Tuesday 07th 2012
 
Axtarış


Şer
 
  Məsumlar
1389/5/14 10:41:40 ارسال به دوستان    چاپ کد مطلب : 19972
تعداد بازدید : 157

İmam Əli əleyhis-salamın bu barədə deyilmiş xütbələrindəndir.

101-ci xütbə

 

İmam Əli əleyhis-salamın bu barədə deyilmiş xütbələrindəndir. (Əvvəlki xütbədə olduğu kimi ağır hadisələrdən xəbər verir, başlanğıcda qiyamət gününün çətinliklərini xatırladır.)

Qiyamət günü elə bir gündür ki, Allah-təala həmin gün hesabları çürütmək və əməllərin cəzasını vermək üçün keçmişdəki və gələcəkdəki bütün yaradılmışları toplayar. Onlar xarlıq və təvazökarlıqla ayaq üstə dayandıqları halda və (izdihamın çoxluğundan və istiliyin şiddətindən) tər cilov kimi ağızlarının ətrafını bürüyər və yerin zəlzələsi onları titrədər. Onlardan ən yaxşısı və ən çox sevinəni (dünyadakı bəyənilən əməllərinə görə) addımını sabit saxlamağa bir yer hazırlamış və öz asayişi üçün (oradakı çətinliklərdən və həmin günün iztirablarından, narahatlığından qurtulmaq üçün) geniş bir yer əldə etmiş kimsədir.

 

Bu xütbənin
(
o böyük şəxsiyyətdən sonra baş verəcək
 
fitnə-fəsad, qan tökülməsi və çətinliklər barədə olan) bir hissəsidir

 

(Məndən sonra) Qaranlıq gecənin (xilas yolu olmayan) saatları kimi fitnələr baş verəcək, onun qarşısını almaq üçün kimsə qiyam etməyəcək. (Heç kimin bu fitnələrin alovunu söndürməyə və fitnəkarlarla döyüşməyə qüdrəti olmayacaq) və heç bir bayraq (qoşun) onları rədd etməyəcək (aradan götürüb fitnəkarları məğlub edə bilməyəcək). Bu fitnələr cilovlanmış, üzərinə palan qoyulmuş, sarbanın dartdığı, ona minmiş şəxsin çapdığı dəvə kimi sizə üz tutacaq (xülasə, sizi bədbəxt və çarəsiz etməyə hazır olacaq), fitnəkarlar elə bir dəstə olacaq ki, verdikləri əzab-əziyyət qarətlərindən daha çox olacaq (fitnə-fəsad salmaqda məqsədləri qənimət qazanmaq deyil, daha çox insanları məhv etməkdir. Nəhayət) Boyun əyməyənlərin onları zəlil və xar saydıqları, yer üzündə qədirləri və məqamları bilinməyən, səmalarda isə məşhur olan bir dəstə (xudpəsəndlərin həqarət gözü ilə baxdıqları, ilahi dərgahına yaxın və canından keçmiş Allahpərəst insanlar) Allah rizasına görə həmin fitnəkarlarla cihad edəcək. Bu fitnələrin baş verdiyi vaxt Allah-təalanın qəzəbi nəticəsində yaranan və izi, tozu, səs-sorağı olmayan (qəflətən peyda olan) qoşunun əlindən vay sənin halına, ey Bəsrə! (Onların gəlişi ilə) az sonra sakinlərin qırmızı ölümə (öldürülməyə) və toz-torpaq içində aclığa (çöhrələri bozardan və qaraldan qəhətçiliyə) düçar olarlar. 

 

102-ci xütbə

 

İmam Əli əleyhis-salamın (dünyanın vəfasızlığı barədə) xütbələrindəndir.

Dünyaya ondan üz döndərib uzaq duranların nəzərlərilə baxın (sum İmamların və ardıcıllarının yolundan nümunə götürün və dünyapərəstlərin ardınca getməyin). Çünki Allaha and olsun, dünya tezliklə sakinlərini özündən uzaqlaşdırar və nemət, dövlət, asayiş sahiblərini müsibətə, kədər və hüznə salar. Ötənlər və arxa çevirənlər (gənclik, sağlamlıq, güc və qüvvət) geri qayıtmaz. Sonra gələnlər isə (nemət və ya əzab, yaxşı və ya pis olacağı) məlum olmaz ki, onun (yaxşını əldə etmək) üçün gözləyəsən (çalışın ki, onun pislərindən uzaqlaşasınız). Onun sevinci kədərlə qarışıb (çünki onda şad olan sevdiyi şeylərin həmişəlik qalmayacağına görə kədərlidir) və insanlarının gücü, qüdrəti, gəncliyi zəifliyə, gücsüzlüyə və qocalığa gəlib çıxır. Dünyada xoşunuza gələn şeylərin (vəzifə, mal-dövlət, alicənablıq, qadın, zinət və bu kimi şeylərin) çoxluğu sizi aldatmasın, çünki dünyada əliniz çatan şeylərdən sizin nəsibiniz (qiyamət günündə onun hesabının əzabı və çətinliyi ilə müqayisədə çox) azdır.

Allah rəhmət etsin o kişiyə ki, (dünyanın işləri, öz əvvəli və axırı barədə) düşünür, (dünyanın müvəqqətiliyindən) ibrət götürür və gözləri açılır. (İnanır) ki, dünyada qalan tezliklə məhv olacaq. (Onda olanı yox kimi sanır.) Axirətdə mövcud olan isə sarsılmaz və əbədidir. (Onda olmayanı da olmuş sanır.) Hesaba gələnlərin (ömrün saatlarının) sonu çatar, gözlədiyiniz hər şey (ölüm və qiyamət) gələndir və bu gələcək də yaxındadır.

 

Bu xütbənin
(
bilikli və gözüaçığın nadan və azğından
üstünlüyü barədə) bir hissəsidir

 

Bilikli o kəsdir ki, öz qədrini bilir (Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edir). İnsanın cahilliyi, nadanlığı üçünsə özünü tanımaması kifayət edər (azğınlıq yoluna qədəm qoyar və şeytanın təhrikinə, nəfsi-əmmarəyə uyaraq xoşbəxtlik sərmayəsini bada verər). Allah yanında ən düşmən bəndələr o bəndələrdir ki, Allah-təala onları öz başlarına buraxıb (səadətə çatmaq xoşbəxtliyini onlardan alıb). Belə ki, (onlar din və dünya işlərində) doğru yoldan çıxaraq yol göstərənsiz hərəkət edər (nadanlığın ucsuz-bucaqsız çöllərində çaşqın və sərgərdan qalaraq nə edəcəyini bilməzlər). Dünyanın əkin və zəmisinə (dünyəvi xeyri olan işlərə) dəvət edildikdə iş görər, axirətin əkin və zəmisinə (xalqa xidmət və Xaliqə ibadətə) çağırıldıqda isə tənbəllik edərlər. Sanki (dünya işlərində) gördükləri onlar üçün vacibdir (hər bir işi, hətta haram olsa belə, görməyə elə hazırdırlar ki, sanki vacib bir işi yerinə yetirir və onu tərk etməyin əzabından qorxurlar) (axirət işlərində) təxirə saldıqları (məsuliyyət) isə boyunlarından düşmüş kimidir. (İlahinin əmr və qadağalarına elə göz yumurlar ki, elə bil bu barədə onlara göstəriş verilməmişdir.)

 

Bu xütbənin (fitnə-fəsadın qələbəsi və iman əhlindən qeyriləri üçün qurtuluşun olmaması barədə)
bir hissəsidir

 

Bir zaman gələcək ki, (məclislərdə) iştirak etdikdə heç kəsin tanımadığı və olmayanda da kimsənin axtarmaq fikrinə düşmədiyi adsız-sansız Allahpərəst mömindən başqa heç kəs ondan (zamanın fitnə-fəsadından) xilas olmayacaq. Belə insanlar (möminlər) qaranlıq gecədə hərəkət edənlər üçün yol göstərən çıraqlar və aydın nişanələrdir. Camaat arasında fitnə-fəsad və söz-söhbət yaymır, xalqın eyblərini və pisliklərini aşkar etmirlər. (Onlar) səfeh və boş söz danışan deyillər. Allah-təala rəhmət qapılarını onlar üçün açır və əzabının çətinliklərini onlardan kənar edir.

Ey camaat! Tezliklə elə zaman gələcək ki, qab çevrildikdə içindəkilər töküldüyü kimi İslam alt-üst olacaq.[1] Ey camaat! Allah sizləri zülm və sitəmdən amanda saxlayıb, imtahana çəkməkdən isə sizə pənah verməyib.[2] Bütün kəlam sahiblərindən daha əzəmətli və böyük olan Allah (Qurani-Kərimin Muminun surəsinin 30-cu ayəsində) buyurmuşdur: إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ «Şübhəsiz ki, (Nuhun tufanı və qövmünün qırılması) hadisəsində (başqalarına ibrət üçün) nişanələr vardır. Biz (bəndələrin yaxşısını pisini) imtahana çəkirik(Seyyid Rəzi buyurur)

 İmam Əli əleyhis-salamın كُلَّ مُؤْمِنٍ نُوَمَةٍ kəlamı şər və fəsadı az olan adsız-sansız şəxsdir. مَسَايِيحُ sözü مِسْياحِ sözünün cəmidir və fitnə-fəsad məqsədilə camaat arasına çıxıb, söz-söhbət yayanlar barədə işlənir. مَذَايِيعُ sözü مِذْياع başqasının eybini və pisliyini eşidib faş edənlərə və hər yerdə söyləyənlərə deyilir. بُذُرُ - بَذُور sözünün cəmidir, çox səfeh və sözləri boş, mənasız olan kəs barədə işlədilir.

 

103-cü xütbə

 

İmam Əli əleyhis-salamın Cəməl» döyüşünə gedərkən Bəsrə camaatının Təlhə və Zübeyrlə birgə Aişəni dəvəyə mindirərək onun ətrafında toplaşıb Əmirəl-mömininlə döyüşmək istədiyi vaxt buyurduğu) xütbələrindəndir. (Burada məqsəd o böyük şəxsin «Cəməl» səhabələrilə haqqı dirçəltmək və batili məhv etmək üçün döyüşdüyünü camaata çatdırmaq olmuşdur.)

Allaha həmd və şükrlər etdikdən, Xatəmün-nəbiyyinə salamdan sonra: (Agah olun!) Böyük Allah heç birisinin haqqın bir kitabını oxumadığı, peyğəmbərlik və vəhy iddiasında olmadığı halda (ki, o Həzrət barədə şəkkə düşərək ona iftira atsınlar) ərəblərin arasından Məhəmmədi (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. Beləlikə, (o, haqqı izhar və İslamı sübut etmək üçün) ardıcılları ilə birgə əleyhdarlarına qarşı döyüşüb onları nicat yerlərinə yönəltdi (haqq, səadət və xoşbəxtlik yoluna dəvət etdi). Ölüm kafir və azğınlıq vaxtlarında yaxalamasın deyə onları cəhalət və nadanlıqdan xilas etmək üçün (fitnə-fəsad və azğınlıq yükünün ağırlığından) aciz, əlacsız və çarəsiz (ağır yüklü) dəvə kimi sınana qədər çalışdı (ki, əbədi əzaba düçar olmasınlar). O Həzrət yalnız heç vaxt heç bir xeyir və yaxşılığı olmayan həlak olmuşdan başqa[3] onları mənzillərinə (səadət və xoşbəxtliyə) çatdırana, azğınlıqdan xilas və qurtuluş yolunu onlara göstərənə və onları öz yerlərinə yerləşdirənə qədər yollarının üstündə dayandı (hökmlərin təbliğində səhlənkarlıq etmədi, onları fitrətləri olan İslam dininə etiqada vadar etdi). Sonra dəyirmanları fırlanmağa başladı (həyatları, işləri nizamlandı) və nizələri düzəldi (güclənərək azğınların azğınlıqlarına, zalımların zülm və sitəmlərinə boyun əymədilər). Allaha and olsun, mən İslam qoşununun önündə idim və küfr qoşununu hamılıqla arxa çevirib (öz dinlərindən əl çəkib) toplaşıb ram olana (itaət edənə) qədər qovdum. (Heç vaxt) zəif və gücsüz olub qorxmadım, xəyanət və süstlük etmədim. And olsun Allaha, (indi bu döyüşdə də) haqqı böyründən çıxarmaq üçün batili yarıram.[4] (Seyyid Rəzi buyurur:).

Bu xütbə daha öncə (otuz üçüncü xütbədə) bəyan olunsa da hazırkı rəvayətin həcminin az çoxluğu baxımından fərqli olduğuna görə yenidən qələmə alınması lazım gəldi.

 

104 - cü xütbə

 

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin şəninə tərifdən sonra Bəni-Üməyyə dövlətinin süqutuna toxunduğu və daha sonra camaata öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

(Həqiqi günəşin doğmasından və aləmi fəth edən İslam günəşinin parlamasından öncə camaat azğınlıq və bədbəxtliyin son həddində idi ki,) Allah-təala (yaxşı və pis əməl sahiblərinə) şahid sübut olmaq, (yaxşı insanlara əməllərinin mükafatına görə) müjdə vermək, (günahkarları ilahi əzabdan) qorxutmaq üçün Məhəmmədi (səlləllahu əleyhi alih) peyğəmbərliyə seçdi. Uşaqlıqda kiçik yaşlarında yaradılmışların ən yaxşısı, ixtiyar çağında (qırx yaşında) onların ən səxavətlisi seçilmişi, təbiəti xilqəti bütün paklardan daha pak (Adəm əleyhis-salamdan Abdullaha qədər həmişə peyğəmbərlərin və onların vəsilərinin belində olmuşdur) bəxşişi rəhmət yağışını istəyənlərin təvəqqisində daha çox idi. (Ey Bəni-Üməyyə!) Dunyanı yalnız cövlan edən, çilov dar bağlanmamış palanla, tapdıqdan sonra onun xoşluğundan ləzzətinin şirinliyindən faydalandınız onun döşündən süd əmməyi bacardınız. (Onu öz başına buraxılmış, sarbansız dəvə kimi müftə əldə etdiniz. Bu ona görə belə oldu ki,) onun haramı (İmam əleyhis-salamdan əvvəlki xəlifələr və onların ardıcıllarının) ailələri üçün sidr ağacı tək tikansız idi, (asanlıqla onun meyvəsindən dadırdılar. Yəni, qadağan olunmuş işləri görürdülər və qiyamət gününün əzabından qorxuları yox idi). Onun halalı isə onlardan uzaqlaşıb yox olmuşdu (sözləri və əməlləri İslam dininin ziddinə idi). (Siz güman etməyin ki, dünya həmişə bu minvalla gedəcək və Bəni-Üməyyə dövləti olacaq.) Allaha and olsun, dünyanı müəyyən vaxta qədər uzanan kölgə tək ürəyiniz istəyən kimi tapmısınız. Yer üzü sizlər üçün boş sahibsizdir, orada əlləriniz açıqdır. (Həqiqi) rəhbərlərin əlləri sizdən (sizə hakimiyyətdən) saxladılıb. Sizin qılınclarınız onlara hakimdir, onların qılıncları isə üstünüzdən yığışdırılıb.[5]

(Ancaq) bilin ki, hər tökülən qanın intiqam alanı, hər bir haqqın tələb edəni var. Bizim qanlarımızı alan özü barədə hökm verən hakim kimidir (ki, dəlil və sübutsuz elminə əsasən özü barədə hökm verir). Bizim qanımızı və haqqımızı alan istədiyini (tutmaq istəsə) tutmaqda aciz olmayan, qaçan heç bir kimsənin çəngindən çıxa bilmədiyi Allahdır. Allaha and içirəm, ey Bəni-Üməyyə! Qısa bir vaxtda biləcəksiniz ki, hakimiyyətiniz və dünyadakı dövlətiniz (bir neçə günlük hakimiyyətinizdən sonra) qeyrilərinin əlinə düşəcək və düşməninizin (Bəni-Abbasın) sarayına köçəcək.

Agah olun! Gözlərin ən yaxşı görəni xeyrə və yaxşılığa nəzər salan (fitnə və fəsada nəzər salmayan) gözdür. Bilin ki, qulaqların ən yaxşı eşidəni öyüd-nəsihəti saxlayaraq qəbul edən qulaqdır.

Ey camaat! Nəsihət verənin çırağının şöləsindən qəbul edib (öz səadət və xoşbəxtlik yolunuzun) çırağını işıqlandırın.[6] Və suyu bulanmamış və çirklənməmiş təmiz çeşmədən çəkin (elm və maarifi məsum İmamlardan öyrənin).

Ey Allah bəndələri! Öz cəhalət və nadanlığınıza etimad etməyin, istəklərinizin dalınca düşməyin. Çünki belə bir mənzilə daxil olan kimsə çay sahilində selin altını boşaldaraq yardığı və uçmaq üzrə olan yerdə mənzil salan şəxs kimidir. (Cəhalət, nadanlıq və nəfsi istəklərinin dalınca düşən adam) həlakəti (onun ağır yükünü) öz belinə yükləyərək ağlına gələn fikrə görə bir yerdən başqa yerə dolandırar (hər zaman bir yol seçər, hər gün yeni fikir və düşüncələrə düşər). Yapışmayanı yapışdırmaq, yaxınlaşmayanı yaxınlaşdırmaq istər (onun fikir və düşüncələrinin əsasında nadanlıq və nəfs dayandığına görə ölüncəyə qədər azğınlıq vadisində heyran və sərgərdan qalar). Allahdan qorxun, qəm-kədərinizi dağıda bilməyənin, möhkəm dayandığınız işləri (yerinə yetirməyə borclu olduğunuz ilahi hökmləri) öz rəyinə əsasən sındıranın (fəsad törədənin) yanında şikayət etməyin (din və dünya işlərində elə bir insana müraciət etməlisiniz ki, İmam və ya İmamın canişini olsun). Allahın buyurduğunu dirçəltməkdən başqa bir şey İmamın öhdəsində deyil. (Bunlar beşdir) moizə (və Həzrət Peyğəmbərin buyuruqlarını) söyləmək, öyüd-nəsihət verməyə çalışmaq, sünnəni (Allahın Rəsulunun hökmlərinə uyğun rəftarı) dirçəltmək, layiq olduğu şəxslər barədə həddin tətbiqi və (beytülmaldan) payları yiyələrinə çatdırmaq. Odur ki, (İmam və canişininin vəzifələri ilə tanış olduğunuza görə haqdan başqa yola qədəm qoymayın və dinin kökündən, qollarından xəbəri olmayan şəxslərə hörmət əli uzatmayın) elm ağacı qurumamış (İmam və canişini dünyadan köçməmiş) və elmdən, bilikdən feyz almaqdan (hadisələrin və ruzigarın ağırlığı nəticəsində) məhrum qalaraq başınız özünüzə qarışmamış elm və bilik əxz etməyə çalışın. Qadağan edilmişləri (müqəddəs şəriətin haram etdiklərini) törədənləri bundan çəkindirin və özünüz də onları etməyin. Çünki siz özünüz bu işləri görmədikdən sonra pis əməldən çəkindirməyə məmur olunmusunuz.[7]

 

105 – ci xütbə

 

İmam Əli əleyhis-salamın (İslam dinini vəsf və Həzrət Peyğəmbəri mədh etdiyi, həmçinin öz səhabələrini Müaviyə və Şam qoşunu ilə döyüşdə səhlənkarlıqlarına görə məzəmmət etdiyi) xütbələrindəndir.

Həmd İslamı (onun həqiqətlərini bütün ağıllı insanlar üçün) aydın və aşkar edən, ona qədəm qoyan (müsəlman olan) üçün onun bulaqlarının yollarını asanlaşdıran,[8] heç kəsin (münafiq və kafirlərin) üstün və qalib gələ (aradan götürə) bilməməsi üçün onun sütun və dayaqlarını (kök və qollarını əqli və elmi dəlil kimi iki sütun üzərində quran) möhkəm və güclü edən Allaha məxsusdur. Özünü İslama bağlayan (onun göstərişinə uyğun rəftar edən) üçün dünyada qətl, qarət və oğurluqdan, axirətdə isə əzabdan əmin-aman (bir yer), ona qədəm qoyan (müsəlman olan və Allahın birliynə, Həzrət Peyğəmbərin Onun elçisi olduğuna şəhadət verən kafir) üçün sülh və barışıq (nişanəsi), onun vasitəsilə söz danışan üçün dəlil və sübut (çünki İslamda hər bir işin həqiqiliyinə dair dəlil-sübut var), onun danışanı ilə düşmənçilik edən üçün şahid və sübut, ondan aydınlıq istəyən (doğru yola qədəm qoyaraq azğınlığın zülmətindən xilas olmaq istəyən) üçün nur və (yol göstərən) işıq, düşünən üçün (varlığın həqiqətlərini dərk etməyə) fəhm, (yaradılmışlar barədə) təfəkkür edən üçün ağıl, fərasətlə haqq yolunu axtaran üçün nişanə (nicat), (səhv iş görməmək barədə) qərar qəbul edən üçün bəsirət, öyüd alan üçün ibrət, (onun doğruluğunu) təsdiq və etiraf edən üçün (əzabdan) nicat qapıları və təvəkkül, (Allaha) etimad edən üçün əminlik, (işini Allaha) həvalə edən üçün asayiş və (çətinliklərdə) dözümlü olan üçün sipər etdi. Deməli, İslam yolların ən işıqlısı və dinlərin ən aydınıdır. Onun minarəsi (doğruluq və düzlüyü) yüksəkdə (aşkarda), yolları parlaq (görünən), çıraqları (Həzrət Peyğəmbər və o Həzrətin vəsiləri nadanların qəlblərinin zülmətinə) işıq saçandır, yarış meydanında öndədir və sonu (Allah dərgahına yaxın olmaqda) ucalıqdır. Yarış atlarını (süvariləri Allah dərgahına yaxınlaşmaq üçün bir-birindən önə keçsinlər deyə) bir yerə yığandır. Onun yarışı üçün təyin olunmuş mükafat o qədər nəfis və gözəldir ki, hamıda ona rəğbət vardır. Onun at çapanları şərafətli və alicənab, yolu (Allahın və Peyğəmbəri) təsdiq, nişanəsi saleh əməllər, sonu (məsuliyyətin boyundan düşdüyü an olan) ölüm və hazırlıq meydanı dünya, cıdır düzü qiyamət, mükafatı isə cənnətdir.

 


Bu xütbənin bir hissəsi Peyğəmbərin
(
səlləllahu əleyhi və alih) vəsfidir

 

(Həzrət Peyğəmbər ilahi hökmlərin təbliğinə çox səy göstərərək) hidayət və nicat atəşinin şölələrini alovlandırdı ki, iqtibas götürən ondan faydalansın və (hidayət) nişanəsini (elm və maarif dağının zirvəsində) işıqlandırdı ki, (karvandan uzaq düşən), yolda qalıb sərgərdan olan yol tapsın (əbədi xoşbəxtlik qazansın). (İlahi,) o Həzrət (peyğəmbərliyin təbliğində) Sənin doğru əməl sahibi və əmanətdarın, qiyamət günündə (bəndələrin halətlərinə) şahidin, Sənin tərəfindən (yaradılmışlar üçün) seçilmiş nemət və bəxşiş, (camaat üçün) rəhmət və mehribanlıq olan haqqa, doğruluğa göndərdiyin elçindir. İlahi, Öz ədalətinlə onun qismət və bəhrəsini (yaxınlıq və məqamının ən yüksək həddini) nəsib et, ona Öz fəzl və kəramətinlə böyük mükafat və saysız-hesabsız nemətlər əta et. İlahi, onun binasını əvvəlki qurucuların binasından (onun dinini sələfləri olan peyğəmbərlərin dinindən) uca (zahir və qalib) et, onun nemət süfrəsini (risalətin təbliğində zəhmət və əziyyətlərinin mükafatını) Öz yanında əziz et. Məqam və mənzilini dərgahında yüksəlt və onu böyüklüyün ən yüksək həddinə çatdır, (bütün yaradılmışların müqabilində) üstünlük əta elə! Bizi onun ümməti və dostları (möminlər və pərhizkarlarla) məhşur et ki, (günah və itaətsizlikdən) xəcalətli, (pis əməllərdən) peşman, (doğru yoldan) azmış, əhdini pozan, yoldan azdıran və (bəla, çətinliklə) sınanmışlardan olmayaq. (Seyyid Rəzi buyurur:)

Xütbənin bu fəsli daha öncə (yetmiş birinci xütbədə) bəyan olunsa da iki rəvayətdə fərq olduğuna görə burada bir daha təkrar vermişik.

 

Bu, xütbənin öz səhabələrinə buyurduğu
(
onları Müaviyə və Şam qoşunu ilə döyüşmədiklərinə görə danladığı) hissəsidir

 

(Siz kafir, bütpərəst və qədir-qiymətsiz olduqdan sonra) Allahın kəramət və nəvazişi nəticəsində məqam, rütbə və böyüklük tapdınız. (Heç bir əhəmiyyəti olmayan) kənizləriniz əzizlənir, qonşularınız (sizinlə müqavilə bağlayan kafirlər) həmin ilahi kəramətdən bəhrələnir, (buna görə də canları, mal və namusları hər bir təhlükədən qorunur), onların müqabilində heç bir fəzilətə və (əsl-nəcabətcə) məziyyətə sahib olmadığınız halda və heç bir yaxşılıq etmədiyiniz kəslər sizlərə təzim edərək baş əyirlər. Sizin qələbə və hakimiyyətinizdən qorxusu olmayanlar, səltənət və hakimiyyətinizin çatmadığı kimsələr sizdən qorxurlar.[9] İlahi peymanların pozulduğunu görüb qəzəblənmirsiniz,[10] ancaq (ilahi əhd-peymanların müqabilində heç bir əhəmiyyəti olmayan) atalarınızın peymanlarının pozulmasına razı deyilsiniz və bunu biabırçılıq sayırsınız. (Siz o şəxslərsiniz ki,) İlahi hökmlər sizə gəlirdi (sizdən soruşurdular), sizdən keçirdi (siz cavab verirdiniz) və sizə qayıdırdı (şikayət çəkişmələri barədə hökm verirdiz). Öz məqam və rütbənizi zülmkarlara (Müaviyə və ardıcıllarına) verərək işlərinizin cilovunu onların əlinə tapşırmısınız. Onlar (şəriət məsələlərində) şübhələrə və batil inanclara əməl etdikləri, şəhvət və nəfsi istəklərinin ardınca düşdükləri halda ilahi hökmlərdə onlara təslim olaraq itaət etdiniz. (Lakin bilin ki, bu hakimiyyət və qüdrət onlara qalmayacaq.) Allaha and olsun, sizləri hər bir ulduzun altına səpsələr də (şəhərlərə dağıtsalar da) Allah-təala sizi onların ən pis günü üçün bir yerə yığar (ki, onlardan necə intiqam alındığını görəsiniz).

106-cı xütbə

 

İmam Əli əleyhis-salamın Siffeyn döyüşünün günlərinin birində (öz səhabələrini Şam qoşununa məğlub olub qaçmalarından, qayıtmalarından və fəthlərindən sonra danladığı) buyurduğu kəlamlarındandır.

(Döyüş meydanından) qaçmağınızı və düşmənə arxa çevirmənizi sıralarınızdan gördüm. Pis xasiyyətli, alçaq zülmkarlar və səhrada yaşayan ərəblər olan Şam əhli sizi qovdular. Halbuki siz ərəblərin igid və cömərdlərindənsiniz, burun (digər bədən üzvlərinə nisbətən) öndə olduğu kimi şərafətli, dəvənin hürgücləri kimi hündür və onlardan daha böyüksünüz. (Belə olan halda, məğlubiyyət və qaçmaq sizə yaraşan deyildi.) İşin sonunda sizi qovmuş olduqları kimi onları qovduğunuzu, sizi uzaqlaşdırdıqları kimi səngərlərindən uzaq saldığınızı, qılınclarla öldürüb köklərini kəsdiyinizi və biçarə etdiyinizi gördükdə sinəmin dərdləri şəfa tapdı. (Qəm və kədərim yox oldu. Qaçmaqlarının nəticəsində) hovuz və axurlarından məhrum edilərək uzaqlaşdırılmış, qovulan təşnə dəvələr kimi birinciləri sonuncularına minənədək (bir-birinin üstünə düşənədək) onlara nizə vururdunuz.

 

107-ci xütbə

 

İmam Əli əleyhis-salamın baş verəcək fitnə-fəsad, tökülən qanlar barədə buyurduğu xütbələrindəndir. (Allah-təalaya şükr, Həzrət Peyğəmbəri mədh etmiş, öz kamal və kəramətindən bəzilərinə toxunmuşdur.)

Həmd (Rəbb olduğunun dəlili sayılan) Öz xəlq etdikləri və yaratdıqları səbəbindən məxluqlara aşkar olan, Öz dəlil və sübutları (qüdrətinin nümunələri) ilə onların qəlblərində zahir olub görünən Allaha məxsusdur. Yaratdıqlarını fikir və düşüncə işlətmədən yaratdı. Çünki düşüncələr batinləri (daxili idrak qüvvəsi) olanlardan qeyrisinə məxsus deyil və Allah-təala Öz-özlüyündə batinə malik deyil. (Belə ki, bir şeyi dərk etmək üçün idrak qüvvəsinə ehtiyacı olan, əlbəttə, mümkünlər qismindəndir və vacibul-vücud mümkünlərdən ola bilməz.) Onun elmi görünməzlərin batininə və əslinə nüfuz edər. (Onun üçün maneə, hicab yoxdur) və ən xırda düşüncə və (heç kəsin bilə bilməyəcəyi ürək) sirləri əhatə edir.



[1] İslam addan, Quran dərsdən və iman adətdən başqa bir şey olmayacaq. Allah-təala belə zamanda bəndələrini imtahan edəcək.

[2] Deməli, fitnə-fəsada giriftar olsanız, sizə zülm etməyib, həqiqi möminlə zahiri möminin və bəlalara səbr edənlərlə digərlərinin bir-birindən seçilməsi üçün sizləri imtahana çəkmək istəyir.

[3] Fitrətinin pisliyindən nicat qabiliyyəti olmayan və heç vəchlə doğru yola gəlməyən Əbu-Cəhl kimiləri nəzərdə tutulur.

[4] Fitnəkarların fitnə-fəsaddan əl çəkmələri və haqqın aşkar olması üçün onlarla döyüşərəm, öldürməkdən və öldürülməkdən qorxum yoxdur.

[5] Xülasə, sizin zəmanə hakimliyiniz belə olacaq ki, Allah dostlarını və Allahın Rəsulunun sevimli övladını öldürəcəksiniz.

[6] Əməlləri sözlərinin əksi olan münafiq və ikiüzlüdən deyil, söylədiklərinə uyğun rəftar edəndən öyüd alın.

[7] Çünki sözü ilə əməli bir-birinə uyğun gələnin yaxşı işlərə dəvəti, pis işlərdən çəkindirməsi sözü əməlinin əksinə olandan daha çox təsir göstərir.

[8] Peyğəmbər və məsum İmamların elm və maarif mənbəyindən bəhrələnmək istəsə, onun üçün heç bir maneə yoxdur.

[9] Deməli, yer üzünün əksər ölkələrinin padşah və böyüklərinin qorxusu sizin qüdrət və qılıncınıza görə deyil, İslam dövlətinin əzəmətinə görədir. İndi sizin belə nemətlərə naşükürlük etməyinizin səbəbi nədir?

[10] Şam əhli ilahi hökmlərin ziddinə hərəkət edir, Müaviyə itaəti vacib olan İmama düşmən kəsilir və onun əmri ilə müsəlmanların və İslamın pənahında olan əhd-peyman bağlanmış şəxslərin malları qarət edilir. Siz onların qarşısını ala biləcək qədər güclü olsanız da sakit əyləşmisiniz.

commentUser
Ad və familiyanız
Elektronik postunuz
comment *
 relateArticle 
 moreVisitFromCategoryOf " Məsumlar "  
Copyright © 2004-2011 ERFAN.IR