Azəri
Sunday 24th of March 2019
  856
  0
  0

Hərbi Hava Qüvvələrində xidmət edən yüksək rütbəli hərbçilər, zabitlər, pilotlar və qulluqçularla görüş

Hərbi Hava Qüvvələrində xidmət edən yüksək rütbəli hərbçilər, zabitlər, pilotlar və qulluqçularla görüş

 Bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xamenei Hərbi Hava Qüvvələrində xidmət edən yüksək rütbəli hərbçilər, zabitlər, pilotlar və texniki heyətlə görüşündə İslam İnqilabının sarsılmazlığının və effektivliyinin sirrini bu hərəkatın təməlinin İlahi bir stimulla qoyulmasında, onun ixlas və imanla həyata keçirilməsində gördüyünü deyərək, həmçinin xalqın birlik və həmrəyliyinin qorunub-saxlanmasının vacibliyinə toxunaraq vurğuladı: “İran xalqı 22 bəhmən günü söz birliyi və həmrəylik nümayiş etdirərək imperializm blokunu keçmişdə olduğu kimi bir daha mat qoyacaq”.  
 
1357-ci ilin 19 bəhmən günü (8 fevral, 1979-cu il) baş vermiş tarixi bir hadisənin ‒ Hərbi Hava Qüvvələrində xidmət edən bir qrup zabit və qulluqçunun imam Xomeyninin (r.ə) önündə hərbi and içməsinin ildönümündə baş tutmuş bu görüşdə Ali Baş Komandan bu hadisəni siyasi düşüncə baxımından böyük bir ideoloji çevriliş adlandıraraq dedi: “Bu olayda saf niyyət və xalis imandan doğan stimuldan başqa heç bir faktor hərəkətverici rol oynamamışdır. Məhz buna görə də 1357-ci il, 19 bəhmən günü baş vermiş bu hərəkat tarixin yaddaşına yazıldı və effektiv oldu”.

Təməli İlahi stimul və imanla qoyulmuş İran İslam İnqilabının da məhz bu cəhətinə görə sarsılmaz və effektiv olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “Bu inqilab Allah yolunda, İlahi hökmlərin və ədalətin bərqərar olunması naminə həyata keçirilmiş bir inqilab idi. İran İslam İnqilabı xalqın səyi və sarsılmaz müqaviməti nəticəsində qələbə çaldı, yaşadı və ürəkləri fəth etdi. Məhz bu səbəbdən də İslam İnqilabı tarixdə özünə əbədi yer tutdu, onun aparıcı ideologiyası güclü və sarsılmaz bir ideologiyaya çevrildi”.

İslam İnqilabı düşmənlərinin, imperializm maşınının və sionizmin bu inqilabın ideoloji qüdrət və sarsılmazlığının səbəbini dərk etməkdə aciz olduğunu deyən Həzrət Ayətullah Xamenei xüsusilə qeyd etdi: “Yüzlərlə ən müasir təbliğat və informasiya vasitəsi, cürbəcür hiylə metodlarından istifadə edən yüzlərlə düşünən beyin daim İslam rejiminin əleyhinə anti-təbliğat aparmaqda, plan cızmaqdadır. Lakin hələ bu günə qədər onlar bu rejimə heç bir zərər verə bilməyiblər. Çünki bu dövlətin sarsılmazlığının kökü onun təməlinin İlahi stimul və imanla qoyulmasına gedib çıxır”.  
         
Həzrət Ayətullah Xamenei təkidlə vurğuladı: “Bu gün dünyada üzləşdiyi bu qədər irihəcmli anti-təbliğata, yalanlara, təxribatlara, siyasi-iqtisadi təzyiqlərə və sanksiyalara baxmayaraq İran İslam Respublikası qədər yerində möhkəm durmağı bacaracaq ikinci bir dövlət yoxdur”.

Daha sonra o əlavə etdi: “İslam dövləti bundan sonra da bütün bu təzyiqlərə qarşı ciddi müqavimət göstərəcək. ABŞ, sionizm, ümumilikdə imperialist bloku və Yer üzündəki bütün hegemon qüvvələr siyasi-iqtisadi təzyiq metodlarını işə salmaq, hədələrə, ittihamlara əl atmaq, yaxud öz əlaltılarını provokasiya etməklə bu inqilabın təməlini azacıq belə olsun, laxlada bilməyəcəklər!”

Həzrət Ayətullah Xamenei İran İslam İnqilabının sarsılmazlığının sirrini məhz onun Uca Yaradana və xalqın imanına söykənməsində gördüyünü qeyd edərək dedi: “Elə buna görə də bu xalqın nümayəndələri ölkənin harasında olursa-olsun, İslam İnqilabı üçün ciddi düşmən təhlükəsi hiss etdikdə çağırış gözləmədən küçələrə axışırlar. 9 dey (30 dekabr) tarixində də eynilə bu proses baş verdi”.

İslam İnqilabına düşmən kəsilmiş bədxahların İran xalqının ölkənin ictimai-siyasi meydanında çoxmilyonlu iştirakını gözdən salıb kiçiltmək üçün daim çalışdığını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “9 dey hadisəsi və bu tarixdə baş tutmuş ümumxalq yürüşü o qədər möhtəşəm bir fakt idi ki, düşmənlər bu dəfə onun əzəmətini ört-basdır edə bilməyib təsdiq etməyə məcbur oldular”.

Həzrət Ayətullah Xamenei İslam dövləti üçün təhlükə hiss olunduğu anda xalqın ictimai-siyasi meydanlarda fəal iştirakını imandan, İlahi stimuldan doğan səmimi və effektiv bir hərəkat adlandıraraq  vurğuladı: “Xalqın ölkədə gedən proseslərdə 9 dey yürüşündə olduğu kimi möhtəşəm, çoxmilyonlu iştirakı yalnız Tanrının iradəsi və qüdrəti ilə mümkün ola bilər. Çünki nəyi isə qəlblərə ilham etmək Allahın əlindədir; İslam rejimi İlahi bir hərəkat olduğuna görə Uca Tanrı onu bu cür müdafiə edir”.

Düşmənlərin bu açıq-aşkar reallığı dərk etməkdə aciz olduğunu deyən İslam İnqilabının Rəhbəri əlavə etdi: “İslam dövlətinin bu həqiqəti dərk etmək iqtidarında olmayan əleyhdarları daim təhdidlərə əl atır və elə güman edirlər ki, “insan haqları”, “demokratiya” adı altında qurduqları hiylələrlə İslam Respublikasında zəif bir nöqtə tuta biləcəklər. Halbuki, bütün bu hiylələr dünya ictimaiyyəti üçün artıq gülünc bir hal alıb”.

Həzrət Ayətullah Xamenei xüsusilə vurğuladı ki, bu gün bütün dünyada insanlar imperializmin başçılarına nifrət bəsləyir və məhz bu, dünya ictimaiyyətinin onların “insan haqları” və “demokratiya” kimi yalançı şüarlarına inanmadığını göstərir. Daha sonra o qeyd etdi: “İnsanların elementar hüquqlarını həbsxanalarda, başdan-başa bütün dünyada, hətta öz xalqlarına münasibətdə ayaqlar altına atanlar, işgəncələri rəsmən qanuniləşdirənlər insan haqlarından dəm vururlar. Məgər bir ölkə üçün bu, utanc mənbəyi deyilmi?”

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu demokratiya iddiaçıları dünyanın, o cümlədən Orta Şərq və Şimali Afrika regionunun ən mürtəce və diktator hökumətləri ilə qardaşlıq müqavilələri bağlayır, bundan sonra isə demokratiyadan dəm vururlar”.

Həmçinin İslam İnqilabının Rəhbəri aşağıdakıları da vurğuladı: “Dünya ictimaiyyəti “insan haqları”nın keşiyində durduğunu iddia edənlərin səsləndirdiyi bu şüarları onların əməlləri ilə müqayisə etdikdə bu şüarların doğruluğuna heç bir vəchlə inanmır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Belə bir keçmişə və mənfi əməllərə sahib olan bu yalançı iddiaçılar səsvermə hüququ olan vətəndaşlarının 85 faizini seçki məntəqələrinə gətirmək iqtidarında olan İran İslam Respublikasını ölkədə demokratiyanın olmamağında ittiham edirlər. Halbuki, ABŞ-ın və digər imperialist dövlətlərin bu cür sözlər danışması və belə bir münasibət bildirməsi dünya xalqları üçün gülüncdür”.

Ötən 30 il ərzində beynəlxalq arenada İİR-na qarşı hədə, ittiham və qadağalar atmosferinin mövcud olduğunu, belə bir şəraitdə İran xalqının ayıq-sayıqlığını itirmədiyini və zəngin təcrübə qazandığını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Belə bir şiddətli piar və təzyiqlər atmosferi içərisində İran İslam Respublikası müdafiə, elm, texnologiya, biologiya, nüvə və lazer texnologiyaları sahəsində böyük nailiyyətlər əldə etməyə müvəffəq olub”.

İslam İnqilabının Rəhbəri İran xalqının birliyinin və həmrəyliyinin qorunub-saxlanılmasının hal-hazırda ölkədə başlıca ehtiyac duyulan amil və düşmənlər üçün göz dağı hesab etdiyini deyərək vurğuladı: “Seçkilərin ardınca ölkədə qəsdən törədilmiş fitnə dolu iğtişaşların əsas məqsədi xalqın arasına ixtilaf və ikitirəlik salmaq idi. Lakin bu məqsəd puça çıxdı və hal-hazırda tam yəqinliklə demək olar ki, seçki məsələsində İran xalqının əzəmətinə qarşı çıxanlar bu xalqa aid deyillər. Onlar qatı əks-inqilabçılar, yaxud da cahillikləri və inadcıllıqları ucbatından əks-inqilabi fəaliyyət göstərən, böyük xalq kütləsinə heç bir aidiyyəti olmayan ayrı-ayrı şəxslərdir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi: “Bu xalqın nümayəndələrinin Allah yolunda həyata keçirdiyi yeganə hərəkat İslam dininin və İslam hökmlərinin bərqərar edilməsi, o cümlədən İslam İnqilabıdır. Xalq istiqlal və başıucalığa qovuşmaq üçün İslamı rəhbər tutaraq öz yoluna davam edəcək!”

Ali Məqamlı Rəhbər əlavə etdi: “Şübhəsiz, bəziləri hələ İslam İnqilabının qələbəsinin ilk illərindən etibarən bu rejimin əleyhinə idilər və ölkədə Amerikanın ağalığının yenidən bərqərar edilməsini istəyirdilər. Hal-hazırda da ölkədə və ölkədən xaricdə belələri var. İnqilabdan zərbə alanların yaxınları və qohumlarından ibarət olan digər bir qrup isə qəlbində 30 illik keçmişi olan kini saxlayıblar; bu kin onların qəlbindən heç bir zaman çıxmayacaq. Başqa bir qrup isə əsasən hakimiyyətin İslam dininə, İslam şəriətinə aid olması ucbatından dövlətə qarşı çıxırlar”.

İslam İnqilabının Rəhbəri təkidlə vurğuladı: “İslami hökumətin bütün bu opponentləri kiçik bir azlığı təşkil edir. Əzəmətli İran xalqı isə ölkədə fərqli siyasi tendensiyaların mövcud olmasına baxmayaraq İslam yolunda, İlahi hökmlərin icrası yolunda birgə və həmrəydir”.

Düşmənin İran xalqının bu söz birliyini və həmrəyliyini pozmağa çalışdığını xatırladan Həzrət Ayətullah Xamenei xüsusilə qeyd etdi: “22 bəhmən günü İran xalqı Allahın yardımı və dəstəyi ilə, habelə özünün söz birliyi və həmrəyliyi sayəsində bütün imperialistləri, o cümlədən ABŞ, İngiltərə və sionistləri həmişə olduğu kimi mat qoyacaq”.

Ali Məqamlı Rəhbər qeyd etdi: “İran İslam Respublikası İslamın rəhbərliyi altında tutduğu şərəf və izzət yolunu, asayiş və təhlükəsizlik yolunu, ədalət, İslam ideologiyasından qaynaqlanan demokratiya yolunu heç bir tərəddüd və durğunluğa yol vermədən qətiyyətlə davam etdirəcək. Bugünkü gənclər və gələcək nəsillər İran xalqının bu illər ərzində imperializmə qarşı mübarizədə topladığı böyük təcrübədən yararlanaraq inkişaf və tərəqqinin ən uca zirvələrini fəth edəcək”.

Ali Baş Komandan əlavə etdi: “İran xalqı kimi müdrik, uzaqgörən, imanlı, əzmkar, İslam əqidəsindən və İslam İnqilabından ruhlanmış azadlıqsevər bir xalq irəliyə doğru hərəkətində heç bir zaman durğunluğa yol verməyəcək!”

Həzrət Ayətullah Xamenei ölkədəki bütün sferaları daha artıq təşəbbüs və əzmkarlığa səsləyərək, həmçinin Hərbi Hava Qüvvələrinin olduqca müsbət nailiyyətlərinə toxunaraq əlavə etdi: “Əldə olunan səviyyə ilə qane olmamaq lazımdır. Hərbi Hava Qüvvələri bütün təşəbbüsləri səfərbər edərək daha artıq irəliləyiş əldə etməli, daim İran xalqının qüdrətinin və mübarizliyinin təcəssümü olmalıdır”.

Çıxışının digər qismində səfər ayının sonuncu ongünlüyünün Həzrət Zeynəbi-Kubranın (s.ə) adı ilə bağlı olduğunu deyən İslam İnqilabının Rəhbəri bu dahi qadının gördüyü işin tarixdə nəhəng miqyasını, effektivliyini və unudulmazlığını qeyd edərək dedi: “Həzrət Zeynəb (s.ə) İlahi bir stimulla, Uca Yaradanın razılığını qazanmaq naminə Aşura hadisələri ilə bağlı bütün dözülməz müsibətlərə ‒ Aşuradan əvvəlki dövrdən tutmuş özünə ən əziz olan insanların şəhadətinə qədər, bundan sonra da əsirlik dövründə üzləşdiyi faciə və məşəqqətlərə dözdü. Elə buna görə də bu dahi qadının gördüyü işin Allah dərgahında nə qədər əzəmətli olduğunu sözlə ifadə etmək mümkün deyil”.

Həzrət Zeynəbi (s.ə) tarixdə dinin və İlahi əmrlərin keşiyində durmuş misilsiz bir şəxsiyyət adlandıran Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İslamın, Allahın göstərdiyi yolun, İslami dəyərlərin qorunub-saxlanması və yayılması ‒ bütün bunlar imam Hüseynin (ə) və Həzrət Zeynəbin (s.ə) İlahi niyyətinin, tükənməz səbrinin, bu iki dahi şəxsiyyətin mübarizliyinin və müsibətlərə sinə gərməsinin bərəkəti sayəsində mümkün olub”.

Görüşün əvvəlində İİR-nın Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Şah Səfi 1979-cu il, 8 fevral günü baş vermiş tarixi hadisəni ‒ HHQ-nin bir qrup zabit və qulluqçusunun imam Xomeyninin (r.ə) önündə hərbi and qəbul etməsini ehtiramla yad etdi. O, Hərbi Hava Qüvvələrinin yenidənqurma, layihələndirmə, ən son texnologiyalarla təchizetmə sahələrindəki fəaliyyəti, habelə hərbi bilik və bacarığın yüksəldilməsi istiqamətində kursların təşkil olunduğu, “Milad-e nur-e vilayət” hərbi təlimlərinin keçirildiyi, habelə bu qüvvələrin döyüş qabiliyyətinin artırıldığı barədə məlumat verdi.

  856
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment