Azəri
Tuesday 19th of March 2019
  657
  0
  0

DİN VƏ E’TİQADLAR

DİN VƏ E’TİQADLAR

Ərəbistanın cənubunda səma cismlərindən günəşə, aya, ulduza pərəstiş (ibadət) etmək çox qədim zamanlardan bəri rəvac tapmışdı. Səba qövmünün günəşə pərəstişinə Qur’ani-kərimdə işarə olunmuşdur. Ərəbistanın şimalında da bu e’tiqadın ardıcıllarına rast gəlmək olurdu.

Səhra bədəviləri demək olar ki, hamısı bütpərəst idilər. Onlar şəhərlərdə məskunlaşmalarına baxmayaraq bütpərəstlikdən əl çəkməmişdilər. Qəbilənin bütün bütləri üçün məxsus ibadətgah yeri yox idi. Bə’zi qəbilələr öz bütlərini elə bir yerə qoyurdular ki, hamı onun ziyarətinə getsin. Ancaq bir çox qəbilələr bütləri özləri ilə birlikdə gəzdirirdilər. Bu bütlər taxta və ya daşdan, bə’zən isə xurma ağacından düzəlir və lazım olan vaxtda ondan istifadə edilirdi. Qur’ani-kərimdə bu bütlərin bir neçəsinin adı çəkilib.

1.Lat.

2.Uzza – Kəlbinin dediyinə görə Latdan sonra bu bütə ibadət olunub.

3.Mənat – Ous və Xəzrəc qəbilələrinin hörmət bəslədiyi bir büt olub.

4.Vədd – Kəlb qəbiləsinin bütü idi.

5.Suvay – Hüzeyl qəbiləsinin bütüdür, Yənbu’da yerləşmişdir.

6.Yəqus – Məzcih qəbiləsinin bütü idi.

7.Yəuq – Xəyvan qəbiləsinin bütüdür, Səna’da yerləşmişdir.

8.Nəsr – Himyər qəbiləsinin bütü idi.

Qüreyş qəbiləsinin də Kə’bə daxilində və ətrafında bütləri var idi ki, onların ən böyüyü Hubəl idi.

Kəlbi ərəblərin bütlərə sitayiş etməsi barəsində belə deyir: Məkkədən keçən hər bir karvan Kə’bənin həyətindən bir daş götürüb özləri ilə aparır, Kə’bəni xatırlayaraq o daşın ətrafına dolanırdılar. Bu daşa tə’zim etdikdən sonra başqa ibadətləri yerinə yetirirdilər.

Yazılanlara görə Əmir ibni Luhəy bütpərəstliyi Şam əhalisindən öyrənmiş və oradan özü ilə bir büt gətirərək Kə’bə evinin yaxınlığında yerləşdirmişdi.

Əgər Kəlbinin bu tə’biri doğru olsa da belə, bütövlükdə ərəblərin bütpərəstliyini deyil, bəlkə məxsus qəbilələrin bütpərəst olmağını xatırladır. Çünki ərəblərin hamısı Məkkəyə gəlmirdilər, gəlsəydilər də onu özləri ilə aparmırdılar. O zaman ağaca pərəstiş, Qeyd etdiyimiz kimi, aya, günəş və ulduzlara pərəstiş səhra sakinləri arasında rövnəq tapmışdı. Onu da qeyd etmək lazımdır ki, onlar xeyir və bərəkət mənbəyi bildikləri bə’zi şeylərə pərəstiş edir, təsəvvür etdikləri tərzdə ona oxşar bütlər düzəldirdilər. Necə ki, onlar bə’zi şeyləri şər mənbəyi kimi qəbul edirdilər.

Onların təsəvvürünə görə cin zərər və ziyan mənbəyi, bə’ziləri üçün isə faydalı bir şey sayılırdı. Belə ki, bə’zi şairlərin təblərinə uyğun cinləri var idi ki, şe’rləri onun zehninə salırdı.

Qeyd olunduğu kimi, islam dinindən əvvəl səmavi dinlərdən olan yəhudi dininə, xristianlığa və zərdüştliyə itaət edənlər Ərəbistan yarmadasında var idi. Hətta Hicazda bir neçə nəfər Mani dini ilə də tanış idi və ona e’tiqad bəsləyirdilər. Xristianlıq cənubdan Həbəşistan vasitəsi ilə oraya daxil olmuşdu. Deyilənə görə, şimalda ilk dəfə Təğləb, Quza’ə və Ğəssan qəbilələri Rum imperiyası vasitəsi ilə qüvvətlənərək bu dini qəbul etmişdilər. Hiyrə İrana yaxın olduğuna görə orada zərdüştlik yayılmışdı, ancaq bununla yanaşı bir dəstə xristianın olması da tarixdə qeyd olunmuşdur.

Kəlbinin yazdığına görə islamdan əvvəl bir dəstə ərəb Məkkəyə həcc ziyarətinə gedər, həcc, ümrə, Ərəfatda qalmaq və qurban kəsmək kimi işləri yerinə yetirərdilər.

İlin dörd ayını, o cümlədən ziqə’də, zihəccə, rəcəb və məhərrəm ayları haram sayılır və bu aylarda bir-birləri ilə müharibə etməzdilər.

İslamın zühuruna yaxın vaxtlarda Məkkə və Mədinə ətrafında bir qurup adamlar da var idi ki, onlar bütpərəstliyə e’tinasız yanaşır, qan tökməkdən və zülmdən uzaqlaşaraq, o dövrdəki səmavi dinlərə e’tiqad bəsləmirdilər. Onların dini ayinləri yox idi. İslam ilahiyyət alimləri onları Hünəfa adlandırmışlar. Onun tək forması hənifdir ki, mə’nası batil olan dindən dönmək deməkdir. Ancaq Qur’ani-kərimdə Hənif və ya Hünəfa kəlməsi İbrahim peyğəmbərin (ə) dinində olanlara şamil edilmişdir.

İbni Hişam Zeyd ibni Əmr ibni Nufeyldən bir neçə beyt şe’r nəql edilmişdir ki, o bu beytlərdə “Lat”, “Uzza” və digər bütləri tənqid etmiş, onlardan əl üzərək yeganə Allaha üz çevirdiyini ifadə etmişdir. Əgər doğrudan da bu beytlər Zeyddən olsa, onda onu Hünəfa qrupunun üzvündən saymaq olar. Deyilənlərə görə Peyğəmbər (s) onun bağışlanması üçün dua etmişdir.

Ancaq ibni Hişamın nəql etdiyi şe’rin üslubu, islamdan qabaqkı ərəblərin yazdıqları şe’rlərlə fərqlənir.

MƏKKƏDƏ QANUN VƏ DİN

Məkkə şəhərinin qanunu qəbilələr arasında bağlanan əhd-peymandan ibarət idi. Bu qanun əsasında hər qəbilənin və ona qohum olanların hüququna ayrı qəbilələr tərəfindən hörmət qoyulurdu. Əgər bir nəfərin hər hansı bir qəbilə ilə qohumluğu və ya bağlılıq əlaqəsi olmasaydı, heç bir qanun onu zülmkar qarşısında müdafiə və ya himayə etməzdi.

MƏKKƏNİN MƏRKƏZƏ ÇEVRİLMƏSİ

Ərəbistanın cənubunda baş vermiş dəyişiklik, əhalinin müxtəlif nöqtələrə səpələnməsi və səhra vasitəsi ilə ticarət yolunun rövnəq tapmasından sonra, əhalinin böyük əksəriyyətinin məskunlaşdığı yerlərdən biri də Məkkə şəhəri idi. Məkkə Qırmızı dənizə yaxın olmaqla yanaşı, bir tərəfdən Şam və Fələstin ticarət yolunun üzərində yerləşmiş, digər tərəfdən isə Yəmənin ticarət yolunun üzərində əlaqə vasitəsinə çevrilmişdi. Bu şəhər ticarət üçün əlverişli mövqeyindən əlavə, başqa bir əhəmiyyətə də malik idi. Yarımadanın müxtəlif nöqtələrindən əhali ilin müəyyən mövsümündə bu şəhərə axışırdılar. Bildiyiniz kimi, Kə’bə evi Məkkə şəhərində yerləşmiş, islamdan min illər əvvəl də ona ehtiram qoymuşlar. Qur’ani-kərim deyir: İbrahim (ə) öz ailəsini Hicazın susuz və bitkisiz ərazisində yerləşdirərək öz Allahına dua edir:

İbrahim zamanından Kə’bə evi yeganə Allaha ibadət olunduğu məkana çevrildiyi üçün, bu yer böyük əhəmiyyətə malik olmuşdur. Ancaq o dövrün əhalisinin hansı tərzdə yaşaması və ibadətlərinin növü də mə’lum deyildir. Məkkənin tarixi demək olar ki, iki mənbədən aydınlaşır - Qur’ani-kərim xəbər verdiyi ibtidai tarix və bir də Peyğəmbərin (s) dünyaya gəlişindən yüz il qabaqkı dövr. Şübhə yoxdur ki, beşinci və altıncı əsrlərdə Məkkə abad şəhər olmuşdur. Onun Qırmızı dənizə yaxın olması Afrikanın şimal tərəfdən Suriya ilə ticarət yolunu birləşdirməsinə səbəb olmuşdur.

Kə’bə evinin ziyarətgah olması və müəyyən mövsümdə həcc karvanlarının gəlişi də Məkkənin abadlaşmasına köməklik etmişdir.

Qeyd etdiyimiz kimi, yarmadanın cənubundakı durumun dəyişilməsi ilə əhali oradan başqa məntəqələrə köçdülər. Bunların arasından Curhum və Xuzaə’ qəbiləsi Məkkədə məskunlaşdı. Curhum qəbiləsinin Yəməndə yaşamaları dövrü tarixi mə’lum deyildir. Bə’zi tarixçilər onların İsmayıl (ə) peyğəmbərin dövründə yaşadıqlarını qeyd edirlər. Curhum qəbilsi əvvəldə Məkkənin hakimiyyətini ələ keçirdilər. Ancaq Xuzaə’qəbiləsi gəldikdən sonra onların arasında müharibə baş verdi ki, ondan sonra şəhərin hakimiyyəti Xuzaə’ qəbiləsinin əlinə keçdi. Xuzaə’ qəbiləsinin Məkkə şəhərində hakimiyyəti islam Peyğəmbərinin (s) ulu babası Qusəy ibni Kilabın dövrünə qədər davam etdi. Qusəyin adı Zeyd və anası isə Səid ibni Səyəlin qızı idi. Zeydin anası Kilabın vəfatından sonra Xuzaə qəbiləsindən olan Rəbiət ibni Huzamla ailə həyatı qurmuş, sonra isə oğlu Zeydlə birlikdə ərinin qohumlarının yaşadığı Şam şəhərinə getmişdir. Deyilənə görə Zeydə vətənindən ayrı düşdüyünə görə Qussəy (yə’ni uzaq düşmüş) ləqəbi verilmiş, sonra isə ləqəbi onun adını əvəz etmişdir.

Qusəy həddi-büluğa çatdıqdan sonra Məkkəyə dönmüş, Xuzaə qəbiləsinin böyüklərindən olan Huləylin qızı ilə ailə həyatı qurmuşdur. Və bu qadından onun Əbdud-dar, Əbd-Mənaf, Əbdül-Üzza və Əbd-Qusəyy adlı dörd oğlu dünyaya gəlmişdir. Qusəyy Məkkə hakimiyyətini Xuzaə qəbiləsinin əlindən alaraq, şəhərdən kənarda məskunlaşmış Qüreyş qəbiləsindən olan qohumları şəhərin daxilinə gətirmişdir.

İslamın zühurundan əvvəl Məkkə şəhərində yazıb-oxumaq üçün xüsusi bir məkan olmamışdır. Ancaq bə’zi ailələrdə zəruri olaraq yazı-pozu və oxumaqla məşğul olan adamlar var idi.

Lakin səhra sakinlərinin yazmaq və oxumaq bacarmaları haqda heç bir dəlil və sənəd yoxdur. Çox nadir hallarda təsadüfən bir şair və ya kahin öz vətənini tərk edərək qonşu ölkələrə səfər edər və orada yazıb-oxumaq öyrənərdi. Şairlərin yazdığı şe’rlər və kahinlərin öyüd-nəsihətləri (xütbələri) xalq tərəfindən öyrənilərək sinələri dolaşırdı. İldə bir dəfə Taif ilə Nəxlə arasında yerləşən Uxkaz bazarında, zi-qə’də ayında Mərrul-Zəhran bazarında və ondan sonra isə zil-Məcazda (Ərəfə yaxınlığında yerləşən yer adıdır) şairlər yazdıqları şe’rləri xalqa oxuyardılar.

Qüreyş qəbiləsi Məkkə hakimiyyətini bəni Xuzaənin əlindən aldıqdan sonra get-gedə ticarətlə məşğul olmağa başladılar. Onlar Ərəbistanın cənub və şərqindəki məhsulları Aralıq dənizinin limanlarına daşıyar, Dəməşq bazarlarından isə Hicaza buğda, zeytun, ipək parça və başqa məhsullar gətirərdilər. Qureyş karvanı ildə iki dəfə ticarət səfərinə çıxırdı – qışda Yəmənə, yayda isə Şama (Suriya) tərəf. İbni Hişamın yazdığına görə, bu iki səfər Peyğəmbərin (s) ulu babası Haşimin təşəbbüsü ilə yaradılmışdır.

Qur’ani-kərimdə bu iki ticarət səfərinə işarə olunmuşdur.

Səhrada yaşayan maldarlıqla məşğul olanlar da Məkkə şəhərində məskunlaşdılar. Topladıqları pullarla ya ticarət edər, ya da sələminə borc verərdilər. Onlar şəhərdəki belə yaşayışın səhra həyatından mənfəətli və zərərsiz olduğunu artıq dərk etmişdilər. Bundan əlavə başqa qəbilələrlə müharibə etmək və ya qonaq evi düzəldib imkansızlara əl tutmağa ehtiyac duyulmurdu. Məkkə şəhərinin tədrici inkişafı alaçıqda yaşayanları özünə cəlb edirdi. Onlar heyvandarlıq və səhra gəzintisindən əl çəkərək şəhərə üz tutdular və dövlətli təbəqəyə qulluq göstərməyə başladılar. Çox keçmədi ki, Məkkədə iki ictimai sinif meydana gəldi. Azlıq təşkil edən varlı təbəqə -onlar mal-dövlət toplamaqdan başqa heç bir şey haqda düşünmürdülər. Çoxluq təşkil edən yoxsul təbəqə - onlar öz enerjilərini varlı təbəqəyə qulluq göstərməkdə sərf edib müqabilində çox az bir gəlir əldə edirdilər.

 

İslamın zühuruna yaxın bir vaxtda Məkkə şəhərində ictimai durum həddindən artıq gərgin idi. Qüreyş başçıları Məkkə şəhərinin hakimiyyətini əldə etmiş və Kə’bə evinin nəzarətini özləri üçün üstünlük hesab edirdilər. Ancaq bu üstünlük dini xarakter daşısa da, əsl həqiqətdə zorakılıq və qəddarlıq sayılırdı. Fitri cəhətdən tək Allahlığa mayil olan insan, şeytani meyillər tərəfindən məğlub edilmiş, zülm isə insani ədalətin yerini tutmuşdu. Nə zalımı düz yola də’vət edən bir din, nə də zülm çəkənlərin harayına yetişən bir qüvvə var idi. Qeybdən kiminsə gəlib bu işləri görməsinin vaxtı artıq çoxdan yetişmişdi.

  657
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Bədr və Təbuk müharibələrində Peyğəmbər (səlləllahu əleyhi və alih) övlanı və ya ...
      Aşura günündə imam Hüseyn (əleyhis-salam)-ın səhabələri quyu qazmaqla su əldə edə ...
      İmam Əli (ə)- ın leylətul- məbit gecəsi (Peyğəmbərin yerində yatması) ölüm ...
      Qədir hədisini isbat edən hansı sənəd və mənbələr vardır?
      Həzrət İsa (əleyhis-salam)-ın adı Quranda neçə dəfə gəlmişdir?
      Həmd surəsində olan nemət verilmişlər, qəzəb olunanlar və yolunu azanlardan məqsəd ...
      Necə olur ki, həzrət Süleyman (ə) övladının vəfatından sonra mülk və hakimiyyət arzusu ...
      İnsanlarda təfavüt və ixtilafların fəlsəfəsi, o cümlədən çirkinlik və gözəlik, ...
      Quranın dəfi və ya tədrici nazil olmasından nə qədər keçir?
      Nə üçün İmam Həsən (ə) İmam Hüseyn (ə) kimi qiyam etmədi?

 
user comment