Azəri
Sunday 18th of August 2019
  865
  0
  0

ӘLİ (Ә) QUR᾿ANİ-KӘRİMDӘ

26. ӘLİ (Ә) QUR᾿ANİ-KӘRİMDӘ

Bə᾿zi alimlər iddia edirlər ki, Әli (ə) şiə məzhəbinin təsəvvürləri qədər fəzilət sahibi olsaydı, mütləq Qur᾿ani-Kərimdə adı çəkilərdi. Әvvəla qeyd etməyi lazım bilirik ki, bir şəxsin Qur᾿ani-Kərimdə adının çəkilib-çəkilməməsi onun fəzilətini təsdiq və ya təkzib etmir.

Zeyd ibni Haris sadə bir müsəlman olmasına baxmayaraq, səhabələr arasında yeganə şəxsdir ki, Qur᾿ani-Kərimdə adı ilə zikr olunmuşdur.(31)

Qur᾿ani-Kərim şəxsən Peyğəmbərə (s) nazil olub, amma o həzrətin adı bu müqəddəs kitabda yalnız beş dəfə çəkilmişdir. (Ali-İmran-144, Әhzab-40, Səff-6, Məhəmməd-2, Fəth-29.) Әgər bir şəxsin adının Qur᾿anda zikr olunması fəzilət olsaydı, Peyğəmbərin (s) mübarək adı hamıdan artıq zikr olunmalı idi. Halbuki Adəm, Nuh, Musa, İsa, İbrahim və başqa peyğəmbərlərin adları İslam Peyğəmbərinin (s) adından dəfələrlə artıq zikr olunmuşdur.

Bilmək lazımdır ki, ilahi ne᾿mət olan ağıl və zəka biz insanlara ona görə verilmişdir ki, düşünməyi, nəticə çıxarmağı bacaraq. Әgər gözlərimizin önünə pərdə çəkən təəssübkeşlikdən yaxa qurtarıb Qur᾿ani-Kərimə nəzər salsaq, Әli (ə)-ın təkzibolunmaz fəzilətlərini rahat şəkildə müşahidə edə bilərik. Bu fəzilətlər o qədər çoxdur ki, əhli-sünnət təfsirçiləri Әbu Nəim İsfahani və Әbu Bəkr Şirazi Әli (ə) haqqında nazil olan ayələri toplayaraq xüsusi bir kitab yazmışlar. (Ma xəzələ minəl-qur᾿ani fi Әli, Nüzulul-qur᾿ani fi Әli). Әgər biz imam Sə᾿ləbi, imam Fəxri Razi, Siyuti, imam Әhməd ibni Hənbəl, Təbəri, Müslüm, Nəsai, İbni Həcər kimi alimlərin kitablarına baxsaq, Әli (ə) barəsində nazil olan ayələrin təkcə əhli-sünnət kitablarında 300-dən artıq olduğunu görərik. Bu qədər dəlillərin müqabilində - Әli (ə)-ın adı Qur᾿anda yoxdur - deyə, inad etməyimiz Bəni-israilin - Allahı görməsək iman gətirmərik - deməsinə bənzəmirmi?

Burada Әli (ə)-ın fəzilətlərini isbat edən bir neçə ayəni misal olaraq əziz oxuculara təqdim edirik.

1. «Sənə əta olunan elm və hikmətdən sonra səninlə hər kəs mübahisə etsə de ki, gəlin biz öz oğlanlarımızı, siz də oğlanlarınızı, biz öz qadınlarımızı, siz də öz qadınlarınızı, biz öz cavanlarımızı, siz də öz cavanlarınızı çağıraq. Sonra (haqqın sübut olunması üçün) bir-birimizə nifrin edib Allahın lə᾿nətini kafir şəxslərə istəyək.»(32)

Ayənin nazilolma səbəbi çox maraqlıdır. Bir dəstə xristian həzrət Peyğəmbərin (s) hüzuruna gəlib İslamın İsa peyğəmbərin barəsində nə buyurduğunu soruşdular. Peyğəmbər (s) İsanın bir insan olduğunu, Allah və ya Allahın oğlu olmadığını buyurdu. Onlar, bəs onun atası kim idi? deyə soruşdular. Həzrət onların cavabında bir sual buyurdu: Adəm insan idi, yoxsa Allah? Dedilər: Şübhəsiz ki, insan idi. Həzrət soruşdu: Bəs onun atası kim idi?!

«Allah yanında İsanın misalı Adəm kimidir ki, onu torpaqdan yaratdı, sonra ona bir “ol” kəlməsi dedi, o da oldu.»(33)

Bu möhkəm dəlillərin müqabilində xristianlar yenə də inad etmək istəyəndə, qeyd etdiyimiz ayə nazil olaraq onları mübahisəyə də᾿vət etdi.

İmam Fəxri Razi, imam Sə᾿ləbi, Siyuti, Zəməxşəri, Müslüm və başqaları bu ayəni şərh edərkən yazmışlar:

«Zil-hiccə ayının 25-də xristianlar bu mübahiləyə hazır olduqlarını e᾿lan etdilər. Bu zaman Peyğəmbər (s) sağ tərəfində Әli, sol tərəfində Fatimə, qarşısında isə Həsən və Hüseyn qalanın (Mədinə) qapısından gəlirdilər. Xristianlar bu nurani şəxsləri görüb nifrin etməkdən boyun qaçırdılar.»

Ayəyə diqqət etsək görərik ki, Peyğəmbər (s) üç dəstə şəxsi mübahiləyə də᾿vət edir: Oğlanlarımız, qadınlarımız və canlarımız (özümüz).

Hadisənin təfsilatı göstərdi ki, oğlanlarımız Həsən və Hüseynə, qadınlarımız Fatimə xanıma, canlarımız (özümüz) isə Әli (ə)-a olunan işarədir. Qur᾿anın bu mübarək ayəsində «canlarımız» kəlməsinin Әli (ə) olduğunu bütün əhli-sünnət təfsirçiləri təsdiq etmişlər.

2. «Həqiqətən sizin mövla və rəhbəriniz Allah, Allahın rəsulu və iman gətirən, namaz qılıb rüku halında zəkat verənlərdir.»(34)

Bu ayənin barəsində böyük təfsirçilərin nəzər və fikirlərini bəyan etməzdən öncə, ayənin mə᾿nasına diqqət yetirək. Әgər ayənin sonunu «namaz qılıb, zəkat verib, rüku edənlər» kimi tərcümə etsək, bu ayə bütün mö᾿minlərə şamil olar. Çünki, bütün mö᾿minlər namaz qılır, zəkat verir və rüku edirlər. Lakin ayənin qrammatik quruluşu göstərir ki, bu tərcümə düzgün deyildir. Təəssüflər olsun ki, bizim hörmətli tərcüməçilərimiz də bu ayəni Azərbaycan dilinə belə tərcümə etmişlər. Lakin ayənin sonunda «rüku edən halda» ifadəsi göstərir ki, bu ayə xüsusi bir hadisəyə işarə edir. Ayə rüku halında zəkat verən müəyyən bir şəxsdən söhbət açır. Rüku etdiyi halda zəkat və sədəqə verən şəxs kim idi?

İmam Sə᾿ləbi, imam Fəxri Razi, Carullah Zəməxşəri, İbni Sə᾿dun Qurtəbi, Fazil Nişapuri, Әbu Bəkr Cəssas, Әbu Bəkr Şirazi, Beyzavi, Siyuti, Şukani, imam Nəsai, İbni Təlhə Şafei, İbni Səbbağ Sibti, ibni Cuzi və başqa əhli-sünnət alimləri bu ayənin şərhində müxtəlif ifadələrlə yazmışlar:

«Bu ayə nazil olan kimi Peyğəmbər (s) məscidə getdi. Bu zaman bir dilənçinin sevincək məsciddən çıxdığını gördü. Həzrət bunun səbəbini soruşduqda, dilənçi namaz halında olan bir şəxsi göstərib dedi: O rükuda olduğu zaman əlini mənə tərəf uzadıb barmağındakı bu üzüyü mənə verdi. Peyğəmbər (s) namaz halında olan şəxsin Әli (ə) olduğunu görəndə təkbir deyərək buyurdu: Ayə Әlinin barəsində nazil olmuşdur.»

3. «Həqiqətən Allah iradə etmişdir ki, siz Әhli-beyti bütün pisliklərdən təmizləyib, sizi tamamilə paklığa çıxarsın.»(35)

Ayədə Peyğəmbər (s) Әhli-beytinin bütün pisliklərdən, günahlardan tamamilə paklanmasından söhbət açılır. Ayəni təfsir edərkən bə᾿zi alimlər Әhli-beytin Peyğəmbərin (s) xanımları olduğunu demişlər. Lakin ərəb dilinin çoxşaxəli, geniş bir dil olduğunu nəzərə alsaq, ayədə qadınlar deyil, kişilər barəsində söhbət açıldığını rahat şəkildə anlaya bilərik. Azərbaycan dilindən fərqli olaraq, ərəb dilində hər hansı bir cümlədə nəzərdə tutulan şəxslərin qadın və ya kişi cinsindən olduğunu anlamaq çox asandır.

Bu ayədə həm Әhli-beyt sözünə işarə olunan əvəzliklərin kişi cinsində olması yuxarıdakı təfsirin yanlış olduğundan xəbər verir. Doğrudur, bu ayədən əvvəl və sonra gələn ayələr Peyğəmbərin (s) xanımlarından söhbət açır. Lakin bütün bu ayələr qadın cinsindən olmaları ilə bu ayədən tamamilə fərqlənirlər. Qur᾿ani-Kərimin digər ayələrində də belə hallara təsadüf etmək olar. Məsələn, Yusif surəsinin 29-cu ayəsinə diqqət edək:

«Yusif, bu məsələdən vaz keç və öz günahından tövbə et…»

Ayənin zahirindən hər iki əmrin Yusif peyğəmbərə olunmasını başa düşürük. Lakin ikinci əmrin qadın cinsində olması bunun Yusifə deyil, Züleyxaya aid olunduğunu açıqlayır. Gördüyünüz kimi bir ayənin daxilində qrammatik cinsiyyət, mövzuları bir-birindən tamamilə ayırır. Necə ki, Müslim ibni Həccac «Səhih» kitabında Hüseyn ibni Səmrədən nəql edir:

«Zeyd ibni Әrqəmdən soruşdum ki, Peyğəmbərin (s) xanımları bu ayədə Әhli-beytə daxildirlərmi? Cavab verdi: Allaha and olsun ki, xeyr. Çünki qadınlar bir müddət kişinin evində qalırlar. Təlaqdan sonra isə başqa bir şəxsin evinə gedirlər. Әhli-beyt yalnız o kəslərdirlər ki, hansı evdə olsalar da, Peyğəmbərin (s) yaxın qohumu sayılırlar.»

İmam Fəxri Razi, imam Sə᾿ləbi, Siyuti, İbni Həcər Әsqəlani, imam Әhməd ibni Hənbəl, Müslim ibni Həccac, Şeyx Süleyman Hənəfi, İbni Həcər Məkki, Məhəmməd Təbəri bu ayənin barəsində nəql etdikləri hədisdə deyirlər:

«Әhli-beyt Peyğəmbər (s), Әli (ə), Fatimə, Həsən və Hüseynə şamil olur.»

Yeri gəlmişkən qeyd edək ki, həzrət Fatimənin buraya daxil olması ayənin kişi cinsindən olmasına maneçilik törətmir. Әrəb dilinin qrammatik qaydalarına əsasən bir toplumda həm kişi, həm də qadın olarsa, cümlə kişi cinsini ifadə edən bir formada olur (ərəb dilində buna təğlib-qələbə deyilir). Qur᾿ani-Kərimin bütün ayələri həm kişilərə, həm də qadınlara aid olmasına baxmayaraq, kişi cinsində işlədilmişdir.

Beləliklə, Әli (ə)-ın fəzilətlərini əks etdirən yüzlərlə ayədən üçü ilə xülasə şəkildə tanış olduq.

 

 

27. ӘLİ (Ә)-IN İMAMӘT VӘ XİLAFӘTӘ TӘ᾿YİN OLUNMASI

Ötən bəhslərimizdə Peyğəmbərin (s) xəlifəsi, yə᾿ni İslam ümmətinin rəhbər və imamının tə᾿yinolunma üsulları barədə danışdıq. Qeyd etdik ki, şiə məzhəbinin əqidəsinə görə İslam ümmətinin rəhbər və imamı yalnız ilahi əmrlə tə᾿yin olunmalıdır. Bütün aqil insanlar kimi, Peyğəmbər (s) də özündən sonra İslam hökumətini və müsəlmanları öz ixtiyarına buraxıb gedə bilməzdi. Başqa dinlərdən fərqli olaraq müqəddəs İslam dini müəyyən zaman və məkan çərçivəsində məhdudlaşmır. İslamın hökmlərinə diqqət etsək görərik ki, bu hökmlər təkcə Peyğəmbərin (s) 23 illik risalət dövrünü deyil, qiyamətə qədər olacaq bütün zamanları əhatə edir. Bəs bütün bu hökmlərin fövqündə dayanan, demək olar ki, İslamın müqəddəratını həll edən hakimiyyət məsələsi həll olunmamış qala bilərdimi? Şübhəsiz ki, bu talehyüklü məsələ ilahi göstərişlə həll olunmalı, ümmətin gələcək taleyi müəyyənləşdirilməli idi.

Tarixi sənədlərdən məlum olur ki, xilafət məsələsi İslam dini nazil olduğu gündən risalətin son gününədək Peyğəmbərin (s) diqqət mərkəzində olmuşdur.

Bəs Peyğəmbər (s) bu ağır məs᾿uliyyəti kimin öhdəsinə qoymuş, imamət və xilafətə kimi tə᾿yin etmişdir? Bu barədə nəql olunan yüzlərlə hədisdən bir neçəsini təqdim edirik:

1. Hədisud-dar:

İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, imam Sə᾿ləbi «Kəşful-bəyan» kitabında, İbni Әhməd Xarəzmi «Mənaqib» kitabında, Məhəmməd Təbəri «Təfsiri-kəbir» və həmçinin «Tarixul-uməmi-vəl-müluk» kitabında, İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» kitabında, İbni Әsir «Kamilut-tarix» kitabında, Həmidi «əl-Cəm bəynəs-səhihəyn» kitabında, imam Nəsai «Xəsaisul-ələvi» kitabında və «Şüəra» surəsinin 214-cü ayəsinin şərhində yazmışlar:

«Bu ayənin hökmünə əsasən Peyğəmbər (s) öz yaxın qohumlarını əmisi Әbu Talibin evinə də᾿vət etdi. Onlar Peyğəmbərin (s) çox az miqdarda hazırladığı yeməkdən yeyib doyduqdan sonra həzrət sözə başladı: (xülasə) Ey Әbdül-müttəlibin övladları! Allah məni xalq üçün Peyğəmbər (s) tə᾿yin etmişdir. Mən sizi sözdə yüngül, həqiqətdə ağır olan iki cümləyə də᾿vət edirəm: Allahdan başqa Allah yoxdur, Məhəmməd Onun rəsuludur. Hər kəs mənim bu də᾿vətimi birinci qəbul etsə mənim qardaşım, vəzirim, varisim və məndən sonra xəlifəm olacaq... Peyğəmbər (s) bu sözləri üç dəfə təkrar etsə də hər dəfə Әli (ə)-dan başqa heç kim cavab vermədi. Bu zaman Peyğəmbər (s) üzünü Әli (ə)-a tutub buyurdu: Sən mənim qardaşım və məndən sonra xəlifəmsən.»

Bu hadisəni müsəlman tarixçilərindən başqa, Tomas Karlil (18-ci əsr Londan), Tol Lehojur (18-ci əsr Paris), Haşim Nəsrani (18-ci əsr Dəməşq) kimi xristian alimləri də öz tarix kitablarında yazmışlar.

2. Hədisus-Səqəleyn:

Otuzdan artıq əhli-sünnət kitablarında, o cümlədən Səhih Müslim, Səhih Әbi Davud, Səhih Termezi, Səhih Nəsai, Müsnəd, Müstədrək, Hilyətul-övliya, Üsdul-ğabə, əl-Cəm bəynəs-səhihəyn, əl-Cəm bəynəs sihah-sittə, Әqdul-fərid, Məhtalibus-sual, Mənaqib, Yənabiul-məvəddə, Şərhu-nəhcil-bəlağə, Fəraidus-simətəyn, Kəşful-bəyan və başqa kitablarda Peyğəmbərdən (s) nəql olunur:

«Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı Qur᾿an, digəri isə mənim Әhli-beytimdir. Bu iki əmanət bir-birindən qiyamətə qədər ayrılmazlar. Hər kəs onlara itaət etsə nicat tapar, onlardan ayrılanlar isə həlak olarlar.»

Hədisin mə᾿nası açıq-aşkar Әli (ə)-ın və onun mə᾿sum övladlarının itaətinin vacib olduğunu bəyan edir.

3. Hədisul-mənzilə:

Bütün şiə və əhli-sünnət alimlərinin nəql etdikləri «Hədisul-mənzilə» rəvayəti Әli (ə)-ın imamət və xilafətini isbat edən təkzibolunmaz faktdır. Hədisdə Әli (ə)-ın Peyğəmbərə (s) olan nisbəti Harunun Musa peyğəmbərə olan nisbətinə bənzədilir. Qur᾿ani-Kərim Harunun Musa peyğəmbərin qardaşı, vəziri, özü olmayanda xəlifəsi olmasından xəbər verir. Peyğəmbərdən (s) nəql olunan bu hədisin mətni belədir:

«Әlinin mənə olan nisbət və məqamı Harunun Musaya olan nisbət və məqamı kimidir. Lakin məndən sonra Peyğəmbər gəlməyəcək.»

Bu hədis müxtəlif şəkilli cümlələrlə 31 əhli-sünnət kitablarında 25 məşhur səhabədən nəql olunmuşdur. (Səhih Buxari, Səhih Müslim, Səhih Termezi, Səhih Nəsai, Tarixi-Təbəri, Müsnədi imam Hənbəli daxil olmaqla).

Gördüyünüz kimi nəql etdiyimiz hədislər «mütəvatir» həddindən keçmişdir. 10-dan (təqribən) artıq yolla nəql olunan hədislərə «mütəvatir» deyilir. «Mütəvatir» hədislərin qondarılma ehtimalı yoxdur. Buna görə də bu hədislər bütün məzhəblərdə səhih və mö᾿təbər sayılırlar.

  865
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment