Azəri
Thursday 21st of March 2019
  680
  0
  0

XÜLASӘ

XÜLASӘ

Bu fəsldə, uzun və bəlkə də yorucu olan söhbətimizdən, ayrı-seçkilik və fərqlərə tutulan iradlara verilən cavabların xülasəsi belə oldu:

1. Varlıq aləmi bir sıra zati və dəyişməz qanunauyğunluqlarla idarə edilir və ona əsasən hər bir şey və hadisə müəyyən məqam, mərtəbə və mövqeyə malikdir və onun dəyişməsi mümkün deyil.

2. Varlığın müxtəlif məqam və dərəcələrinin olması, onun qanuna malik olmasının tələblərindəndir, fərq və ziddiyyətlərin yaranması, yoxluq və naqisliklərin qarşıya çıxmasının mənşəyi də həmin mətləbdir.

3. Fərq və ziddiyyət yaradılmır, əksinə o, yaradılmışların zati tələblərindəndir və yaradanın yaradılmışlar arasında ayrı- seçkilik qoymasını güman etmək səhvdir.

4. Әdalət və hikmət mövzusunda naqislik kimi başa düşülən şey, fərqlər deyil, ayrı-seçkiliklərdir və dünyada mövcud olan şey də, ayrı-seçkiliklər deyil, fərqlərdir.

ÜÇÜNCÜ FӘSIL

ŞӘRLӘR

1. Üç istiqamətli bəhs;

2. Bizim üslubumuz;

3. Dualizm məsələsi;

4. Şər yoxluqdur;

5. Şər nisbidir;

6. Şərlər, ədalət prinsipi baxımından.

ÜÇ ISTIQAMӘTLI BӘHS

Indiyə kimi danışdıqlarımız, ayrı-seçkilik və fərqlər barəsində idi. Bundan əvvəl də dediyim kimi, ilahi ədalətlə bağlı iradlar bir neçə cəhətdə — ayrı-seçkiliklər, fanilik və yoxluqlar, naqislik və çatışmazlıqlar və bəlalar barəsindədir. Bundan əvvəl bu dörd növ iradın birinci hissəsini «ayrı-seçkiliklər», qalan üç hissəsini isə «şərlər» adı altında araşdırmağa söz vermişdik. Indi isə, ayrı-seçkiliklər bəhsini qurtardıqdan sonra şərlər barəsindəki söhbətə daxil oluruq.

Filosofların şərlər məsələsinə verdikləri cavablar üç hissədən ibarətdir:

1. Şərlərin mahiyyəti nədən ibarətdir? Görəsən pislik və şərlər mövcud və həqiqətə malik işlərdir, yoxsa onlar yoxluqdurlar?

2. Şərlərin varlıq və ya yoxluq olmasından asılı olmayaraq, görəsən xeyir işlərdə şərlər bir-birlərindən ayrıla bilən işlərdir, yoxsa ayrılmaz? Әgər onların ayrılmazlıqlarını fərz etsək, onda görəsən dünya bütün xeyir və şərləri ilə birlikdə təsəvvür edildikdə xeyirdir, yoxsa şər? Yə`ni, dünyanın xeyirləri şərlərindən çoxdur, yoxsa şərlər üstünlük təşkil edirlər? Yoxsa onların heç biri digərindən çox deyil və onlar bir-birləri ilə bərabərdirlər?

3. Şərlərin varlıq və ya yoxluq olmaları və onların xeyirlərdən ayrılan və ya ayrılmaz olmalarından asılı olmayaraq, digər bir məsələ də budur ki, görəsən şər olan şey doğrudan da şərdir və onda heç bir xeyirli cəhət yoxdur, yə`ni o heç olmasa bir və ya bir neçə xeyirin əsas və müqəddiməsi deyil? Yoxsa, hər bir şərdə xeyir, bəlkə xeyirlər gizlənib və hər bir şər bir və ya bir neçə xeyir törədicisidir?

Birinci hissədə varlığa iki mənşə qail olan «dualizm»ə cavab verilir və ona ikinci hissəni artırmaqla şərləri ilahi hikmətə irad hesab edən materialistlərə və həmçinin şərləri ilahi ədalətə nöqsan sayanlara cavab verilir. Bəhsin üçüncü hissəsi, dünyanın gözəl və qəşəng quruluşunu canlandırır və onu birinci cavab üçün qənaətbəxş və ya təkmilləşdirici və müstəqil cavab hesab etmək olar.

BIZIM ÜSLUBUMUZ

Biz, şərlər məsələsinin iradlarına Islam filosoflarının bu bəhs barəsindəki dedikləri mətləblərindən istifadə edərək, yeni üsullarla cavab verəcəyik. Bu kitabda gətirəcəyimiz cavab Islam fəlsəfəsi kitabları, xüsusilə Molla Sədranın əsərlərində şərlər məsələsinin iradlarına cavab kimi bəyan edilmiş cavablardır. Hər iki cavab mahiyyət baxımından birdir. Bizim cavabla onların cavabları arasındakı fərq, bizim seçdiyimiz xüsusi üslubdadır. Şərlər məsələsini «ilahi ədalət» baxımından araşdırmağımızın səbəbi də həmin cəhətdir. Halbuki, Islam filosofları adətən bu məsələni tövhid bəhsi və «dualizm» iradının rəddində və ya «ilahi elm və lütf» məsələsi və ilahi qəzanın şərlərlə bağlılığının necəliyi barəsindəki söhbətlərində irəli sürürlər. Onlar məsələni həmin xüsusi baxışla araşdırdıqları üçün, cavablar birbaşa «yaradılış başlanğıcının ikiliyi»nin rəddinə və ya ilahi qəzanın şərlərlə bağlılığına aid olur. Ondan ilahi ədalət bəhsində yalnız dolayı yolla istifadə etmək mümkündür.

DUALIZM MӘSӘLӘSI

Dualizm nəzəriyyəsi və onun tərəfdarlarının iradlarının əsası, bundan əvvəl işarə etdiyimiz kimi «varlıqlar öz zatlarında iki cür, yə`ni yaxşı və pis olduqları üçün onların hər biri, bir mənbədən yaranmalı, pislik və yaxşılıqların hər biri digərindən ayrı yaradıcıya aid olmalıdır» məsələsidir. Dualizm fikri tərəfdarları əslində, Allahı pisliklərdən uzaqlaşdırmaq istəyiblər, lakin bu əqidələri ilə Ona şərik qoşmaq kimi üzdəniraq e`tiqadlara düçar olublar. Dünyanı yaxşı və pis olan iki hissəyə bölən, pislikləri artıq və hətta ziyanlı sayan və onları təbii olaraq Allahdan deyil, Onun müqabilində olan bir qüvvədən bilən dualizm nəzəriyyəsində Allah-taala yaxşı niyyətdə olan, amma aciz və bacarıqsız bir qüvvə kimidir ki, mövcud vəziyyətdən əzab çəkir və ona razı deyil, lakin özünün şər, eqoist və Onun istəklərinin əksinə olaraq fəsad və pis işlər görən rəqibi müqabilində yerləşib.

Onlar Allahın sonsuz qüdrət və tam iradəsi inamını və Onun rəqibsiz qəza-qədərini Onun həkim, adil və xeyir olması ilə bir yerdə qoruya bilməyiblər.

Amma Islam əqidəsi, Allahı hər iki vücudun mənşəyi, sonsuz mərhəmət və ali hikmətə malik hesab etməsi ilə yanaşı, Onun güclü iradə və müqavimətsiz qüdrətinə heç bir xələl gətirmir və hər şeyi, hətta şeytanı və onun azdıraraq yoldan çıxarmasını da Ona nisbət verir.

Şərlər məsələsi Islam baxımından başqa cür həll edilir. Islamda deyilir ki, dünya işlərinin bir baxışda yaxşı və pis qismlərə bölünməsinə baxmayaraq, digər bir baxışda yaradılış aləmində heç bir pislik müşahidə edilmir, hər bir şey xeyir sanılır, mövcud quruluş ən gözəl quruluş hesab edilir və ondan yaxşısının olmasının mümkünlüyü təsəvvür edilmir.

Şərlər məsələsinə bu cür cavab verilməsi, varlıq və yoxluq məsələsinə dərindən diqqət edilən xüsusi bir fəlsəfəyə əsaslanır. Bu fəlsəfənin «dualizmə» verdiyi cavab budur ki, şərlər, yaradan və yaradılış mənşəyinə ehtiyacı olan həqiqi və gerçək varlıqlar deyildir. Bu məsələni şərlərin yoxluq olmaları və şərlərin nisbilik başlıqları ilə izah etmək olar. Bu iki mətləbin izahı ilə varlıqda dualizm iradı tamamilə həll olaraq aradan qalxacaq.

ŞӘR YOXLUQDUR!

Sadə bir təhlil şərlər mahiyyətinin yoxluq olmasını, yə`ni, onların hamısının yoxluq qismindən olmalarını göstərir. Bu mətləbin uzaq keçmişi var. Onun kökləri qədim Yunanıstandandır. Fəlsəfi kitablarda həmin fikri qədim Yunanıstana, xüsusilə Әflatuna nisbət verirlər. Amma müasir alimlər onu daha yaxşı təhlil ediblər. Biz həmin mətləbi düzgün və əsaslı hesab etdiyimiz üçün, bu kitabın həcminə münasib olan qədər onu araşdıracağıq. Burada oxuculardan mətləblərin ağırlığına görə əvvəlcədən üzr istəyir, onların bir az səbirli olaraq məqsədimi dərk etməyə çalışmalarını arzu edirəm. Məncə bu məsələ, diqqət etmək dəyərinə malik bir məsələdir. Әlbəttə imkan daxilində məsələnin bəyanını asanlaşdırmağa çalışacağam.

«Şər yoxluqdur» deyənlərin məqsədi, şər adlı şeylərin mövcud olmaması demək deyildir ki, həmin məsələnin zərurətə zidd olması və bizim hiss və gözümüzlə korluq, karlıq, xəstəlik, zülm, haqsızlıq, nadanlıq, acizlik, ölüm, zəlzələ və sairənin olmasını duyaraq gördüyümüz kimi başa düşülsün. Onların nə mövcudluğunu və nə də şər olmalarını inkar etmək olmaz. Həmçinin, məqsəd «şər yoxluq olduğu üçün mövcud deyil və o, mövcud olmadığı və insanın vəzifəsi pisliklər və pislərlə mübarizə aparmaq və yaxşılıqları əldə edərək onları təsdiqləmək olduğu üçün, o heç bir məs`uliyyət daşımır, çünki hər bir vəziyyət pis deyil, yaxşı olduğu üçün həmişə mövcud vəziyyətlə razılaşmaq və hətta onu ən yaxşı vəziyyət hesab etmək lazımdır» demək mə`nasında da deyildir.

Hökm çıxarmaqda tələsməyin. Biz nə korluq, karlıq, zülm, haqsızlıq, yoxsulluq, xəstəlik və sairənin olmamasını və nə də onların şər olmasını inkar etmək istəyirik. Həmçinin insanların məs`uliyyətlərini əllərindən almaq və onların dünyanın dəyişdirilməsi və cəmiyyətin təkmilləşdirilməsindəki rollarını nəzərdən qaçırmaq da istəmirik. Dünyanın, xüsusilə insanın təkamülə əsaslanması və insanın öhdəsinə qoyulan şeyləri yerbəyer etmək vəzifəsi dünyanın gözəl quruluşunun bir hissəsidir. Deməli, bu məsələlərdə heç bir sözümüz yoxdur. Məsələ burasındadır ki, onların hamısı «yoxluq» qismindən və vücudları da «çatışmazlıq» və «boşluqlar» qəbilindəndir. Onlar ya özləri yoxluq, çatışmazlıq, dağıdıcı və boşluq olduqları, yaxud da həmin şeylərin mənşələri olduqları üçün şərdirlər. Insanın dünyanın zəruri təkamül quruluşundakı vəzifəsi çatışmazlıqları düzəltmək, boşluqların yerini doldurmaq və bu boşluq və çatışmazlıqların köklərini kəsməkdir.

Bu təhlil qəbul edilərsə, birinci mərhələyə çatmış oluruq. Onun tə`siri budur ki, o, bizim zehnimizdən «Şərləri kim yaradıb? Nə üçün bə`zi varlıqlar xeyir, bə`ziləri isə şərdirlər?» suallarını çıxarır və şərlərin varlıq deyil, boşluq və yoxluq qismindən olmasını aydınlaşdırır və habelə varlığın iki qollu və hətta iki köklü olmasını iddia edən «dualizm» fikrinin yaranma şəraitini zehnimizdən uzaqlaşdırır.

Amma hələ ki, ilahi ədalət və ali hikmət baxımından digər mərhələlər qalıb və bu mərhələ qurtardıqdan sonra onlara keçməliyik.

Dünyada yaxşılıq və pisliklər, məsələn cansız əşyalar bitkilərdən, bitkilər isə heyvanlardan ayrı olduqları və hər biri özünəməxsus mövqedə dayandıqları kimi, bir-birlərindən ayrı və seçilən iki qrup da deyildirlər. Bizim, pis şeylərin mahiyyətləri pislikdən təşkil edilmiş müəyyən bir qrup olmaları və onlarda heç bir yaxşılığın olmamasını, yaxşıların da öz növbələrində ayrı və fərqli bir qrup olmalarını fikirləşməyimiz səhvdir. Bəli, yaxşılıq və pisliklər bir-birlərinə qarışmış və bir-birlərindən ayrılmaz şeylərdirlər. Təbiətdə yaxşılıq olan yerdə pislik, pislik olan yerdə isə yaxşılıq vardır. Təbiət aləmində pislə yaxşı bir-birinə elə qarışıb ki, sanki onlar mürəkkəb bir şey əmələ gətiriblər. Lakin onların tərkibə girmələri kimyəvi birləşmə kimi deyil, varlıq və yoxluq növündən olan daha dərin və incə bir tərkibdir.

Varlıqla yoxluq xaricdə bir-birindən ayrı iki qrup deyildirlər. Yoxluq puçluqdur və o, varlığın müqabilində xüsusi bir yerə malik ola bilməz. Lakin qüvvə və əməl, hərəkət və təkamül, ziddiyyət və maneçilik dünyası olan təbiət aləmində, varlıqlar olan yerdə yoxluqlar da gerçəkləşir. Biz korluqdan danışanda onun kor adamın gözündə olan xüsusi bir şey və xarici gerçəklik olmasını fikirləşməməliyik. Xeyir, korluq «görmə» qabiliyyətinin olmamasıdır və o, xüsusi bir gerçəkliyə malik deyil.

Yaxşılıq və pislik də varlıq və yoxluq kimidir və bəlkə yaxşılıq varlığın, pislik isə yoxluğun eynidir. Harda pislikdən danışılırsa, orada mütləq bir yoxluq və çatışmazlıq vardır. Pislik ya özü yoxluq növündəndir, ya da ki, bir növ yoxluğa səbəb olan, yə`ni öz-özlüyündə yaxşı, amma bir yoxluğa səbəb olduğu üçün pis sayılan varlıqdır və onun pisliyi başqa cəhətdən deyil, yalnız yoxluğa səbəb olması cəhətindəndir. Biz nadanlıq, yoxsulluq, ölüm və sairəni pis bilirik. Bunlar zati baxımdan yoxluqdurlar. Biz yırtıcı və vəhşi heyvanlar, mikrob və bəlaları da pis adlandırırıq. Lakin onlar zati baxımdan deyil, yoxluğa səbəb olan varlıqlardır.

Nadanlıq elmin olmaması və yoxluğu deməkdir. Elm bir gerçəklik və həqiqi kamaldır. Amma cəhalət və nadanlıq gerçəklik deyil. Bizim biri haqqında nadan və elmsiz deməyimiz, həmin şəxsin elmsizlik adlı xüsusi bir sifətə malik olması, alimlərin isə həmin sifətə malik olmamaları demək deyil. Alimlər elm öyrənməmişdən qabaq nadandırlar. Onlar elm öyrəndikdən sonra nəinki, bir şeyi əldən vermirlər, hətta başqa bir şey də əldə edirlər. Әgər nadanlıq həqiqi gerçəklik olsaydı, elm öyrənmək nadanlığın əldən verilməsinə səbəb olduğu üçün, o da cismin bir forma və keyfiyyətini əldən verərək digər bir forma və keyfiyyət əldə etməsi kimi bir sifətin digər bir sifətə çevrilməsi olardı.

Yoxsulluq da bir şeyin olması və varlılıq deyil, heç nəyə malik olmamaq deməkdir. Yoxsul, öz növbəsində yoxsulluq adlı bir şeyə malik olana deyil, sərvət adlı şeyə malik olmayan şəxsə deyilir. Yə`ni o da varlı şəxs kimi deyil və onun haqqında məsələn «o da bir şeyə malikdir və onunla varlı arasındakı fərq, varlının sərvətə, onun isə yoxsulluğa malik olmasıdır» demək olmaz.

Ölüm də bir şey əldə etmək deyil, bir şeyi əldən vermək deməkdir. Çünki, canlılıq və həyat sifətini əldən verən və cansız bir şeyə çevrilən cism tərəqqi deyil, tənəzzülə uğrayıb.

Lakin yırtıcı və vəhşi heyvanlar, mikroblar, sellər, zəlzələlər və bəlalar ölümə və ya bir üzvün əldən verilməsinə səbəb olduqları və ya iste`dadların kamilliyə çatmalarına mane olduqları üçün pisdirlər. Әgər yırtıcılar ölüm və ya xəstəliyə səbəb olmasaydılar, pis olmazdılar. Həmçinin əgər bitgilərə zərər vuran ziyanvericilər, ağaclar və ya meyvələrin məhv olmasına səbəb olmasaydılar, şər hesab edilməzdilər. Sel və zəlzələlər insan tələfatına və ya maddi ziyanlara səbəb olmasaydılar, pis olmazdılar. Pislik həmin tələfat və ziyanlardadır. Biz yırtıcı heyvanı onun xüsusi mahiyyətinə görə deyil, başqasının həyatını əlindən aldığı üçün pis adlandırırıq. Әslində zati cəhətdən pis olan, həyatın əldən verilməsidir. Әgər yırtıcı mövcud olsa, lakin yırtıcılıq etməsə, yə`ni kiminsə həyatını əlindən almasa pis sayılmayacaq. O, mövcud olaraq başqasının həyatını əlindən alanda pis olur.

Səbəb-nəticə qanunu baxımından, adətən mikrob, sel, zəlzələ, müharibə və bu kimi ikinci qism pisliklərin səbəbi həqiqi yoxluqlar, yə`ni yoxsulluq, nadanlıq və bu qism işlərdir. Belə ki, onlar yoxluqların mənşəyi olduqları üçün pisdirlər.

Biz bu növ pisliklərlə mübarizə aparmaq üçün əvvəlcə birinci qism pisliklərlə mübarizə aparmalı və nadanlıq, acizlik, yoxsulluq kimi boşluqları doldurmalıyıq ki, onlar ikinci qism pisliklərə yol tapa bilməsinlər.

Bu məsələ əxlaqi işlər və çirkin sifətlər barəsində də eynidir. Zalım məzlumun haqqını tapdadığı üçün pisdir. Haqq hər hansı bir varlığın müəyyən bir şeyi əldə etmək haqqına malik olduğu və almalı olduğu şeydir. Məsələn, elm insan iste`dadının tələb etdiyi və ona tərəf irəlilədiyi bir kamaldır və buna görə də insan, onu əldə etmək haqqına malikdir. Әgər birindən elm öyrənməsi haqqını alsalar və ona elm öyrənmək icazəsi verməsələr, bu zülm və pis bir işdir. Çünki, həmin iş insanın kamala çatmasına maneçilik törədir və onun kamal əldə edə bilməməsinə səbəb olur. Həmçinin zülm, zalım şəxsin özü üçün də pisdir, çünki, o, həmin şəxsin ali iste`dadları ilə ziddiyyətdədir. Әgər zalımın qəzəb qüvvəsindən başqa üstün bir qüvvəsi olmasaydı, zülm etmək onun üçün pis sayılmaz, hətta mə`na verməzdi.

Beləliklə, pisliklərin hamısının yoxluq növündən olmasını bildikdən sonra «dualizm» məsələsi iradının cavabı aydınlaşır. Dualizmin iradı belə idi ki, dünyada iki növ varlıq olduğu üçün onun iki mənşə və yaradanı olmalıdır.

Həmin iradın cavabı budur ki, dünyada yalnız bir növ varlıq var və o, yaxşılıqlardır. Pisliklərin hamısı yoxluqlar qismindəndir və yoxluqlar varlıq deyildirlər. Yoxluq «yaratmaqdan» deyil, «yaratmamaqdan»dır. Dünyada iki yaradanın – biri varlıqların, digəri isə yoxluqların yaradanı olmasını demək olmaz. Varlıqla yoxluğun misalı günəşlə kölgə kimidir. Biz günəşin qabağından bir şey asanda həmin səbəbdən gün düşmədiyi üçün qaranlıq qalan yeri kölgə adlandırırıq. Kölgə nədir? Kölgə qaranlıq və zülmətdir, zülmət isə nurun olmamasından başqa bir şey deyildir. Biz «nur günəşin dünyanı işıqlandıran gövdəsindən saçır» deyəndə, kölgənin haradan saçdığını və zülmətin mənbəyinin hara olmasını soruşmamalıyıq. Kölgə və zülmət heç nədən saçmır və onların özlərinin müstəqil mənbələri yoxdur.

Filosofların «şərlər zati deyil, ərəzi və aksidensal şeylərdir» cümlələrinin mə`nası da budur.

  680
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış
      Davranış

 
user comment