Azəri
Wednesday 17th of July 2019
  674
  0
  0

İSLAM ALƏMİNDƏ İLK SAZİŞ

İSLAM ALƏMİNDƏ İLK SAZİŞ

Peyğəmbər (s) Yəsrib şəhərində bir müddət qaldıqdan sonra əhalinin ictimai vəziyyətini sahmana salmağı lazım gördü. Əvvəldə Qeyd etdiyimiz kimi, bu şəhərdə bir çox ərəblər yaşayırdı ki, onlar da öz növbəsində ayrı-ayrılıqda qüdrətli olan Ous və Xəzrəc qəbilələrinə bağlı idilər. Ərəblərdən əlavə şəhərin özündə və ətrafında yaşayan yəhudilər də var idi ki, onlar bu iki qəbiləyə bağlı idilər. Mövcud durum hər qəbilə və dəstələrin hüququnu müəyyənləşdirən (əhd-peyman, saziş) başqa sözlə desək, qanun tərtib edilməsini tələb edirdi. Bu nəzəriyyəyə əsasən məşhur Mədinə müqaviləsi - onu sonralar “ilk konstitusiya” adlandırmışlar - Peyğəmbərlə (s), yəhudilərin və qəbilələrin başçıları arasında imzalandı.

Bu saziş Peyğəmbərin (s) Mədinəyə daxil olduğu ilk aylarda imzalanmışdır. Çünki birincisi ibni Hişam və ibni İshaq bu sazişin mətnini Peyğəmbərin Mədinədə söylədiyi ilk xütbənin ardınca rəvayət etmişlər. Digər tərəfdən isə bu sazişdə yəhudilərin ictimai hüququna da yer verilmişdir. Qiblənin də (beytül-müqəddəslə Məkkənin əvəz edilməsi) dəyişdirilməsi Peyğəmbərin (s) Mədinəyə gəlişindən 17 ay sonraya təsadüf edir. Bu məsələ yəhudilərin Peyğəmbər və müsəlmanlara qarşı düşmənçiliklərini üzə çıxarandan sonra meydana çıxmışdır. Həmçinin bəni Qəynuqa savaşı Bədr müharibəsindən sonra baş vermişdir. Onda bə’zi islam alimlərinin bu sazişin (əgər məqsəd həmin sazişdirsə) hicrətin beşinci ilindən tez olmayaraq imzalanması fərziyyəsini irəli sürmələri düzgün deyildir.

İndi isə sazişin tərcüməsi:

Bu, Məhəmməd peyğəmbərlə (s) onun yolunu davam etdirib onunla birgə cihad edəcək hər bir Qüreyş və Yəsrib mö’minləri və müsəlmanları arasında imzalanan bir sazişdir. Bunlar digər xalqlardan fərqlənən bir ümmətdirlər. Qüreyş mühacirləri adət-ən’ənəyə əsasən verilən qan bahasını öz aralarında bölərək öz əsirlərini azad etmək üçün təqdim olunan məbləği mö’minlər arasında qəbul olunmuş ədalətə əsasən ödəməlidirlər. Bəni Ouf həmçinin öz adət-ən’ənələrinə əsasən qan pulunu öz aralarında bölərək, hər tayfa öz əsirlərini azad etmək üçün verilən məbləği mö’minlər tərəfindən qəbul edilmiş ədalətə əsasən ödəməlidir. Bəni Saidə, bəni Hərs, bəni Cuşəm, bəni Nəccar, bəni Əmr ibni Ouf, bəni Nəbit, bəni Ous və hər bir tayfa, keçmişdə aldıqları qan pullarını və əsir azad olunmaq üçün verilən məbləği ədalətlə və günün tələbinə əsasən mö’minlər arasında bölsünlər. Çox uşaqlı mö’min ailələr qan pulu və əsir azad etmək üçün ödəniləcək məbləğ verilməsə belə, öz borclarını verməlidirlər.

 

Heç bir mö’min onun icazəsi olmadan başqa bir mö’minin ağası ilə saziş bağlamır. Təqvalı mö’minlər zülm edən, müsəlmanlar arasında zülm, günah və pozğunçuluq yayana qarşı birləşmədir. Zülmkarlar və təcavüzkarlar onların övladı olsa belə. Allaha xatir bağlanan əhd-peyman birdir, əgər ən ləyaqətsiz müsəlman bir nəfərə sığınacaq versə belə hamı onu qəbul etməlidir. Mö’minlər başqa əhalidən fərqli olaraq bir-birlərini sevərlər. Bizə tərəfdar olan yəhudilər istər onlara zülm olunsun, istərsə də yox, biz onlara köməklik göstərəcəyik. Bir mö’minin barışığı hamı tərəfindən qəbul edilməlidir. Allah yolunda müharibə edən zaman bir mö’minlə baraşıq edib, o birisi ilə barışıq etməməyə icazə verilmir. Barışıq mövzusunda hamı ilə ədalət çərçivəsində davranmaq lazımdır. Vuruşanları (müharibədə) əvəz edəcək başqa dəstələr də olmalıdır.

Allah yolunda döyüşdə həlak olanların yerini tutacaq digər mö’minlər də olmalıdır. Təqvalı mö’minlər ən düzgün və sarsılmaz yolda olacaqlar. Qüreyşdən olanlar heç bir müşriki və ya onun malını qorumayacaq. Onunla mö’min arasında mane olmayacaqdır. Əgər biri mö’mini günahı olmadan öldürsə və onun qatil olmağı sübuta yetirilsə, ölənin sahibi onu bağışlamazsa ondan qisas alınmalıdır. Bütövlükdə mö’minlər o qatilin əleyhinə qalxmalıdır, belə olmadıqda başqa hər bir hərəkət məqbul sayılmaz. Bu sazişi qəbul edib, Allaha və axirət dünyasına imanı olan mö’min şəxs yaramaz işlər görənlərə heç bir yardım göstərməməli və sığınacaq verməməlidir. Əgər bir nəfər belə şəxsə yardım edib sığınacaq versə qiyamət gününə qədər ona Allahın lə’nəti olsun! Yaramaz işlərin müqabilində o şəxsdən heç bir əvəz alınmayacaq. (Bəlkə gördüyü işin layiqli cəzasını çəkməlidir). Siz müsəlmanlar bir məsələ barəsində ixtilaf etsəniz bilin ki, sizin işinizdən Allah xəbərdardır və hakiminiz də Məhəmməddir (s), müsəlmanlarla döyüşdə iştirak edən yəhudilərlə mö’minlər həmrəydirlər. Yəhudilər öz dininə, müsəlmanlar da öz dininə tabedir. Zülm edib, günah edənlər həm özlərini, həm də yaxınlarını həlak edirlər. Bəni Nəccar tayfasının yəhudiləri (ictimai hüquq baxımından) bəni Ouf yəhudilərinə verilən səlahiyyətə malikdirlər. Bəni Hərs, bəni Saidə, bəni Cuşəm, bəni Ous və bəni Sə’ləbə yəhudiləri də bu hüquqa malikdirlər. Lakin zülm edib, günah edən şəxs özü ilə ailəsini həlak etməkdən başqa bir iş görməyəcəkdir. Bəni Sə’ləbə qəbiləsindən olan Cəfnə tayfası bəni Şutəybə bəni Ouf yəhudilərinin şamil edildiyi hüquqa malikdirlər. Verdikləri əhdə vəfa etsələr saziş pozulmayacaqdır. Sə’ləbə qəbiləsinin kölələri də özlərinin malik olduğu hüquqa malikdirlər. Yədudilərin yaxınları da onlarla bərabər hüquqludurlar (yə’ni bu sazişin hüqüqlarından bəhrələnə bilərlər). Məhəmməd (s)-ın icazəsi olmadan heç kəs onları bu sazişdən kənarlaşdıra bilməz. Heç kəsi birini yaraladığına görə həbs etmək olmaz. Qəfildən kimsəni öldürənlər özünü və yaxınlarını ölümə vermişdir. (Yalnız zülm olunmuş olmazsa). Allah əhdinə vəfa edənlərlədir. Yəhudiləri məişət ləvazimatı ilə (ev, yemək, geyim) tə’min etmək yəhudilərin, müsəlmanları tə’min etməksə müsəlmanların öhdsinə düşür. Onlar (yəhudilər) bu sazişi imzalayanlarla vuruşanlara qarşı vuruşmalı və onlara yardım edib xeyrxah olmalıdırlar.

Yəsrib daxilində bu sazişi imza edənlər amandadırlar (yə’ni heç kəs başqa birisinə zərər yetirə bilməz). Zərər vurmayıb, günah etməyən bir qonşu səninlə bərabər hüquqa malikdir.

Bu sazişi imzalayanlardan birinin qanunsuzluğa yönəlmək qorxusu olsa onun barəsində hökm çıxartmaq Allah və Peyğəmbərin öhdəsinə düşür. Allah bu sazişdə imzalanan təqva və gözəlliklərin tərəfdarıdır. Qüreyşə və onlara yardım edənlərə sığınacaq verilməyəcək. Gözlənilmədən Yəsribə hücum edənlərlə vuruşmalı, əgər barışıq edənlər isə bağışlanmalıdır. Əgər belə iş görsələr onlarla barışıq etmək mö’minlərin ixtiyarındadır (yalnız mö’minlərin dini əleyhinə vuruşmasalar). Hal-hazırda bu sazişə razı olanlar öz qəbiləsinin adından da bu sazişdəkilərə riayət etəməyə cavabdehdir. Ous qəbiləsinin yəhudiləri və kölələri bu sazişdəki hüquqlardan bəhrələnəcəklər. Bu sazişə vəfalı olan şəxslə çox gözəl davranılacaq. Allah bu sazişə vəfalı olan kimsələrlədir. Bu saziş zalim və günahkarı müdafiə etəməyəcəkdir. Günahkar və zülmkardan başqa hər kəs Yəsribdə qalsa və ondan kənara çıxsa amandadır. Allah təqvalı və əxlaqlıların sığınacağı, Məhəmməd (s) isə Allahın elçisidir.

MÜHACİR VƏ ƏNSARIN QARDAŞLIĞI

Qeyd etdiyimiz kimi, islamın zühurundan əsrlər qabaq yarmadanın əhalisi iki dəstəyə bölünürdü: Oturaq həyat sürənlər və köçərilər. Cənublular şəhərdə, şimal və mərkəz əhalisi isə səhrada alaçıqlarda yaşayırdılar. Köçərilər heyvandarlıqla məşğul olardılar, sonralar isə dəniz sahilində yerləşən şəhərlərdə məskunlaşaraq ticarətlə məşğul oldular. Məkkə və onun ətrafında yaşayan ərəblər (Qüreyş də bu dəstəyə daxildir) çadırlarda yaşayırdılar və sonradan ticarətlə məşğul oldular. Yəsrib əhalisi cənubdan köçən mühacirlər idi. Sonralar ticarətlə məşğul olan köçəri ərəblər cənubdan hicrət edib əkinçiliklə məşğul olanlara təhqir gözü ilə baxırdılar, çünki onlar əkinçiliyi ləyaqətsiz məşğuliyyət sayırdılar. Dəfələrlə qeyd etmişik ki, cənub ərəbləri Qəhtani, şimal ərəbləri isə Ədnani adlanırdılar (sonralar onlar başqa ad götürmüşlər). Qüreyş mühacirləri (Ədnanilər) Qəhtani ərəblərin şəhərinə toplaşdıqdan sonra onlar arasındakı keçmiş düşmənçiliyin baş qaldırması mümkün idi. Peyğəmbər (s) o iki dəstə (Mühacir və Ənsar) arsındakı birliyi daha da sıx etmək üçün onlar arasında qardaşlıq əhd-peymanı bağladı və bununla da hər bir mühacir bir Mədinəlinin qardaşı oldu. Lakin həzrət Əlini (ə) özünə qardaşlığa götürərək dedi ki, sən dünyada və axirətdə mənim qardaşım olacaqsan.

Qabaqda Qeyd etdiyimiz kimi, səhrada yaşayanların (köçərilərin) ən mühüm xüsusiyyətlərindən biri bağlı olduğu hər bir kəsi himayə edib tam bərabər hüquqa malik olmaları idi. Peyğəmbər (s) islami birliyə kömək etmək üçün belə bir ruhi xüsusiyyətdən məharətlə istifadə etdi. Hətta bu qardaşlıq və bərabərlik o yerə çatdırdı ki, hər bir müsəlman digər müsəlman qardaşını özündən üstün hesab edirdi. Belə ki, yazırlar bəni Nəsirlə döyüşdə əldə olunan qənimətləri bölən zaman Peyğəmbər ənsara belə dedi: İstəsəniz bu qəniməti böləndə mühacirləri özünüzə şərik edə bilərsiniz, yox əgər istəməsəniz hamısı sizindir. Ənsar isə belə cavab verdi: Biz nəinki bu qənimətin hamısını onlara veririk, hətta öz malımıza və mülkümüzə də onları şərik edərik.

DİN ƏSASINDA QURULAN HÖKUMƏT

Yəsrib müsəlmanların dayaq mərkəzinə çevrildikdən, Qəhtanilərlə (Ənsar) Ədnanilərin (Mühacirlər) qardaşlığı bərpa olunduqdan, yəhudilərin və müsəlmanların hüquqları müəyyən edildikdən sonra artıq “İslam,” varlığının ikinci mərhələsini e’lan etməyin vaxtı gəlib çatdı. Bildiyiniz kimi Məkkədə islamın ilk göstərişləri tək Allahlılığa çağırış, bütpərəstlikdən əl çəkmək və azacıq ibadət etməkdən ibarət olub. Mədinədə isə həm siyasi, həm də ictimai cəhətdən genişlənmə başlandı. Azan namazlara çağırış şüarına çevrildi. Şəriət, alış-veriş hökmləri, vergilərin ödənilməsi, cəza tədbirlərinin icrası və digər siyasi və ictimai hökmlər icra olunmağa başlandı. Çox təbiidir ki, belə bir təşkilat hansısa dəstələrin mənafeləri ilə toqquşa bilərdi. Bu dəstənin biri Peyğəmbər hələ Yəsribə gəlməmişdən şəhərə hakim olmaq sevdası ilə yaşayanlar idi. O birisi isə özlərinin iqtisadi mənafelərinin təhlükə altına düşdüyünü hiss edənlər idi. İndi görək bu iki dəstə kimlərdən ibarət idi.

MÜNAFİQ VƏ YƏHUDİLƏR

Yəsrib əhalisinin əksəriyyətinin müsəlman və ya Peyğəmbərə (s) müxalif olmamasına baxmayaraq, şəhər və onun ətrafı təmamilə sakit mühit deyildi. Həzrətin (s) Yəsribə gəlişi ilə şəhərə hakim olmaq planı puça çıxmış Abdullahh ibni Ubəyy qərar tuta bilmirdi. Zahirdə özünü müsəlman adlandırmasına baxmayaraq, gizlində Məhəmməd (s) və müsəlmanlar əleyhinə əks-təbliğat aparır və Mədinə yəhudiləri ilə gizlin məşvərət edirdi.

Mədinədə nazil olan ilk Qur’an ayələri onları münafiq adlandırmışdır. Onlar Peyğəmbərə və müsəlmanlara problemlər yaradırdılar. Bu dəstəylə davranmaq yəhudi və müşriklərlə müqayisədə daha çətin idi. Çünki bunlar özlərini üzdə müsəlman kimi aparırdılar. Peyğəmbər də islam hökmlərinə əsasən onlarla döyüşə bilməzdi. Bə’zi Qur’an ayələri onları qorxudurdu ki, Allah və Peyğəmbər sizin ürəyinizdəkilərdən xəbərdardır. Siz müsəlmanlıqdan yalnız öz yaşayışınız üçün bir alət kimi istifadə edirsiniz.

(Ya Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikləri zaman; “Biz sənin, doğrudan da Allahın peyğəmbəri olduğuna şəhadət veririk!”-deyirlər. Allah sənin həqiqi peyğəmbər olduğunu bilir, həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.

Abdullahh islam dini ilə müxalifətçiliyini ölənə qədər davam etdirdi. (Hicri qəməri 9-cu ilə qədər). Yəhudilər Mədinə sazişinə əsasən müəyyən hüquqa malik idilər, hətta müharibədə əldə edilən qənimətlərdən onlara da pay düşürdü. İlk əvvəl onların xoş üz göstərmələrinə, hətta bə’zilərinin müsəlman olmasına baxmayaraq sonda narazı olmağa başladılar. Bu narazılığın əsas səbəbi bundan ibarət idi ki, onlar Yəsribin iqtisadiyyatını əldə saxlamaqla bərabər, Məkkə müşrikləri və səhra sakinləri ilə də ticarət edirdilər. Bundan əlavə onlar Adullahh ibni Ubəyyin Mədinəyə hakim olandan sonra iqtisadi nüfuzlarının genişlənməsinə ümid bəsləyirdilər. Lakin Məhəmmədin (s) gəlişi və islam dinin yayılması onların bu nüfuzunun qarşısını aldı. Bundan əlavə onlar yəhudi nəslindən olmayan bir şəxsi peyğəmbər kimi qəbul etməyi özlərinə münasib iş saymırdırlar. Elə buna görə də onlar bir müddət keçdikdən sonra Məhəmməd (s)-a qarşı e’tirazlarını üzə çıxardılar. Qeyd edildiyi kimi Abdullahhın da onları təhrik etməsi bu işi qüvvətləndirirdi. Yəhudilər deyirdilər ki, Məhəmməd (s) biz gözlədiyimiz peyğəmbər deyil. Qur’an ayələri müqabilinə İncil və Tövratı çıxararaq deyirdilər ki, Qur’anla bizim “kitab”larımız arasında böyük fərq vardır. Qur’anda çoxlu sayda tarix boyu Tövrat və İncilin təhrif olunması, yəhudi alimlərinin öz mövqelərini qoruması üçün ilahi kəlamı dəyişdirmələri barədə ayələr nazil olmuşdur. Nəhayət Qur’an islam ilə yəhudi və xristian arasında olan əlaqəni bir dəfəlik kəsərək, ərəblərin yəhudilərdən fərqli bir ümmət olmasını başa salaraq deyir: Ərəb İbrahimin millətindəndir. İbrahim isə İsrailin ulu babasıdır.

Ey kitab əhli nə üçün İbrahim barəsində mübahisə edirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?

Bir baxın, siz o şəxslərsiniz ki, bildiyniz şeylər barəsində mübahisə edirsiniz (bu aydındır). Bəs bildiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz. Əlbəttə (həqiqəti) Allah bilir, siz bilməzsiniz!

İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O, ancaq Hənifə (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və Allaha şərik qoşanlardan deyildi.

  674
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Hindistan ABŞ-a etiraz etdi: İran neftini digər ölkənin nefti ilə əvəz etmək bu asanlıqla ...
      İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) səhabələrindən on ...
      Aya İslam peyğəmbəri (s) və imamlar dövründə Azərbaycan adı və məntəqəsi olmuşdur ...
      Aya Şeyx Müfid və Şeyx Səduq Həzrəti Möhsinin şəhadətini qəbul ediblərmi?
      Ömər bin Səd bin Əbu Vəqqas kim olub yəni nece bir insan olub?
      Bədr və Təbuk müharibələrində Peyğəmbər (səlləllahu əleyhi və alih) övlanı və ya ...
      Aşura günündə imam Hüseyn (əleyhis-salam)-ın səhabələri quyu qazmaqla su əldə edə ...
      İmam Əli (ə)- ın leylətul- məbit gecəsi (Peyğəmbərin yerində yatması) ölüm ...
      Qədir hədisini isbat edən hansı sənəd və mənbələr vardır?
      Həzrət İsa (əleyhis-salam)-ın adı Quranda neçə dəfə gəlmişdir?

 
user comment