanlar şəhid edildilər. Qadınlar və imamın yetkin yaşa dolmayan övladları əsir edilərək Kufəyə, ordan da Şama yollandılar. Yalnız xəstə halda olan Əli ibni Hüseyn (ə)-ı öldürmədilər.

Bu acınacaqlı faciə başdan-başa islam dünyasında narazılığa səbəb oldu, hətta Əməvilərin tərəfdarları belə keçirdikləri təəssüf hissini gizlədə bilmədilər. Bu vaxt Məkkədə yaşayan Zübeyrin oğlu Abdullah bu fürsətdən istifadə edərək Kərbəla faciəsini əldə əsas tutub Yezidi məzəmmət etməyə başladı. İraqlıları xəyanətkar, əhd-peymanı pozan adlandırıb camaatın onunla bey’ət etməsini istədi. Ubeydullahın mə’murlarının sərt nəzarətinə baxmayaraq Kufə əhalisi də əksül-əməl göstərdi. Ubeydullah mənbərdə Yezidi və onun nəslini tərif edib imam Hüseyn (ə)-a və atalarına nalayiq sözlər dediyi zaman Əzd qövmündan olan təqvalı, özü də kor olan Abdullah ibni Əfif ayağa qalxıb onun sözünü kəsdi. Peyğəmbər (s)-ın ailəsinə verdiyi söyüşləri onun özünə, bir də onu buraya hakim tə’yin edənə qaytardı. Dövlət məmurları onu susdurub tutmaq istədikdə Əzd tayfası onu himayə etmək üçün ayağa qalxdı və onlarla hakimin məmurları arasında toqquşma baş verdi.

Bu il Mədinənin hakimi Utbə ibni Əbu Süfyanın olmasına baxmayaraq şəhər sakit oturmamışdı. Təbəri bu şəhərdə vəziyyətin sakit olmamasına dair bir şey yazmışdır. Lakin iki il ərzində üç dəfə hakim dəyişikliyinin baş verməsi şəhərdə vəziyyətin qeyri-normal olmasını yetirir.

Təbəri yazmışdır: Zübeyrin oğlu Abdullah Mədinənin hakimi Vəlid ibni Utbənin əxlaqının kobud olmasından Yezidə şikayət etmiş və ondan oraya mülayim əxlaqlı bir hakim göndərməsini tələb etmişdir. Yezid də Osman ibni Məhəmməd ibni Əbi Süfyanı o şəhərə hakim yollamışdı. Ancaq inandırıcı deyildir ki, belə bir vəziyətdə Abdullah Yezidə Mədinənin hakimini dəyişmək məsələsinə dair məktub yazmış olsun. Ancaq həqiqətə uyğun gələn budur ki, Yezid cavan şahların yolu ilə gedərək təcrübəli kişiləri iş başına qoymaq istəmirdi. Bu səbəbdən də yeniyetmə cavanları hakim tə’yin edərdi, onlar da xalqı lazımınca tanıya bilmir və hökumətin idarə olunmasında çətinlik çəkirdilər.

Təbərinin yazdığına əsasən Osman da yeniyetmə və təcrübəsiz cavan idi.

Hər halda səbəb nə olsa da belə, yeni hakimin qədəmləri onun özünə və şəhərin əhalisinə düşərli olmadı. Güman etdiyi kimi özünün bacarıqlı olduğunu göstərmək, Mədinə böyüklərini razı salmaq və hakimin olduğu ərazini sakit saxlamaq istədi.

Mühacir və ənsar övladlarının bir dəstəsini cavan xəlifənin yanında görüb onun bəxşiş və mərhəmətini qazanmaq üçün Dəməşqə yolladı.

Yazdığımız kimi Yezid dini tərbiyə görməmiş, ümumiyyətlə adicə ailə tərbiyəsi almamışdı. Bundan əlavə belə bir hakimiyyətin xüsusiyyəti də budur ki, yaşlı və təcrübəli adamlar onun ətrafını boş qoyub gedər, əvəzində yaltaq, sərvət toplayan cavanlar yığışaraq onun dediyi hər bir sözə, etdiyi hər bir əmələ afərin deyərlər.

Yazılarda onun rumlu müşaviri Sərcunun da adı çəkilir. Görəsən xaçpərəst olan bu adam zahirdə müsəlman xilafəti sayılan Yezidin hakimiyyətində nə məqsədlə çalışırdı? Allah bilir!

Lakin bir şeyi tam qətiyyətlə demək mümkündür ki, Yezid geniş əraziyə malik müsəlmanların əhatə dairəsini idarə etməkdə aciz idi. Peyğəmbər nəvəsindən bey’ət alınmasında tələskənlik etməsi, 61-ci il Məhərrəm ayında elə bir faciə törətməsi, ən dəhşətlisi isə peyğəmbər ailəsini əsir edib Kufəyə, oradan da Şama aparması, bütövlükdə bunların hamısı onun təcrübəsiz, bəlkə də ağılsız bir insan olduğunu göstərir.

Ən pisi bu idi ki, Mədinənin hakimi ənsar və mühacir övladlarını onun yanına göndərdiyi zaman, Yezid onları elə qarşıladı ki, guya onun tay-tuşlarını və ya uşaqlıq dostlarını yanına gətiriblər. Əgər onun azacıq da olsa ağlı və ya təcrübəli müşavirləri olsaydı qonaqlar sarayda olan müddətə qədər gərək düşünülmüş surətdə rəftar etmiş olaydı. İslam ayininə əks olan hərəkət etməməli, zahirdə də olmuş olsa özünü dinə bağlı müsəlman kimi aparmalı idi. Lakin onun nə dindən xəbəri var idi və nə də xalqdan.

Mədinə şəhəri islam Peyğəmbəri (s) oraya köçdükdən sonra islam hökumətinin paytaxtına çevrilmişdi. Ora Peyğəmbər (s)-dan sonra hicri tarixinin 35-ci ilinədək xilafət mərkəzi olmuş və xəlifələrin üçü də bu şəhərdə yaşamışdır. Əli (ə) paytaxtı və hökuməti Kufəyə köçürməsinə baxmayaraq Mədinə yenə də öz dini və elmi rövnəqini əldən verməmişdi. Mühacir və ənsardan olan bir dəstə, böyük şəxsiyyətlər orada yaşayaraq dünyalarını dəyişmiş və onlardan sonra övladaları onların yerini tutmuşdular. Hicrətin ilk çağlarında təqva və pərhizkarlıq dalğası şəhəri bürümüş və az-çox hələ də davam etməkdə idi.

Yezid bu camaatı tanımalı, öz rəftarlarına fikir verməli idi. Lakin o, belə etmədi. Deyəsən elə bu günlər idi ki, meymuna paltar geyindirib ulağa otuzduraraq atlarla yarışa göndərmişdi. Hər halda bu hadisə onun başıboşluğunu çatdırır. Məs’udinin yazdığına görə Yezidin yaramaz bir meymunu var idi, şərab içən zaman saraya daxil olaraq balışa söykənərdi. Bu meymunun da əhilləşdirilmiş bir vəhşi ulağı var idi. Günlərin bir günündə meymunu ulağa mindirib atlarla yarışa çıxmağa göndərdi və o atları ötərək müsabiqənin qalibi oldu. Şam şairlərindən birinin yazdığı şe’rin məzmunu belədir:

 

Əbu Qeys, ulağın noxtasından bərk tut

Çünki onun üstündən yıxılsan ona heç bir cərimə yoxdur.

Kim indiyəcən görüb ki, vəhşi bir ulaq

Meymunu əmirəl-mö’minin atlarından qabağa salmış olsun.

 

Deyilənlərə görə bu şe’rləri Yezid özü yazıb, bəlkə də bu ehtimal doğrudur, çünki Ğərsün-nə’mə ibni Hübeyrə ilə Ziyad ibni Ubeydi Harisi arasındakı baş vermiş danışığa həsr etdiyi hekayənin sonunda belə yazır:

Ziyad deyir: Mərvanın yanına gedərkən o, məndən soruşdu ki, səninlə ibni Hübeyrə arasındakı danışığın məzmunu nədən ibarət idi? Cavab verdim ki, görəsən meymunun ləqəbi Əbu Qeysdir, yoxsa Əl-yəmən. Mərvan gülərək dedi: Doğrudur, məgər əmirəl-mö’minin “Əbu Qeys, ulağın noxtasını möhkəm tut” deməyibmi.

Yezid Mədinədən gəlmiş nümayəndələrə hörmət göstərib onlara saysız-hesabsız hədiyyələr bağışladı. Hətta onlardan birinə (Munzər ibni Zübeyrə) yüz min dirhəm verdi. Lakin onun ləyaqətsizliyi və alçaq tərbiyəsi qonaqlara gizlin qalmadı. Onlar öz şəhərlərinə qayıtdıqdan sonra Peyğəmbər məscidində fəryad edərək Yezid haqda yaramaz sözlər danışmağa başladılar. Və onlar “biz dini olmayan, şərab içən, it oynadan, gecələri kənizlər və musiqiçilərlə keçirən bir şəxsin yanından gəlirik” dedilər. Sizi şahid tutaraq onu xilafətdən azad etdik (yə’ni xəlifə hesab etmirik).

Şəhər əhalisi Abdullah ibni Hənzələ (mələklər vasitəsilə yuyulan) ilə bey’ət edərək bəni Uməyyədən olan min nəfəri ilk olaraq Mərvan ibni Həkəmin evində mühasirəyə aldılar sonradan onları şəhərdən qovdular. Bu çətin və ağır günlərdə Mərvan Abdullah ibni Ömərin yanına gedib onun ailəsini öz yanında saxlamasını istədi, ancaq Abdullah qəbul etmədi. Mərvan onun himayəsindən mə’yus olaraq Əli ibni Hüseyn (ə)-ın yanına gedib ona dedi ki, mənim də ailəm sənin ailənlə bir yerdə olsun. Əli ibni Hüseyn (ə) onun xahişini özünəməxsus bir böyüklüklə qəbul edib Mərvanın yaxın adamlarını özünün xanımı və övladı ilə birgə Yənbu’ adlı bir yerə göndərdi. Mərvan daim bu yaxşılıqdan razılıq edirdi. Lakin Təbəri yazır ki:

Əli ibni Hüseyn (ə)-la Mərvanın qədimdən dostluq əlaqələri var idi, ancaq bu sözün heç bir əsası yoxdur. Mərvan heç bir zaman Bəni Haşimlə xoş rəftar etməmişdir. Deməli onunla Əli ibni Hüseyn (ə) arasında dostluq münasibəti olmamışdır. Təbəri Haşimi ailəsinin malik olduqları səxavətə göz yumaraq onu yalnız şəxsi dostluqla əlaqələndirmək istəmişdir.

Mədinə əhalisinin iğtişaş xəbəri Yezidə çataraq onu həddən artıq hiddətləndirir. İlk olaraq bu şəhərin və Məkkənin işini Zübeyrin oğlu Abdullaha, qiyamı yatırtmaq məsələsini də Ubeydullah ibni Ziyada tapşırmaq istəyir, ancaq Ubeydullah qəbul eməyib dedi: Bir fasiqdən ötrü Hüseynin qətlini və Kə’bə evinin ehtiramsızlığını öz üzərimə götürə bilmərəm.

Əgər bu sözlər özgələrinin deyil, həqiqətən Ubeydullahın öz dedikləri olmuş olsa, onda demək lazımdır ki, o, Yezidə nisbətən uzaq görən olub. Çünki o, bilirdi ki, Süfyani ailəsinin hakimiyyəti artıq sona yetməkdədir, hər halda o, heç də günahdan qorxan adam deyildi. Yezid bu tapşırıqı Əmr ibni Səidin – Mədinənin keçmiş hakiminin öhdəsinə qoymaq istədi, lakin o da qəbul etməyib belə dedi: Mən əlimi Qüreyşin qanına batırmaq istəmirəm, bu işi qoy yad bir adam öz üzərinə götürsün.

Yezid çarəsizlikdən qoca və xəstəlikdən yataqda yatan Müslim ibni Uqbəni qoşunla birgə Mədinəyə yolladı. Müslim şəhəri mühasirəyə alıb Hərrə Vaqim tərəfdən şəhərə daxil olub əhaliyə üç gün möhlət verəcəyini söylədi. Əlavə olaraq dedi: Əgər təslim olsanız buradan birbaşa Məkkəyə, Zübeyrin oğlunun üzərinə gedəcəm, yox əgər təslim olmasanız məni üzürlü hesab edin.

Şəhər əhalisi müqavimət göstərsə də nəhayət məğlub edilərək təslim oldular. Müslim şəhəri üç günlüyə qan içən Şam ordusunun ixtiyarına qoydu ki, ürəkləri nə istəsə onu da etsinlər.

Allah bilir neçə dindar və təqvalı kişilər öldürülüb, neçə qadın və qızlara təcavüz edilib saysız-hesabsız hörmətsizliklər olundu! Bu faciədən yalnız bir şey anlaşılır ki, bu yürüşdə həm göstəriş verənlər, həm də icra edənlər islam fiqhindən xəbərsiz idilər, mə’lumatları olan şeylərə də biganə yanaşırdılar. Hər iki halda bu nəticəyə gəlmək olar ki, islam onlar üçün ilahi hökmləri icra etmək deyil, öz qüdrətlərini qorumaq üçün bir alətə çevrilmişdi. Təəccüblü burasıdır ki, Mədinə faciəsi sona yetdikdən sonra Müslim dedi: İlahi, Sənin təkliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə verdiyim şəhadətdən sonra Mədinə əhalisinin qırğınına səbəb olan işdən başqa heç bir işi sevmirəm və qiyamətdə bu işin müqabilində veriləcək əvəzdən başqa heç bir işin savabına göz dikməmişəm.

Bilmirəm bu sözləri o şəxsən özü deyib, yoxsa Əməviləri gözdən salmaq üçün Abbasilər dövründə yaşamış tarixçilər yazıblar. Həqiqətən bu sözlər onundursa (özünün deməsi də mümkündür) görəsən bu şəxs həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verməyini dilə gətirməklə yanaşı müsəlmanların kütləvi surətdə qırılmasını necə bir yerə sığışdıra bilib? Görəsən Yezidin əmrinə tabe olmaq hər hansı şəriət hökmünün yerinə yetirilməsinə, başqa bir hökmün isə ləğv olunmasına səbəb ola bilərmi?

Bu yaramaz hadisə hicrətin 62-ci ilində baş vermişdir. O, Yezidə göstərdiyi bu “xidmətə” görə tarixdə “müsrif” ləqəbi almışdır.

 

Nəhayət şəhərin yerdə qalan əhalisini toplayıb onlara, ölüm və ya şərtsiz olaraq Yezidə qul olmaq ixtiyarını verdi. Bir neçə nəfər onun bu şərtini qəbul etməyib öldürüldülər, başqaları isə onunla bey’ət etdilər.

İmam Əli ibni Hüseyn (ə) bu hadisələrdə sağ qaldı. Bir tərəfdən onun bu iğtişaşda əli olmamış, digər tərəfdən isə, hadisələrin başlanğıcında Mərvan ibni Həkəm onun yanına gedib ailəsini qorumağı xahiş etmiş, İmam da onun xahişini böyük bir mərdanəliklə qəbul edib onları Yənbuya göndərmişdi.

Hərrə hadisəsində Əli ibni Hüseyn (ə) Əbd Mənaf sülaləsindən olan 400 ailəni öz himayəsinə götürmüş, Müslim Mədinədən çıxana qədər onların xərcini ödəmişdi.

İslam dünyasında misli görünməmiş belə bir hadisə, yə’ni kişi və qadınların kütləvi surətdə öldürülməsi, müsəlmanların toxunulmazlığının tapdalanması şəhər əhalisində böyük bir dəyişikliyə səbəb oldu. Dini qayda-qanuna və islam əxlaqına əhəmiyyət verməyən dövlətlilər şərab içməyə və musiqiyə qulaq asmağa üz tuturdular. Demək olar ki, onlar bu haram işləri daxili əzabdan qurtarmaq və ətraflarında baş verən hadisələrdən xəbərsiz olmaq üçün edirdilər.

  518
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Bədr və Təbuk müharibələrində Peyğəmbər (səlləllahu əleyhi və alih) övlanı və ya ...
      Aşura günündə imam Hüseyn (əleyhis-salam)-ın səhabələri quyu qazmaqla su əldə edə ...
      İmam Əli (ə)- ın leylətul- məbit gecəsi (Peyğəmbərin yerində yatması) ölüm ...
      Qədir hədisini isbat edən hansı sənəd və mənbələr vardır?
      Həzrət İsa (əleyhis-salam)-ın adı Quranda neçə dəfə gəlmişdir?
      Həmd surəsində olan nemət verilmişlər, qəzəb olunanlar və yolunu azanlardan məqsəd ...
      Necə olur ki, həzrət Süleyman (ə) övladının vəfatından sonra mülk və hakimiyyət arzusu ...
      İnsanlarda təfavüt və ixtilafların fəlsəfəsi, o cümlədən çirkinlik və gözəlik, ...
      Quranın dəfi və ya tədrici nazil olmasından nə qədər keçir?
      Nə üçün İmam Həsən (ə) İmam Hüseyn (ə) kimi qiyam etmədi?

 
user comment