Azəri
Tuesday 26th of March 2019
  836
  0
  0

QİBLƏNİN DƏYİŞİLMƏSİ

QİBLƏNİN DƏYİŞİLMƏSİ

Müsəlmanları birdəfəlik yəhudilərdən ayıran qiblənin dəyişilməsi hadisəsi oldu. Peyğəmbər (s)-ın Mədinəyə gəlişindən on yeddi ay keçirdi. Peyğəmbər (s) Əqsa məscidinə üz tutaraq namaz qıldığı halda yəhudilər deyərdilər: Məhəmməd (s)-ın qibləsi yoxdur, biz qibləni ona tanıtdırmışıq. Peyğəmbər (s) bu tə’nədən narahat idi və günlərin bir günündə bəni Səlmə məscidində günorta namazı qılarkən (hicrətin ikinci ili Şə’ban ayında) bu ayə nazil oldu:

(Ya Məhəmməd!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü məscidül-hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmiş ümmətlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.

Peyğəmbər (s) elə həmin halda üzünü beytül-müqəddəsdən Kə’bəyə tərəf çevirdi. Bu məscid (bəni Sələmə məscidi) islam tarixində iki qibləli məscid kimi məşhurlaşmışdır. Məscidül-əqsadan qiblənin Məkkəyə tərəf yönəlməsi yəhudi və münafiqlər üçün çox baha başa gəldi. Onlar müsəlmanlara irad tuturdular ki, nəyə görə indiyə qədər Əqsa məscidinə üz tutaraq namaz qılırdınız, indi isə qibləniz dəyişildi. Aşağıdakı ayə onların tə’nələrinə cavab olaraq nazil oldu.

(Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: “Müsəlmanları (əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?” (Ya Məhəmməd!) Onların cavabında de: “Şərq də, qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldir.”

Qiblənin Beytül-müqəddəsdən Kə’bə evinə tərəf dəyişilməsi ibni İshaq və ibni Hişam tərəfindən hicrətin on yeddinci ayına aid edilmişdir. Son illərin yazılarında da bu tarix qeyd olunub.

ÜÇÜNCÜ FƏSİL

MÜHARİBƏLƏRİN BAŞLANMASI

Peyğəmbər (s)-ın Əqəbədə Mədinə əhalisi ilə bağladığı ikinci sazişdən sonra Qüreyşlə müsəlmanlar arasında münaqişə baş verəcəyi təsəvvür edilirdi.

Onun Yəsribə gəlişindən bir il keçmişdi ki, bu münaqişələr başlandı. Məkkədən gəlmiş mühacirlər Mədinə əhalisinin onlara göstərdiyi qonaqpərvərliyə baxmayaraq həmişəlik olaraq orada qala bilməzdilər. Qeyd etdiyimiz kimi, Mədinə əhalisi əkinçiliklə məşğul olduqları halda, Məkkəlilər bu peşəyə yiyələnməmişdilər. Onların peşəsi ticarət və alış-verişdən ibarət idi. Onlar keçmiş peşələrini davam etdirmək üçün bir tərəfdən Yəsrib Məkkəni əvəz etməli, digər tərəfdən isə Məkkə tacirlərinin yolunu (ticarət) kəsməli, bununla da Məkkəlilərin ticarət yolunu təhlükə altına salmalı idilər. Əgər yəsriblilər bu yeniliyi əldə etməsəydilər, məkkəlilər keçmişdə olduğu kimi çox asanlıqla öz karvanlarını bir tərəfdən Qəzzə və Əqəbə körfəzinə, digər tərəfdən isə Babül-məndəb və Hind okeanına çatdıraraq hər iki ticarət yolunu əldə saxlamış olardılar. Əgər iş bununla bitmiş olsaydı, bəlkə də çox təhlükə hesab olunmazdı. Lakin Məkkəlilər buna da razı deyildilər, onlar Yəsribi gələcəkdə nəzarətsiz buraxmaq istəmirdilər. Onlar hələ Peyğəmbər (s) Məkkədə ikən və müsəlmanların sayının az olduğu vaxtda iqtisadi hegemonluqlarının təhlükə altına düşdüyünü hiss etmişdilər. İndi isə lazımi potensiala malik və islamı qəbul etmiş bir şəhər müqabilində təhlükədən necə amanda qalacaqdılar. Yəsriblilər də çox gözəl bilirdilər ki, Məkkəlilərin onların şəhərinə göz tikməsinin qarşısını almaq üçün tə’cili tədbirlər görməli idilər.

Hicrətin ilk ilində Məkkə karvanları ilə vuruşmaq üçün dəstələr yola düşdü. Əgər Peyğəmbər özü qoşunla birlikdə bu döyüşlərdə iştirak etsəydi ona “ğəzvə”, yox əgər özü Mədinədə qalıb düşmən üzərinə qoşun göndərmiş olsaydı o döyüşlər “səriyyə” adlanardı.

İlk ğəzvə hicri tarixi ilə ikinci il səfər ayında baş verdi ki, o Əbva və ya Vəddan ğəzvəsi adlanıb. Lakin bu yürüşdə heç bir savaş olmadı. Bundan sonra rəbiul-əvvəl ayında Buvat ğəzvəsi irəli gəldi ki, yenə hər şey münaqişəsiz qurtardı. Cəmadiul-əvvəl ayında xəbər yetişdi ki, Qüreyş Əbu Süfyanın rəhbərliyi ilə Məkkədən Şama tərəf yollanır. Peyğəmbər onlara hücum etmək məqsədi ilə zatul-əşirəyə qədər getdi, lakin karvan ötüb keçmişdi. İbni Hişam Əmmar Yasərdən nəql edir ki, əşirə ğəzvəsində mən Əli (ə)-la yoldaş idim. Peyğəmbər (s) ora yetişərək atdan düşdü. Bəni-mudləc əhalisinin xurma bağında və bulaq başında işləmələri bizim diqqətimizi cəlb etdi. Əli (ə) mənə dedi: Ey Əmmar, gedək görək onlar nə işlə məşğuldurlar. Biz bir saat onları seyr etdikdən sonra yuxumuz gəldiyindən elə xurmalıqda yatdıq. Peyğəmbər (s) bizi tapandan sonra Əli (ə) belə dedi: Əbu Turab qalx ayağa. Çünki biz quru torpaq üzərində yatmışdıq. Sonra isə belə buyurdu: Sizə ən bədbəxt adamın kim olduğunu deyimmi? Biri Saleh peyğəmbərin dəvəsinin ayaqlarını qılıncla üzən, o birisi isə sənin saqqalını al-qana boyayan şəxsdir. Bu ğəzvənin ardınca bir səriyyə də baş verdi ki, Sə’d ibni Əbi Vəqqas Xərrar adlanan məkana qədər irəlilədi, lakin o səriyyədə də döyüş olmadı. Zatul-əşirə ğəzvəsindən sonra Kurz ibni Cabir Fehri Mədinənin qoyun sürüsünə hücum edib oğurluq etmişdi. Peyğəmbər (s) Mədinədən çıxaraq onun ardınca Bədr yaxınlığında yerləşən Səfəvan nahiyəsinə qədər gedib çıxdı, lakin artıq Kurz gözdən itmişdi.

Bu ğəzvələrin nəticəsiz olması ona görə idi ki, Mədinədə olan casuslar Peyğəmbərin niyyətindən xəbər tutaraq, qoşun yola düşməzdən qabaq özlərini Qüreşy karvanına çatdırır onları üzləşəcəkləri təhlükədən agah edirdilər. Buna görə də karvan ya yolunu dəyişir ya sür’ətlərini artırırdılar. Hicri tarixinin ikinci ili rəcəb ayında Peyğəmbər (s) Abdullahh ibni Cəhşə bir məktub təqdim edərək səkkiz nəfər mühacirlə yola saldı və tapşırdı ki, iki gün yol getdikdən sonra məktubu açıb oxusun və orada yazılanlara əməl etsin. İki gün yol getdikdən sonra Abdullahh məktubu açaraq göstərişi oxudu. Məkkə və Taif arasında yerləşən xurmalığa çatana qədər yol get! Orada Qüreyşliləri gözlə və onlar barəsində bizə mə’lumat göndər. Abdullahh onunla birgə gələnlərə verilən əmri çatdırdı, sonra özünün əmrə tabe olacağını bildirdi. Sonra isə əlavə edərək dedi: Sizlərdən kim şəhid olmaq istəyirsə gəlsin, ölümdən qorxan hər bir kəs geri dönsün. Onunla gələn şəxslərin hamısı onun əmrinə tabe oldular. Abdullahh Əmr ibni Xəzrəminin başçılıq etdiyi karvan ora yetişənə qədər pusquda durdu. Sonra öz adamları ilə birlikdə karvana qoşularaq yola düşdülər. Karvandakılar elə bildilər ki, bunlar umrə ziyarətinə gedirlər. Hərəmə az qalmış Abdullahh dedi: Bunlar əgər hərəmə daxil olsalar haram ayda (rəcəb) onlarla vuruşmaq bu aya olan ehtiramı sındırmaq sayılar, bəs nə edək? Nəhayətdə karvana hücum edərək onların mallarını və özlərindən də iki nəfəri əsir götürüb Yəsribə gətirdilər. Ancaq bu döyüş müsəlmanlar üçün ağır başa gəldi, Abdullahha tə’nə vurdular ki, niyə haram ayda döyüşübdür. Lakin bu tə’nələr aşağıdakı Qur’an ayəsi nazil olana qədər davam etdi.

 

(Ya Məhəmməd!) Haram ayda vuruşmaq haqqında səndən soruşanlara söylə: “O ayda vuruşmaq böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək Mscidül-hərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yolunda daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha pisdir.” (Ey mö’minlər!) onlar (Məkkə müşrikləri) əgər bacarsalar dininizdən döndərənə qədər sizinlə vuruşmaqda davam edəcəklər.

Bu ayənin nazil olması ilə müsəlmanlar Abdullahı və onunla gedənləri məzəmmət etməkdən əl çəkdilər.

BƏDR MÜHARİBƏSİ

Elə bu əsnada Peyğəmbərə (s) xəbər verdilər ki, Əbu Süfyan çoxlu mal ilə yüklənmiş böyük bir karvanla Şamdan Məkkəyə dönür. Deyilənlərə görə karvanda min dəvə, 500 dinar dəyərində də mal var imiş. Peyğəmbər 313 nəfərdən ibarət (onun dörddə birini mühacirlər, qalanını isə ənsar təşkil edirdi) bir qoşunla Məkkə ilə Mədinə yolunun üstündə yerləşən Bədr quyusu ətrafında pusqu quraraq karvanın yolunu gözləməyə başladılar. Əbu Süfyan xəbərdar oldu ki, müsəlmanlar pusqu quraraq karvanın yolunu gözləyirlər, ona görə də bir tərəfdən Məkkəyə xəbər yollayıb yardım istədi, digər tərəfdən isə yolu dəyişərək karvanı sağ-salamat Məkkəyə çatdırdı. Karvanın təhlükəyə düşməsi xəbəri Məkkəyə çatınca Əbu Cəhl qəzəblənərək 900 nəfərdən ibarət bir qoşunla yola düşdü. Yolda təhlükənin sovuşması xəbərini eşitməsinə baxmayaraq yoluna davam edərək dedi: Gərək Yəsrib camaatına elə bir dərs verəm ki, bir də belə özbaşınalıq etməsinlər. Müsəlmanlarla məkkəlilər Bədrdə üzləşdilər, artıq döyüşün baş tutmayacağı mümkün deyildi. Müsəlmanlar özlərini Bədr quyularına çatdıraraq onları ələ keçirdilər. Məkkə qoşunu təpənin arxasında gizlənmələrinə baxmayaraq susuzluqdan məcbur olub oradan üzə çıxdılar. Təkbətək döyüş başlandı. Məkkəlilər Yəsrib əhalisindən üç qat artıq olmalarına baxmayaraq məğlubiyyətə uğradılar. Əbu Cəhl və yetmiş nəfər digər Qüreyş başçıları bu döyüşdə həlak edildi və elə həmin sayda da əsir götürüldü. Müsəlmanlardan yalnız 14 nəfər şəhid edildi.

Döyüşdə Əmirlə-mö’minin Əli (ə) Peyğəmbərə (s) göstərdiyi yardımı ilə yanaşı fədakarlığı ilə islam ordusunun sütunu sayılırdı.

Bu müsəlmanların ilk qələbəsi idi. Döyüşdən əldə edilən qənimət yetərincə çoxlu idi. Bu müharibə hicri tarixi ilə ikinci il ramazan ayının 17-də baş vermişdi. Şübhə yoxdur ki, müsəlmanların müharibədə qələbə çalmalarının əsas səbəbi onların imanı olmuşdu. Lakin bə’zi avropa tarixçiləri qələbənin əsas səbəbini mədinəlilərin cismi cəhətdən məkkəlilərdən qüdrətli olmalarında görməsi əsassızdır. Ola bilsin ki, bu da qalibiyyətdə rol oynasın, ancaq qələbəyə bir başa tə’sir göstərməmişdir.

Bədr döyüşü hərbi qələbədən əlavə olaraq dini və ruhi cəhətdən Yəsrib əhalisinə böyük tə’sir bağışladı. Onlar başa düşdülər ki, yalnız islama olan imanla, ilahi yardıma arxalanmaqla belə bir güclü düşmən üzərində qələbə çalmaq olar. Bu döyüşün mə’nəvi tə’siri o qədər çox olmuşdu ki, hətta Peyğəmbərin vəfatından sonra da bə’zi alimlər atalarının Bədr müharibəsində iştirak etmələri ilə fəxr edirdilər. Yəsrib ətrafında yaşayan qəbilələr Məkkə qoşunundan dəfələrlə az olan müsəlmanların qələbəsini görüb dedilər: Məhəmməd (s)-a onun Allahı yardım etdi ki, düşmənə qalib gəlsin, onun dini haqdır. Ancaq digər tərəfdən Qüreyş fikirləşirdi ki, Məhəmməd (s) və Yəsribi zəif və gücsüz hesab etmək olmaz. Məkkə əhalisindən bu döyüşdə ölənlər bacarıqlı tacirlər idi ki, şəhərin iqtisadi müqəddəratı onlardan asılı idi. Qüreyşlilər heç vaxt təsəvvür edə bilməzdilər ki, Əbu Talibin qardaşı oğlu bir dəstə əkinçinin köməyi ilə onları məğlub edə bilər və onlar başa düşdülər ki, Peyğəmbərin (s) işi fikirləşdikləri qədər də asan deyil. Onlar Peyğəmbəri məğlub etmək və ya Yəsribdən qovmaq məqsədi ilə yenidən müharibəyə hazırlaşdılar.

YƏHUDİLƏRLƏ MÜBARİZƏ

Qeyd etdiyimiz kimi, Peyğəmbərin (s) Yəsribə gəlişindən bir neçə ay keçməmiş yəhudilər müxalifət etməyə başladılar. Hətta iş o yerə çatdı ki, Qur’an onlara çatdırdı ki: İslam dininin əsası İbrahim (ə)-ın dinidir və İbrahim nə yəhudi, nə də xaçpərəstdir, bəlkə o, Hənif müsəlman olub. İslam dini də Hənifdir.

Qiblənin dəyişməsi ilə (Beytül-müqəddəsdən Məkkəyə tərəf) müsəlmanlarla yəhudilər arasında əlaqə kəsildi. Bu səbəbə görə onlar bərk narahat olaraq müsəlmanları incitməyə hazırlaşdılar.

Yəhudilərlə ilk toqquşma Bədr döyüşündə müsəlmanların qələbəsindən bir neçə həftə sonra baş verdi. Mədinənin kənarında bəni Qəynuqa’ yəhudilərinin bazarı var idi ki, orada zərgərlik və dəmirçiliklə məşğul idilər. Yazırlar ki, bir gün ərəb qadını bəni Qəynuqa’ bazarına gedib əşyasını satdıqdan sonra zərgər dükanı qabağında əyləşir. Yəhudilərdən biri onun paltarının ətəyini bir-birinə bağlayır və qadın ayağa qalxanda paltarı cırılır, yəhudilər isə ona baxıb gülürlər. Qadın haray salaraq müsəlmanları köməyə çağırır. Münaqişə baş qaldırır, həmin qadına köməyə gələn bir müsəlman, yəhudini öldürür. Yəhudilər hiddətlənərək o müsəlmanı öldürürlər və beləliklə fitnə son həddə çatır. Bu hadisədən sonra Peyğəmbər (s) Qüreyşin aqibətini yəhudilərə xatırladaraq onları qorxutmaq istəyir və onlara deyir ki, əgər burada qalmaq istəyiniz varsa gərək təslim olasınız. Bəni Qəynuqa’ tayfası cavab verdilər ki, Məkkə əhalisinin məğlubiyyəti səni aldatmasın, onlar döyüş bacarmırdılar. Əgər biz səninlə vuruşsaq öz bacarığımızı sənə göstərərik. Aşağıdakı ayə həmin yəhudilər haqqında nazil olmuşdur:

(Ya Məhəmməd!) Kafir olanlara de ki: “Siz tezliklə məğlub olacaq və cəhənnəmə sürüklənəcəksiniz!” Cəhənnəm necə də pis yerdir!

(Ey Məkkə müşrikləri və yəhudilər! İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi.

Peyğəmbər (s) məcbur olub onları mühasirəyə aldı və bu mühasirə on beş gecə-gündüz çəkdi. Onlar təslim olduqdan sonra Abdullahh ibni Ubəyy israr etdi ki, Peyğəmbər (s) onları öldürməsin. Peyğəmbər (s) güzəştə gedib onları Şama sürgün etdi. Yəhudilərin bu mühasirəsi hicrətin ikinci ili Şəvval ayında baş vermişdir. Həmin ilin zil-hiccə ayında Səviq ğəzvəsi baş verdi. Əbu Süfyan Bədr müharibəsindən sonra Peyğəmbərlə (s) vuruşmayınca yuyunmayacağına and içmişdi. Öz andına vəfa etmək xatirinə 200 atlı ilə Mədinəyə yollandı. Lakin bu yürüşdə o yalnız bir-iki nəfəri öldürüb bir neçə xurmalığı yandıra bildi. Peyğəmbər (s) bir dəstə ilə onun ardınca getdi. Əbu Süfyan qaçıb oradan çıxdı. Müşriklər döyüşdən qaçan vaxt öz yüklərinin azalması, həm də onları təqib edənlərin başını qarışdırmaq üçün unla dolu kisələri yerə tökürdülər. Elə ona görə də bu ğəzvə qovut adlanmışdır. Hicrətin ikinci ilinin sonunda (Ühüd müharibəsindən əvvəl) bir neçə ğəzvə və səriyyə də baş vermişdir ki, qısaca onların adını çəkməklə kifayətlənirik: Qərqətul-Kudur, Zi-əmər ğəzvələri və Qərədə səriyyəsi baş vermişdir. Qərədə səriyyəsində müsəlmanlar çoxlu sayda qənimət əldə etdilər, belə ki, hər bir nəfərə 800 dirhəm çatdı.

  836
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Bədr və Təbuk müharibələrində Peyğəmbər (səlləllahu əleyhi və alih) övlanı və ya ...
      Aşura günündə imam Hüseyn (əleyhis-salam)-ın səhabələri quyu qazmaqla su əldə edə ...
      İmam Əli (ə)- ın leylətul- məbit gecəsi (Peyğəmbərin yerində yatması) ölüm ...
      Qədir hədisini isbat edən hansı sənəd və mənbələr vardır?
      Həzrət İsa (əleyhis-salam)-ın adı Quranda neçə dəfə gəlmişdir?
      Həmd surəsində olan nemət verilmişlər, qəzəb olunanlar və yolunu azanlardan məqsəd ...
      Necə olur ki, həzrət Süleyman (ə) övladının vəfatından sonra mülk və hakimiyyət arzusu ...
      İnsanlarda təfavüt və ixtilafların fəlsəfəsi, o cümlədən çirkinlik və gözəlik, ...
      Quranın dəfi və ya tədrici nazil olmasından nə qədər keçir?
      Nə üçün İmam Həsən (ə) İmam Hüseyn (ə) kimi qiyam etmədi?

 
user comment