Azəri
Saturday 20th of April 2019
  512
  0
  0

MÜAVİYƏNİN ZİYADI QARDAŞ ADLANDIRMASI

MÜAVİYƏNİN ZİYADI QARDAŞ ADLANDIRMASI

Ziyadın anası Suməyyə Haris ibni Kəldənin kənizi idi. Cahiliyyət dövründə bə’zi ailələrin adətinə əsasən bu kəniz öz sahibi üçün gəlir mənbəyi hesab olunurdu. Sonra isə Haris onu Rumlu qul olan Ubeydə ərə verdi və ondan da Ziyad dünyaya gəlmişdi. Əhali onu bə’zən Ubeydin, bə’zən isə anası Suməyyənin adı ilə çağırırdılar. Bildiyiniz kimi, islam fiqhinə əsasən nikah olunmuş qadından dünyaya gəlmiş övlad ataya məxsusdur. Müaviyə Muğeyrənin vasitəçiliyi ilə Ziyadı özünə tərəf çəkidikdən sonra onun ürəyini ələ almaq üçün dedi: Ziyad Əbu Süfyanın oğlu və mənim qardaşımdır! Sonra isə bir yığıncaq təşkil edərək şahidləri çağırıb onlara Ziyadın Əbu Süfyanın oğlu olmasını demələrini tapşırdı. Təbəri bu hadisəni qısaca olaraq belə yazır: Ziyad Kufə camaatından onun Müaviyənin qardaşı olmasına şəhadət vermələrini istədikdə onlar boyun qaçırdılar, lakin Bəsrə camaatından bir nəfər bu haqda şəhadət verdi. Yə’qubi, ibni Əbd Rəbbəh və Məs’udi bu əhvalatı çox geniş surətdə yazmışlar. Yə’qubi yazır: Müaviyə şahidlərdən onun Ziyadla qohumluq əlaqəsi olması haqda şahid durmalarını istədikdə Əbu Məryəm Səluli ayağa qalxıb dedi: Mən Taifədə şərab satardım. Bir gün Əbu Süfyan səfərdən qayıdarkən mənim yanıma gəldi. Yeyib-içdikdən sonra belə dedi: Əbu Məryəm, mənə bir ağ üzlü qadın gətirə bilərsənmi?

O, cavabında dedi: Bəni Əclandan olan bir kənizdən başqa heç kəsim yoxdur.

Elə onu gətir...

Burada Əbu Məryəm Əbu Süfyanın dililə Suməyyəni vəsf edib bir cümlə deyərkən Ziyad qəzəblənib dedi: Səni şahid durmağa çağırıblar yoxsa söyüş söyməyə? O isə cavabında dedi: Mən həqiqəti söyləmək istəyirəm və Müaviyə onun şəhadətini qəbul etdi. Və beləiklə Ziyad Əbu Süfyanın övladı kimi qəbul olundu. Elə həmin yığıncaqda bir-iki nəfər üzdə Müaviyəyə irad tutdular. Mö’təbər sənədlərdə Müaviyənin qohumlarının bir-ikisinin adına rast gəlmək olar. E’tiraz edənlər dinin qayğısını çəkdiklərinə görə bunu etmirdilər, bəlkə onlar Ziyadın onlarla bu formada qohum olmasını özləri üçün eyib bilirdilər. O cümlədən Bəsrənin hakimi Abdullah ibni Amir (Əməvi sülaləsinin böyüklərindən idi) dedi: Mən şahidlər gətirəcəyəm ki, onlar Əbu Süfyanın Suməyyəni ömür boyu görmədiyini e’tiraf etsinlər. Bu e’tiraz hansısa çobandan törəmiş Qüreyşdən və bəlkə də əsli ərəb olmayan Ziyadın Qüreyşdən hesab olunub onların sülaləsini ləkəli etməməkdən ötrü olub! Bu bid’ətə qarşı olunan məzəmmətə yalnız ədəbi kitablarda yazılan şe`rlərdə rast gəlmək olar və şairin də məqsədi dinin haram buyurduğunu inkar etmək deyil, onların məsxərə və məzhəkə olunması olub.

Belə hekayələri yazmaqdan məqsəd islam tarixində vəzifəpərəst şəxslərin öz məqsədlərinə çatmaq üçün hər vasitədən istifadə etdiklərini göstərməkdir. Digər tərəfdən həmin düşüncədə olanlar da vardır ki, hakimiyyət əldə etmək üçün o qədər gücə malik olmasalar da onların əhatəsinə toplaşaraq hakimiyyətə çatmaq yolunda onlara yardım göstərirlər. Hələ Peyğəmbər (s)-ın vəfatından 30 il keçməmiş, yenicə şəhid edilmiş təqvalı, abid (zahid) və mə’sum xəlifənin xatirəsi zehnlərdən silinməmiş peyğəmbər canişinliyi iddiasını edən bir şəxs onun sünnəsini necə də əldə oyuncağa çevirir.

O günün müsəlman icması da tamahkarlıqdan və yaxud da qorxudan onun bu işinin doğruluğunu təsdiq edir və susurdular. Halbuki, həmin vaxt Şamda Peyğəmbəri görüb onun sözlərini eşidən əlli nəfər səhabə yaşayırdı.

ZİYAD KUFƏDƏ

Ziyad əldə etdiyi fəxr müqabilində tam surətdə Müaviyəyə tabe oldu. O, ilk dəfə Bəsrənin, sonra şərq əraziləri əlavə olmaqla Kufənin də hakimi oldu. Ziyad bu məntəqənin əhalisi ilə layiq olduqları tərzdə rəftar edirdi.

O, hicrətin 45-ci ili Rəbiül-axər ayında Bəsrəyə daxil oldu. İlk olaraq camaatın gözünü qorxutmaq üçün “bətra” adlı məşhur xütbəsini oxuyub belə dedi: “And olsun Allaha, qul günah etmiş olsa əvəzinə ağanı, səfərdə olan adamın günahı olsa əvəzində qalanını, xəstənin yerinə isə sağlamı tutacağam, hətta o dərəcəyə qədər qəddar olacağam ki, məni görəndə qorxunuzdan nəfəs çəkə bilməyəsiniz. Axşam evindən bayıra çıxanların qanını tökəcəyəm. Əlimdən və dilimdən amanda qalmaq istəsəniz, əlinizi və dilinizi məndən qoruyun.” Bir-iki nəfərin onun sözlərini tərifləməsindən mə’lum olur ki, Ziyad bu camaatı yaxşı tanıyırmış. Çünki camaat qaba, sərt rəftar gördükdə itaətcil, mülayim rəftar gördükdə isə kobud hərəkət edərlər. Bu xütbəni eşitdikdən sonra hər kəs nə edəcəyini anladı, onların başı üzərindəki hakimin onlara tanış olan bir tərzdə danışdığını gördülər. Tutmaq, zindana atmaq, bağlamaq və öldürmək başlandı. Ziyad xiftən namazından sonra birinə “Bəqərə” və ya digər surənin oxunmasını tapşırar və surənin oxunuşu sona yetərkən gözdən itənə qədər camaata möhlət verib, asayiş qoruyucusu başçısına küçə-bazarda gördüyü adamları öldürməyi tapşırardı! Bir gecə səhrada yaşyan bir nəfəri onun yanına gətirdilər. Ziyad ondan soruşdu:

Mənim əmrimi eşitməmisənmi?

And olsun Allaha yox.

Düz deyirsən, ancaq səni öldürmək camaatın xeyrinədir. Sonra isə boynunun vurulmasını əmr etdi.

Ziyad günahsızı günahkarın yerinə tutacağını dediyinə görə hər kəs öz canının qorxusundan başqaları üçün qoruqçu olmuşdu. Camaatın təbiəti ilə uyğun olan bu acı siyasət Bəsrəyə, Kufəyə hətta bu şəhərlərlə əlaqəsi olan yollara belə rahatlıq və asudəçilik gətirirdi. Belə ki, hətta birinin cibindən bir şey düşsəydi başqası cür’ət edib onu götürməzdi. Bu dövrdə camaat o dərəcədə arxayın idi ki, axşamlar qapılarını belə bağlamazdılar.

Hicrətin əllinci ili Muğeyrə öldükdən sonra Müaviyə Kufənin də hakimiyyətini Ziyada tapşırdı. Ziyad ilin yarı hissəsini Bəsrədə, qalan hissəsini isə Kufədə keçirdi. Onun bu şəhərdə törətdikləri heç də Bəsrədə törətdiyi faciələrdən az olmamışdır.

Ziyad şərqdə iki dəstə qoşun toplamışdı ki, onun biri Xorasandan Lahura qədər irəliləmiş, o birisi isə Amurdəryanın o biri sahilinə qədər getmişdir. İlk dəfə türklərlə vuruşan bu qoşun olmuşdur.

YEZİDİN VƏLİƏHD OLMASI

Müaviyə öz hakimiyyətinin ikinci onilliyinin başlanğıcında yenidən islamda bid’ət qoydu, elə bir bid’ət ki, o özündən sonra bütövlükdə müsəlman ölkələrində 13 əsr davam etdi. Bildiyiniz kimi, Peyğəmbər (s)-ın vəfatından sonra bir dəstə müsəlman (ənsar və mühacir) bəni Saidə eyvanı altında toplaşıb söz-söhbətlərdən sonra Əbu Qəhafənin oğlu Əbu Bəkri xilafətə seçdilər və o, vəfat etdikdən sonra onun sifarişi ilə Ömər bu vəzifəni öz üzərinə götürdü. Yazırlar ki, onun da hakimiyyəti mühacir və ənsarın razılığı ilə olumuşdur. Osmanı altı nəfərdən ibarət şura, Əli (ə)-ı isə Mədinədə yaşayan ümumi müsəlmanlar seçdilər. Göründüyü kimi, bu dörd nəfərdən heç birisi hakimiyyəti özündən əvvəlki xəlifədən miras olaraq əldə etməmişdir. Həzrət Əlini Peyğəmbərdən sonra fasiləsiz və haqq xəlifə qəbul edən şiə məzhəbinin davamçıları, o həzrəti Peyğəmbərə yaxın qohum bildiklərinə görə bu mənsəbə layiq olduğunu demirlər. Bəlkə onun elminə, fəzilətinə, təqvalı və mə’sum oluduğuna, bir də Peyğəmbərin vida həccində Ğədir-xumda söylədiyi açıq-aydın ifadəyə əsasən imam bilirlər. Ancaq Müaviyə xəlifət məsələsini bir-birinə vurub keçmiş cahiliyyət adət-ən’ənəsini yenidən dirçəltdi. Çünki o, tezliklə öləcəyini bilirdi, hakimiyyətin öz sülaləsinin əlində qalmasını istəyirdi. Camaat yaxşı tanısa da işin asanlıqla irəli gedəcəyini düşünmürdü. Peyğəmbər dövründən ötən bu əlli il müddətində hakimiyyət miras olaraq əldən-ələ keçməmiş, Peyğəmbərdən sonra bu vəzifəni öhdəsinə götürənlər yaşlı olmuş və təqvalı ömür sürməkdə şöhrət tapmışlar. Bu vaxtlar Yezidin yaşı otuzdan az olardı. Deyirlər Müaviyə bə’zi vaxtlar Qüreyş cavanlarını, xüsusilə Haşimi cavanlarını tərif edib deyərdi. Əli ibni Hüseyn (ə) xəlifəliyə ən layiqli adamdır. O, rəqibini üzdə tərifləməklə yaşlıların xəlifəliyini xatirlərdən silib, yerinə cavan bir nəfərin də müsəlmanlara xəlifə olmasının mümkünlüyünü qəbul etdirmək istəyirdi. Müaviyə çalışırdı ki, öz məqsədini həyata keçirən gün, yə’ni Yezidi vəliəhd tə’yin edəndə camaat bu hadisəni normal bir iş kimi qəbul etsinlər.

O, yavaş-yavaş tədbir görməyə hazırlaşırdı, ətrafına yığılanlar da bu işdə ona köməklik göstərirdilər. İbni Əsir yazır: Muğeyrə ibni Şö’bə Müaviyənin onu Kufənin əmirliyindən çığaracağını eşitcək dərhal özünü Şama yetirmiş və Müaviyənin görüşünə getməzdən əvvəl Yezidin yanına gedib belə demişdi: Mən düşünürəm ki, peyğəmbər səhabələri və Qüreyşin ağsaqqalları ölmüş, onların yerini isə övladları tutmuşdur. Müaviyə də bir gün öləcəkdir. Sən də onun yerini niyə tutmayasan? Məgər sən başqalarından əskiksənmi? Nəyə görə atan camaatdan sənin üçün bey’ət almır? Yezid belə bir sevdada olsa da onun həyata keçməsinə ümid etməyərək dedi:

Belə bir işin həyata keçməsini mümkün sayırsanmı?

Niyə də mümkün olmasın!

Yezid əhvalatı Müaviyəyə çatdırdı və o, da Muğeyrədən soruşdu:

Bu işi kim həyata keçirəcək?

Kufə camaatının bey’ətini mən, Bəsrə əhalisinin bey’ətini isə Ziyad öhdəsinə götürür. Çünki bu iki şəhər belə bir işi qəbul etsələr, artıq heç kəs e’tiraz etməyəcəkdir.

 

Müaviyə dedi:

Öz işinizə qayıdın və bu barədə ancaq e’tibar etdiyiniz şəxslərlə söhbət edin.

Muğeyrə Dəməşqdən Kufəyə dönərək hazırlıq görməyə başladı. Deyilənlərə görə bir nəfər ondan bu barədə xəbər aldıqda belə dedi: Müaviyənin ayağını dərin bataqlığa salmışam, müsəlmanların üzünə bir qapı açmışam ki, heç vaxt bağlanmayacaq. Muğeyrə ilk olaraq bəni Uməyyə havadarlarını özü ilə əlbir edib satın alınması mümkün olan ağıllı şəxsləri bir-bir razı saldı. Sonradan oğlunun başçılığı ilə bir dəstə adamı Dəməşqə Müaviyənin yanına göndərdi ki, ondan Yezidin vəliəhd seçilməsini istəsinlər. Müaviyə zahirdə bu məsələyə soyuqqanlıqla yanaşaraq onlara belə dedi: Bu məsələ barədə tələsməyin. Sonra Muğeyrənin oğlundan soruşdu:

Atan bu camaatın dinini (əqidəsini) necə satın alıb?

O, dedi: Hər birini otuz dirhəmə razılaşdırıb.

Ucuz ticarət edib.

Sonda müvafiq şərait hazır olduqdan sonra Müaviyə öz arzusuna çatdı. Deyilənlərə görə o, Şamın inzibati idarəsinin rəisi Zöhan ibni Qeysə belə dedi: Əyalətlərin nümayəndələri toplandığı məclisdə mən sükut edəcəyəm. Yezidin vəliəhd olmasını gərək sən tələb edəsən! Zöhvan da belə etdi. Yezid ibni Muqənnə’ Müaviyəyə işarə edib dedi: Əmirəl-mö’minin budur. Əgər o, ölsə budur (Yezidə işarə edərək), hər kim qəbul etməzsə budur (öz qılıncına işarə edərək) dedi. Müaviyə dedi ki, sən əyləş, çünki xətiblərin böyüyüsən. Əmr ibni Səid Əşdəq qısa çıxış əsnasında dedi: Yezid elə arzuladığımız şəxsdir, istədiyimiz ədalət də onda var. Və bu sözlərdən sonra dinlərini satıb dünya alanlar məclisi daha da qızışdırdılar. Yezidi onda olmayan sifətlərlə tərif edib eyiblərini isə ondan uzaqlaşdırdılar. Məkkə və Mədinədə də Əməvilər və onların havadarları camaatın ağzını yumdular.

Mərvan Mədinə əhalisindən Yezid üçün bey’ət almaq istədiyi gün belə dedi: Müaviyə bu işdə Əbu Bəkrin üslubundan istifadə etmişdir. Cəmiyyətin arasında yalnız Əbu Bəkrin oğlu Əbdürrəhman məscidin küncündən qışqıraraq dedi: Yalan deyirsən, Əbu Bəkr övladlarını və qohumlarını hesaba almayıb bəni Ədidən olan bir nəfəri müsəlmanlara xəlifə tə’yin etdi. Mərvan onun cavabında “Əhqaf” surəsinin on yeddinci ayəsini oxuyaraq dedi: Bu ayə Əbdürrəhman barəsindədir, çünki o, ata-anasını incitmişdir. Beləliklə qızıl və zor gücünə islamda başqa bir bid’ət də meydana gəldi.

  512
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Bədr və Təbuk müharibələrində Peyğəmbər (səlləllahu əleyhi və alih) övlanı və ya ...
      Aşura günündə imam Hüseyn (əleyhis-salam)-ın səhabələri quyu qazmaqla su əldə edə ...
      İmam Əli (ə)- ın leylətul- məbit gecəsi (Peyğəmbərin yerində yatması) ölüm ...
      Qədir hədisini isbat edən hansı sənəd və mənbələr vardır?
      Həzrət İsa (əleyhis-salam)-ın adı Quranda neçə dəfə gəlmişdir?
      Həmd surəsində olan nemət verilmişlər, qəzəb olunanlar və yolunu azanlardan məqsəd ...
      Necə olur ki, həzrət Süleyman (ə) övladının vəfatından sonra mülk və hakimiyyət arzusu ...
      İnsanlarda təfavüt və ixtilafların fəlsəfəsi, o cümlədən çirkinlik və gözəlik, ...
      Quranın dəfi və ya tədrici nazil olmasından nə qədər keçir?
      Nə üçün İmam Həsən (ə) İmam Hüseyn (ə) kimi qiyam etmədi?

 
user comment