Azəri
Friday 29th of March 2024
0
نفر 0

ÖLÜM HӘYATIN GENIŞLӘNMӘSIDIR

ÖLÜM HӘYATIN GENIŞLӘNMӘSIDIR

Ölüm barəsində danışanda bu məsələyə də diqqət etmək lazımdır ki, «ölüm və həyat» hadisələri, varlıq aləmində ardıcıllıq və dəyişmə sistemi yaradırlar. Həmişə bir qrupun ölümü digər bir qrupun həyatına şərait yaradır. Ölən canlıların, bədənləri istifadəsiz qalmır və onlardan bitgilər və ya yeni və təravətli canlılar yaradılır. Sədəf sınır və təbiətə parlaq bir gövhər təhvil verir. Həmin cism və maddədən bir daha yeni bir sədəf yaranır və onun içində başqa bir gövhər yetişir. Sədəfin sınması və təbiətə gövhər təhvil verməsi saysız-hesabsız miqdarda təkrarlanır və beləliklə, zamanın sonsuz uzunluğunda həyat feyzi genişlənir. Әgər min il bundan əvvəl yaşayan insanlar ölməsəydilər, bu günki insanların yaşamasına növbə çatmazdı, necə ki, müasir insanlar da yer boşaltmasalar gələcək nəsillər üçün vücuda gəlmək imkanı olmayacaq. Әgər keçən ilki güllər yer üzündən silinməsəydilər, yeni ilin təzə və təravətli gülləri özlərini göstərmək üçün yer tapmazdılar. Maddə, məkan baxımından həyatı qəbul etmək üçün məhdud, zaman baxımından isə sonsuz tutuma malikdir. Maraqlıdır ki, dünyanın cismləri məkan baxımından hər nə qədər genişliyə malik olsalar, zaman baxımından da genişliyə malik olurlar və varlığın bu cəhətdə də misilsiz genişliyi var.

Ölümə irad tutanlardan olmuş Xəyyam öz e`tirazlarına cavab olan bir nöqtəni xatırladaraq deyir (şe`rin məzmunu):

Insan çətinlik çəkməklə azad olar, qətrə sədəfin həbsində dürr olar, əgər mal qalmasa.

Piyalənin boşalmasından, saqinin onu bir daha dolduracağını fikirləşmək olmaz.

O, həmçinin belə deyir:

Dur! Fani dünyanın qəmini çəkmə, otur bir az güzaranını şadlıqda keçirməklə məşğul ol; əgər dünyanın təbiətində vəfa olsaydı, başqalarının əlindən sənə növbə çatmazdı.

Şair bu cəhəti dünyanın vəfasızlığının üstünə atır. Bəli, əgər yalnız indi növbəsi olan şəxs me`yar olsa, bunu vəfasızlıq adlandırmaq olar. Amma əgər öz dövrlərini keçirməli olanları nəzərə alsaq, ad dəyişilir və vəfasızlığın yerinə insaf, ədalət və növbənin riayət edilməsi gəlir.

Burada kimsə deyə bilər ki, Allahın qüdrəti sonsuz olduğu üçün, həm indikilərin həmişə qalmaları və həm də gələcək nəsillərin yer, ərzaq və digər şeylərlə tə`min olunmasına nə mane olur?!

Onlar bilmirlər ki, vücud imkanı olan hər şey Allah tərəfindən verilib və verilir və əgər nə isə mövcud deyilsə, deməli elə də olmalıdır. Başqa yer və münasib mühit imkanı hazırlanması fərziyyəsi, əgər mümkün olsa belə, orada digər insanların vücuda gəlmələrinə şərait yaradır, amma insanların qalmalarının və onların həyatlarını davam etdirmələrinin, gələcək nəsillərin vücuda gəlmələri yollarını bağlaması iradı, yenə də öz yerində qalır.

Bu nöqtə «ölüm nisbidir» adı altında verdiyimiz cavabı daha da təkmilləşdirir. Bu iki nöqtənin xülasəsi budur ki, dünyanın maddəsi öz təbii seyr və cövhəri hərəkətləri ilə Abstrakt ruhların parlaq gövhərlərini yaradır. Abstrakt ruh, maddəni buraxaraq daha ali və güclü həyatı davam etdirir və maddə bir daha öz ətəyində digər bir gövhər yetişdirir. Bu quruluşda həyatın təkamül və genişlənməsindən başqa heç bir şey yoxdur və həmin genişlənmə yerdəyişmələrdə həyata keçir.

Ölüm haqqında söylənilən digər bir irad, onu kuzə düzəldərək sındıran sənətkara bənzətmək və varlığın başlanğıcı və yaradılış aləminin icraçısının, kuzə düzəldəndən ibrət almasını arzulamaq isə o qədər uşaqyanadır ki, bu barədə söhbət etməyə belə dəyməz. Bu cür düşüncələr şair taktikası və bir növ incə və mahir xülyapərəstlikdir ki, yalnız poeziya və incəsənət baxımından müəyyən dəyərə malikdir. Çox ehtimal ki, Xəyyama nisbət verilən şe`rlərin sahibinin nəzəri belə olub və ya o, məhdud materialist təfəkkür tərzinə malik olmaqdan yaranıb. Amma «yuxuya getdiyiniz kimi ölür və yuxudan durduğunuz kimi dirilirsiniz» deyən şəxsin fəlsəfəsində bütün iradlar həll edilib. (Bu, Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdir.) Belə şəxs ölümdən nəinki qorxmur, bəlkə Әli (ə) kimi onun arzusundadır və onu nicat və qurtuluş hesab edir.

Böyük Islam filosoflarından biri olmuş Mirdamad belə deyir: «Ölümün acılığından qorxma, çünki onun acılığı elə ondan qorxmaqdadır».

Islam filosoflarından olmuş Şeyx Şəhabəddin Söhrəvərdi isə belə deyib: «Filosof öz iradəsi ilə ruhunu bədənindən çıxara bilməyincə, onu filosof hesab etmirik». Ruhu bədəndən çıxarmaq onun üçün sadə və adi bir iş olmalı və onun adətinə çevrilməlidir.

Bu cümləyə oxşar digər bir kəlam da Isfahan dini mədrəsəsinin banisi olmuş tədqiqatçı filosof Mirdamaddan nəql edilib.

Cismlərinin qəlbində yetişmiş qiymətli gövhərini tanıyan şəxslərin məntiqi budur. Yetərsiz və məhdud materialist düşüncələr çərçivəsində boğulan şəxs isə təbii ki, ölümdən nigaran olacaqdır, çünki, onun fikrincə ölüm yoxluqdur.

O, öz fikri ilə bütün şəxsiyyəti olan bədəninin ölərək məhv olmasından narahatdır. Buna görə də ölüm düşüncəsi onun dünyaya qarşı bədbin olmasına səbəb olur. Belə düşüncə ilə yaşayan şəxs, dünyaya olan baxışını və ondan olan anlayışlarını dəyişdirməli və bu iradların dünyaya olan səhv baxışlardan yaranmasını bilməlidir.

Bu bəhs mənə Feyziyyə mədrəsəsində olan sadə qəlbli bir kitab satanı xatırladır.

Qum şəhərində təhsil aldığım illərdə, Feyziyyə mədrəsəsində sadəlövh bir kişi kitab satırdı. Həmin kişi satdığı kitabları yerə düzər və tələbələr ondan kitab alardılar. O, bə`zən çox təəccüblü işlər görür və çox gülməli sözlər danışardı ki, onun həmin söz və işləri dillərdə gəzərdi. Tələbələrdən biri danışırdı ki, bir gün onun yanına gedib satdığı kitablardan birinin qiymətini soruşdum. O, mənim cavabımda kitabı satmadığını dedi. Nə üçün? - deyə səbəbini soruşdum. Dedi: Onu satsam, gərək digər birini alıb onun yerinə qoyam.

Həmin tələbə deyirdi ki, kitab satanın bu sözünü eşidəndə məni gülmək tutdu. Kitab satan, əgər həmişə alqı-satqı və mübadilədə olmasa, kitab satan olmaz ki? Həm də heç bir qazanc əldə edə bilməz!

Səhv etməsəm, Xəyyamın şe`r məktəbinin davamçılarından olan həmin kitab satan kişi, deyəsən aşağıdakı şe`ri deyibmiş:

Şe`rin məzmunu belədir: Venera və ay göydə göründüyü kimi, heç kəs əsl şərabdan yaxşı bir şey görməyib; mən şərab satanlara təəccüblənirəm ki, onlar satdıqlarından yaxşı şey ala biləcəklərmi?

O, mey satana irad tutur ki, nə üçün mey satırsan? Әlbəttə, bu irad tutma ciddi deyil, şe`r dili ilədir və o, öz gözəllik və incəliyinə görə həmin cəhətə borcludur. Amma həmin məntiqi «ciddilik» me`yarları ilə ölçdükdə, bir mey içənin mey satanın işini öz işi ilə necə səhv saldığını görürük. Mey, onu içən üçün hədəf, satan üçün isə vasitədir. Mey satanın işi mey alıb-satmaq, gəlir əldə etmək və həmin əməli bir daha təkrar etməkdir. Işi bu olan şəxsi malının qurtarması nəinki narahat etməz, hətta sevindirər də, çünki, malın qurtarması, elə onun hədəflərinin bir hissəsidir. (Yə`ni mal satılıb qurtarsın və o bir daha yeni mal gətirsin.)

Hanı o arif ki, süsənin dilini başa düşərək ondan soruşa ki, nə üçün getdi və nə üçün gəldi?

Yaradılış, alverlə məşğul olmaq kimidir. Dünya bazarı malın tədarük görülməsi, satılması , qazanc əldə edilməsi və həmin işin bir daha təkrar edilməsidir. «Ölüm və həyat sistemi» mübadilə, artırmaq və təkmilləşdirmək sistemidir. Yaradılışın mübadiləsinə irad tutan, dünyanın qanun və hədəflərini bilmir.


0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment