Azəri
Monday 25th of March 2019
  1079
  0
  0

Şərqi Azərbaycanın imanlı və inqilabçı əhalisi ilə görüş

Şərqi Azərbaycanın imanlı və inqilabçı əhalisi ilə görüş

Bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Azərbaycan əhalisi ilə görüşdə bu il bəhmən ayının 22-də baş tutmuş ümumxalq yürüşündə xalqın izdihamlı və diqqətəlayiq iştirakını Tanrının böyük möcüzəsi adlandıraraq xüsusilə vurğuladı: “22 bəhmən günü İran xalqı ayıq-sayıqlıq, uzaqgörənlik, böyük əzm və Allah-Taalanın dəstəyi ilə İslam Respublikasının bütün əleyhdarlarına sərt cavab verdi və hər kəsə vəzifəsini bəyan etdi”.

Təbriz əhalisinin 1356-cı il, 29 bəhmən günü baş tutmuş tarixi qiyamı ərəfəsində keçirilən bu görüşdə İslam İnqilabının Rəhbəri bu şəhərin və bütövlükdə Azərbaycan camaatının bu effektiv inqilabi hərəkatını yüksək qiymətləndirərək, habelə İslam İnqilabının sarsılmazlığının, dünya xalqları arasında nüfuz qazanaraq böyük təsir buraxmasının səbəblərini açıqlayaraq əlavə etdi: “İslam İnqilabı, bu hərəkatın müdrik imam Xomeyni (r.ə) tərəfindən irəli sürülmüş haqq çağırışları və amalları İranın müsəlman əhalisinin xisləti ilə uyğunluq təşkil etdiyi üçün zaman keçdikcə müqəddəs bir fidan kimi daha da qol-budaq atdı, təsirini xeyli gücləndirdi, Uca Yaradanın lütf və mərhəməti sayəsində milyonlarla insanı özünə tərəf çəkdi”.

Zaman keçdikcə məhdudlaşıb effektivliyini itirən digər ictimai hərəkat və tendensiyalardan fərqli olaraq İslam İnqilabının ölkə daxilində, habelə müxtəlif xalqlar arasında günü-gündən nüfuzunun daha da artdığını qeyd edən Həzrət Ayətullah Xamenei təkidlə dedi: “Bu qalıcılığın, bu sarsılmazlığın sirri İslam İnqilabının haqq uğrunda həyata keçirilmiş bir hərəkat olmasındadır. Məhz elə buna görə də bu il 22 bəhmən günündə və İslam İnqilabının 31-ci ildönümündə baş tutan ümumxalq yürüşlərində insanlar əvvəlki illərə nisbətən dəfələrlə daha izdihamlı, emosional və qətiyyətli iştirak nümayiş etdirdilər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam İnqilabının düşmənləri, habelə qəsdən, yaxud bilməyərəkdən düşmənlərin sözünü təkrar edən insanlar belə qələmə verməyə çalışırlar ki, İslam İnqilabı öz yolundan sapınıb. Lakin reallıq budur ki, bu gün İslam İnqilabı eynilə inqilabın ilk dövrlərində dahi imam Xomeyninin (r.ə) istiqamət verdiyi kursu və qarşıya qoyduğu hədəfləri rəhbər tutaraq irəliləyir”.

Ali Məqamlı Rəhbər xüsusilə vurğuladı: “İslam İnqilabı öz kursundan və başlıca hədəflərindən sapınmış olsaydı, onun adı gələndə, bu qədər əzəmətli bir izdiham, qəlbi iman və stimulla dolub-daşan bu qədər insan əsla ayağa qalxmazdı”.

Xalqın İslam İnqilabına və onun ideologiyasına sadiq qalmasının onun qüdrət və nüfuz qazanması, uca amallarına yetişməsi, Tanrının savab və mükafatına layiq görülməsi ilə nəticələndiyini deyən Həzrət Ayətullah Xamenei təkidlə qeyd etdi: “İslam İnqilabı ilə bağladığı əhd-peymandan üz döndərən, yaxud əyintilərə yol verən şəxslərin bu əməli onların öz zərərinə sonuclanacaq. Çünki İslam İnqilabı tam qüdrəti ilə öz yoluna davam edəcək; inqilabdan əl götürən, yaxud düşmənə uyub ona qarşı çıxan şəxslər isə özləri çox şey itirib ziyan çəkəcəklər”.

22 bəhmən günü xalqın diqqətəlayiq iştirakını və həmin gün Allah-Taalanın böyük bir möcüzəsinin baş verdiyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “İslam rejiminə qarşı qəsdən, yaxud qəflət ucbatından ədavət apardığından asılı olmayaraq düşmənlər və İslam dövlətinin əleyhdarları hələ bir müddət öncədən 22 bəhmən günü camaat arasında qarşıdurma yaratmaq, ictimaiyyətə xalqın İslami rejimdən üz çevirdiyini aşılamaq üçün planlar hazırlamışdılar. Lakin İran xalqı ayıq-sayıqlıqla, uzaqgörənliklə, böyük əzmlə, qəlblərində bu oyanışı yaratmış Tanrının qüdrət əlinin yardımı ilə 22 bəhmən günü möhkəm bir yumruqda birləşib bütün əleyhdarlarının ağzının üstündən vurdu”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Həmin gün xalq hər kəsin üzərinə düşən bir vəzifəni bəyan etdi. İslam dövlətinin bütün düşmənləri (istər xarici düşmənlər, istərsə də ölkə daxilindəki opponentlər olsun) özlərinə gəlib xam xəyallardan əl çəkməlidirlər”.
 
Həzrət Ayətullah Xamenei xüsusilə vurğuladı: “Hələ bir müddət öncə bəzi Qərb liderləri, o cümlədən ABŞ prezidenti mütəmadi olaraq İran xalqı ilə bağlı açıqlamalar verirdilər. Lakin 22 bəhmən yürüşündə xalqın izdihamlı iştirakı onları rüsvay etdi. Allah onları xar etdi!”  

Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkə daxilindəki bəzi qüvvələr də qəflət, şüursuzluq, yaxud inad və düşmənçilik ucbatından daim İslam dövlətinin ümumxalq hərəkatının əleyhinə danışır, xalq barədə açıqlamalar verirdilər. Lakin 22 bəhmən günü bir daha xalqın hansı niyyətdə olduğunu, nə istədiyini aşkara çıxardı”.

İslam İnqilabının Rəhbəri qeyd etdi: “Belələri öz fantaziyalarına uyub elə təsəvvür edirdilər ki, xalq İslam İnqilabından və imam Xomeyni (r.ə) kursundan üz çevirib. Lakin 22 bəhmən günü onlara sərt bir cavab oldu”.

Bəzi imperialist dövlətlərinin də İranla bağlı fantaziyalar qurduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Əksər hallarda hətta öz xalqı tərəfindən belə qəbul olunmayan bu hegemon dövlətlər öz bəyanatlarında belə bir təsəvvür formalaşdırmağa çalışırlar ki, guya dünya ictimaiyyəti İslam Respublikasının əleyhinədir. Halbuki, bir çox dövlətlər və xalqlar miqyasında dünya ictimaiyyəti məhz bu hegemon dövlətlərdən narazıdır və heç bir vəchlə İslam Respublikasının əleyhinə deyil”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Sionist təşkilatların təsiri altında olan bu hegemon dövlətlər, sözsüz ki, İslam Respublikasının əleyhinə olmalıdırlar. Çünki İslam rejimi bütün dünyada ədalətin bərqərar edilməsi çağırışını səsləndirir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi: “Qaniçən dünya kapitalist şəbəkəsi bizi tərifləməyə başlasa, həmin günü yas tutmalıyıq!”         

İranın öz mövqeyindən ‒ bir çox xalqların və dövlətlərin sözünü deməkdən heç vaxt çəkinməyəcəyini, bütün bu ədavət və təhdidlərdən heç bir vəchlə qorxmayacağını vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Biz imperializmin, işğalçı rejimlərin hakimiyyətinin, bir neçə ölkənin dünyaya ağalıq etməsinin əleyhinə olduğumuzu, buna qarşı mübarizə apardığımızı və həmin dövlətlərə dünyanın müqəddəratı ilə oynamağa icazə verməyəcəyimizi  açıq-aşkar elan edirik”.       
   
İmperialistlərin İranda nüvə enerjisi, insan haqları və demokratiya məsələləri ilə bağlı uydurduğu cürbəcür bəhanə və yalanların əsl səbəbinin məhz İran xalqının qətiyyətli mövqeyi və mübarizliyi olduğunu deyən Həzrət Ayətullah Xamenei qeyd etdi: “Hal-hazırda Amerika növbəti dəfə həmin yalanları təkrar etmək üçün öz sərsəri nümayəndələrini Fars körfəzinə göndərib. Lakin indi artıq heç vaxt onların yalanlarına inanmır. Çünki Amerika heç vaxt region xalqlarının mənafeyini güdməyib; əksinə, regionu öz çirkin mənafeyi naminə bacardığı qədər tapdalayaraq əzib”.

İslam İnqilabının Rəhbəri müharibə siyasətini, əslində, Amerikanın apardığını vurğulayaraq əlavə etdi: “ABŞ Fars körfəzini silah bazasına çevirərək İraq və Əfqanıstana, o cümlədən Pakistana hücumlar edib. Buna baxmayaraq o, belə bir vəziyyətdə hələ də İran İslam Respublikası əleyhinə yalanlar uydurmaqla məşğuldur”.
     
Həzrət Ayətullah Xamenei təkidlə vurğuladı: “Regiondakı bütün xalqlar və əksər dövlətlər bilirlər ki, İran İslam Respublikası yalnız və yalnız sülhün, qardaşlığın, regiondakı, habelə bütün müsəlman dünyasındakı dövlətlərin qürur və başıucalığının tərəfdarıdır”.

İslam İnqilabının Rəhbəri Amerika rəsmilərinin son dövrdə atdığı addımları və verdiyi bəyanatları əks-reaksiya tədbirləri adlandıraraq dedi: “İİR bu il artıq neçənci dəfədir ki, imperializmə qarşı mübarizəsində qələbə çaldı və onlar məğlub oldular”.

İslam İnqilabının Rəhbəri seçkidən sonra baş verən hadisələri bəzi şəxslərin nadanlığının və yanlış mülahizəsinin nəticəsi kimi dəyərləndirərək əlavə etdi: “Düşmən bu olaylardan istifadə etməklə İİR-nı zəiflətməyə çalışırdı, lakin bütün bunlar nəinki dövlətimizi zəiflətmədi, hətta İslam rejiminin əvvəlkindən də çox güclənməsinə səbəb oldu”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Seçkidən öncə düşmənin pusquda durduğunu sübuta yetirməyə ehtiyac var idisə, seçkidən sonra baş verən olaylarda xalq özü şəxsən bunun şahidi oldu, məhz buna görə də durmadan meydanlara axışdı və bu, həmişə belə olacaq!”

Ali Məqamlı Rəhbər qeyd etdi: “Bundan sonra xalqımız bütün sahələrdə, o cümlədən elm və sənaye, ticarət və müxtəlif əmək sferalarında daha ciddi bir stimulla irəliləyəcək”.

Xalqın 22 bəhmən günü imza atdığı əzəmətli hərəkatdan və ciddiyyətlə nümayiş etdirdiyi ayıq-sayıqlıqdan sonra ölkə rəsmilərinin üzərinə ağır bir məsuliyyətin düşdüyünü deyən İslam İnqilabının Rəhbəri xüsusilə əlavə etdi: “Xalq İslam İnqilabını, dövləti və inqilabi dəyərləri müdafiə etməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Bu səbəbdən də ölkə rəsmiləri, üçlü hakimiyyət qüvvələrinin rəsmiləri və bütün məmurlar xalqın xidmətində ehtiramla hazır durmalı, daha artıq ciddiyyət və səylə cəmiyyətin qayğı və problemlərinin həlli yolunda çalışmalıdırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İmanlı və iradəli bir insanın həll etməyə qadir olmadığı heç bir problem yoxdur. Uca Yaradanın lütfü sayəsində dövlət rəsmiləri, üçlü hakimiyyət qüvvələrinin rəsmiləri və xalqın nümayəndələri problemlərin həllini tapması üçün var-qüvvəsi ilə çalışacaqlar”.

Ali Məqamlı Rəhbər təkidlə vurğuladı: “İran xalqını parlaq bir gələcək gözləyir! Bu xalq qarşısına məqsəd qoyduğu ən uca zirvələrə çatmağı qərara alıb və mütləq bunu edəcək! İnşaallah, İran xalqı qürur, qüdrət və əzəmətə çatmaqda dünya xalqlarına örnək olacaq!”
 
Çıxışının digər qismində Təbriz və Azərbaycan əhalisinin iki üstün keyfiyyətini qeyd edən İslam İnqilabının Rəhbəri dedi: “Təbriz camaatı həmişə avanqard olmuş, təşəbbüsü əldən buraxmamışdır. 1356-cı il, 29 bəhmən (18 fevral, 1978-ci il)  qiyamı da buna nümunədir. Belə ki, Təbriz əhalisi bu böyük işi görməsəydi, ölkədə ərbəinlər (vəfatın 40-cı günü) silsiləsi meydana gəlməzdi”.

Sədaqət və vəfadarlığı Təbriz şəhərinin, o cümlədən bütün Azərbaycan əhalisinin digər üstün cəhəti adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabının əvvəllərində Təbrizdə qiyam baş verdiyi zaman bu şəhərin əhalisinin əzminə, qeyrətinə, müdrikliyinə və uzaqgörənliyinə yaxşı bələd olan imam Xomeyni (r.ə): “Camaat özü iğtişaşçıların cavabını verəcək!” ‒ demiş və elə İmamın (r.ə) buyurduğu kimi də olmuşdu!”

Ali Məqamlı Rəhbər qeyd etdiyi xüsusiyyətlərin Təbriz və Azərbaycan əhalisində daim müşahidə olunduğunu da deyərək əlavə etdi: “Bu gün də Təbriz şəhərinin sevimli gəncləri nə imam Xomeynini (r.ə), nə Müqəddəs Müdafiə Hərəkatını, nə də cəsur döyüş komandirlərini görmədiklərinə baxmayaraq 1356-cı il, 29 bəhməndə Təbriz gənclərinin nümayiş etdirdiyi mübarizlik və uzaqgörənliklə ölkənin ictimai-siyasi və döyüş meydanlarında hazırdırlar”.

Görüşün əvvəlində Təbriz şəhərinin İmam-cüməsi və Vəliyyi-fəqihin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Ayətullah Müctəhid Şəbüstəri çıxış edərək Təbriz xalqının 1356-cı il, 29 bəhmən qiyamını, Şərqi Azərbaycan camaatının zülm və istibdada qarşı mübarizədə inqilabi keçmişini ehtiramla yad edərək dedi: “Təbriz camaatının avanqard əhval-ruhiyyəsi onuncu prezident seçkilərində yüz faiz artan iştirakla bir daha təzahür etdi. Aşura günü baş vermiş olaydan sonra da Təbriz əhalisi daha bir tarixi qəhrəmanlığa imza atdı”.

Daha sonra o əlavə etdi: “Azərbaycan camaatı bu il 22 bəhmən günü baş tutmuş ümumxalq yürüşündə yüksək səviyyədə iştirak etməklə mərhum imam Xomeyninin (r.ə) və Ali Rəhbərlik Məqamının uca amallarına bağlı olduqlarını bir daha nümayiş etdirdilər”.

  1079
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment